Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya Qarabağda özünü Abxaziya və Osetiyada olduğu kimi apara bilməz”
Tomas de Vaal

Qarabağla bağlı bütün məsələlərə tam aydınlıq gəlməyib. Azərbaycanlıları nigaran salan nüanslar var. Qarabağ haqda kitab yazmış Tomas de Vaal hesab edir ki, sülhməramlı missiyanı üzərinə götürmüş Rusiya üçtərəfli razılaşmanı möhkəmləndirməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Azadlıq Radiosunun Ermənistan bürosuna danışan Tomas de Vaal hadisələrə özünəməxsus münasibət bildirib. İngilis ekspertin fikrincə, Rusiya bölgədə yerini möhkəmləndirsə də, Azərbaycanla hesablaşmağı da unutmur: “Rusiya özünü Abxaziya və Cənubi Osetiyada olduğu kimi apara bilməz”.

Tomas de Vaal hadisələrin gedişində həm Azərbaycanı, həm də Ermənistanı narazı salan məqamların olduğunu bildirib: “Rusiya bu sülh müqaviləsinin işlək mexanizmə çevrilməsini istəyir. Amma hələ də həll olunmamış məsələlər qalır. Məsələn, Ermənistan əsirlərin taleyindən narahatdır. Düşünürəm ki, Azərbaycan Rusiya sülhməramlı missiyasının dəqiq mandatının olmamasından, Rusiyanın birtərəfli qaydada çox iş görməsindən bir qədər narazıdır”.

Tomas de Vaal deyib ki, Rusiya ümumi balans yaratmağa çalışır. Britaniyalı jurnalistin fikrincə, şimal ölkəsi mütləq sülhün tərəfdarı deyil, çünki bu halda 5 il tamam olan kimi bölgəni tərk etmək lazım gələcək.

“Digər tərəfdən Rusiyanın situasiyanı sabitləşdirməyə ehtiyacı var. Çox mürəkkəb oyundur. Məncə, Rusiyada bu siyasətlə bağlı müxtəlif fikirlər var. Əlbəttə, Rusiya məsuliyyəti Minsk qrupu çərçivəsində Fransa və ABŞ-la bölməyə çalışacaq. Bakı və İrəvan bu münaqişədə Rusiyanın inhisarının olmasını istəmir. Rusiya çox ağıllı davranmalıdır. Çünki həm Ermənistanın, həm də Azərbaycanın xətrinə dəyə bilər”.

Qafqaz üzrə ekspert diqqəti görüşlərin birbaşa Rusiyanın vasitəçiliyi ilə keçirilməsinə, Fransa və ABŞ-ın kənarda qalmasına yönəldib. Britaniyalı jurnalist ABŞ-dakı yeni hakimiyyətin Qarabağla bağlı müəyyən siyasəti olduğunu bildirir.

“ABŞ münaqişənin tənzimlənməsi müstəvisindən çox uzaqda qalıb. Rusiya Qarabağda yer alıb. Azərbaycan münaqişənin başa çatdığını düşünür. Buna görə də Bakı Qarabağın statusunu müzakirə etməyə tələsmir. İndi Ermənistan və Azərbaycan arasında qarşılıqlı iqtisadi bağlar qurmağın vaxtıdır. Bu işdə ABŞ və Avropa İttifaqı kömək edə bilər. Amma onlar da bir xeyli mərhələ keçməlidir”.

Tomas de Vaal bildirir ki, Ankara Ermənistan qüvvələrinin 7 rayondan çıxarılmasından sonra İrəvanla münasibətlərin normallaşdırılmasında əngəl görmür. Britaniyalı jurnalist düşünür ki, ölkələr arasında əsas problem məhz bu amil idi: “Amma indi münasibətlər həm də ona görə pisdir ki, Türkiyə Azərbaycana kömək edib. Rəcəb Tayyib Ərdoğan Bakı paradında iştirak edib, Ənvər paşanı xatırlayıb. Məncə, sərhədlərin açılması, ticarət əlaqələrinin bərpası istiqamətində müəyyən hərəkətlilik müşahidə edəcəyik. Amma nə qədər ki, hakimiyyətdə Ərdoğandır, ermənilər tələsməməyə çalışacaq. Bizi uzun proses gözləyir”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »