27 dekabr 2019-cu ildə Şirvan şəhərində istifadəyə verilən məcburi köçkünlər üçün yeni yaşayış kompleksində çökmə baş verib.
Bizimyol.info xəbər verir ki, yaşayış binalarının, Mənzil Kommunal Təsərrüfat Birliyinin inzibati binasının və mədəniyyət klubunun ətrafında asfalt və beton örtüyü çöküb.
Bu problemə səbəb kimi tikinti normalarına əməl olunmaması iddia edilir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentindən bildirilib ki, Şirvan şəhərində 2019-cu ildə istifadəyə verilmiş, 606 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yeni yaşayış məhəlləsində asfalt-beton örtüyünün bəzi hissələrində çökmənin yaranması son vaxtlar yağıntıların normadan artıq düşməsi ilə əlaqədardır.
“Bu hadisə nəticəsində yaşayış binalarına və inzibati tikililərə heç bir ziyan dəyməyib. Məhəllədə inşaat işlərini icra edən podratçı təşkilata hadisə barədə məlumat verilib. Qısa müddətdə ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur”,-deyə Dövlət Komitəsindən bildirilib.