Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kasıb ölkədə yeni inzibati binalara niyə milyonlar xərclənir...
Mərkəzi Bankın yeni inzibati binası

Son günlər sosial mediada əsas müzakirə mövzularından biri Mərkəzi Bank üçün təxminən 450 milyon manatlıq (218 milyon avro) yeni inzibati binanın tikintisi oldu. Sosial şəbəkələrdə bu addım böyük narazılıq yaratdı, israfçılıq kimi qiymətləndirildi.

Bizimyol.infonun kiçik araşdırması göstərdi ki, digər dövlət orqanları da bu məsələdə Mərkəzi Bankdan geri qalmır. SOCAR-ın, “Azərsu”nun, Dövlət Gömrük Komitəsinin inzibati binaları da kifayət qədər baha başa gəlib.

Mərkəzi Bankın layihəsini həyata keçirmək üçün Türkiyənin “Tekfen İnşaat” şirkəti ilə müqavilə imzalanıb. “Tekfen Holdinq”in keçən ilin fevralında keçirilən tenderdə qalib olduğu bildirilir. Şirkətin 50 faizi SOCAR-a məxsusdur. Elə bu amil Mərkəzi Bankın yeni inzibati binasının niyə belə baha başa gəldiyini izah edir. Çünki dövlət neft şirkəti “SOCAR Tower” üçün 704 milyon manatından keçmişdi.

Bir müddət əvvəl “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında açıq səhmdar cəmiyyətinin zərərlə işlədiyini bildirmişdi. Halbuki qurumun bir damla suyu ifadə edən yeni inzibati binasının dəyəri 120 milyon dolları aşırdı. Özü də pul dövlət büdcəsindən ayrılmışdı.

Yuxarıda adı çəkilən qurumlara baxanda Dövlət Gömrük Komitəsi şükürlüdür. Çünki komitənin 17 mərtəbəli yeni binası 30 milyon manata başa gələcək. Hərçənd, bu da aşağı məbləğ deyil. Yaşayış minimumunun 196 manat olduğu ölkədə həmin rəqəm fantastik görünməyə bilməz.

Niyə dövlət qurumlarının yeni ofis binalarına bu qədər böyük pullar xərclənir? Məqsəd nədir? Dövlət Gömrük Komitəsinin büdcə köçürmələri 4 milyard manata güclə çatır. “Azərsu” illərdir zərərlə işləyir, digər tərəfdən də yeni ofis binası inşa olunur. Məntiqi anlamaq olmur.

Sosial şəbəkə istifadəçiləri haqlı olaraq narazılıq ifadə edirlər. Ölkədə nə qədər problemli sahələr, həllini gözləyən məsələlər var. Neçə qazi sosial şəbəkələrdə hansı çətinliklərlə üzləşdiyini yazır, böyük qayğılarından danışır. Belə məqamda Mərkəzi Bankın yeni inzibati binasına yüzmilyonlar xərcləyib insanları qıcıqlandırmağın nə anlamı var?

Başını qaldırıb başqa ölkələrə nəzər yetirmək kifayətdir ki, nə dərəcədə yanlış yol seçildiyi anlaşılsın. Deyəsən, bizim dövlət qurumlarında elə bilirlər, Qərb ölkələrinin belə israfçılıq etməyə pulu yoxdur.

Dünyanın ən qədim mərkəzi bankı sayılan İsveç Milli Bankının binası hər cür dəbdəbədən uzaqdır. “Sveriges Riksbank”ın ofis binası 1668-ci ildən sadəliyini qoruyur. İsveçdə bir dəfə də olsun mərkəzi bank üçün göydələn ucaltmağı müzakirə etməyiblər. “Sveriges Riksbank” 1968-ci ildən İqtisadiyyat üzrə Nobel mükafatının maliyyələşdirilməsini üzərinə götürüb. Yəni bizimkilərin məntiqi ilə İsveç Milli Bankı dəyəri yüzmilyonları aşan yeni inzibati binanı çoxdan haqq etmişdi.

Fevralın 9-da sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələ 2013-cü ildə metronun “Gənclik” stansiyasının yanında tikilmiş tunel-yol qovşağının 512 milyon dollara başa gəlməsi oldu. Layihəni həyata keçirmiş “İtalian Design” holdinqinin rəhbəri Franko Ritsato bu haqda yazıb, hamını heyrətə salıb. Daha deməyə, yazmağa söz də qalmayıb. Bu ölkədə nə qədər insan gündəlik qida ehtiyacını düz-əməlli ödəyə bilmir. İşsiz vətəndaş 190 manat yardımı almaq istəyəndə yüz cür bəhanə eşidir. Amma milyonlar havaya sovrulur. Görün indi 512 milyon dolların nəyə xərclənməsindən xəbər tutan həmin vətəndaş necə sarsılır. Hətta insafsızlığın da sərhədləri olmalıdır.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »