Qarabağda aktiv əməliyyatlar müddətində həm Türkiyə, həm də İsrail Azərbaycanın yanında idi.
Amma bu ölkələr heç də həmişə yaxşı yola getmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında Yaxın Şərq ölkəsini az tənqid etmir. Amma son vaxtlar müəyyən yumşalma siyasəti nəzərə çarpır.
Bizimyol.info xəbər verir ki, “The Jerusalem Post” Türkiyə-İsrail münasibətləri haqda yazı hazırlayıb. Məqalədə Ankaranın həm Təl-Əvivlə, həm də Brüssellə yaxınlaşmaq meylinin hiss olunduğu qeyd edilib. Yəni Türkiyə Avropa Birliyi ilə də münasibətləri yoluna qoymaq istəyir.
“The Jerusalem Post” yazır ki, Ərdoğan ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsinə həssas yanaşır. Türkiyə prezidenti İsrailə münasibətdə Amerika ilə müttəfiqlik amilini nəzərə alır. “The Jerusalrm Post” Ankaranın Donald Tramp dövründə ciddi hərbi uğurlar qazandığını qabardıb. Suriyada, İraqda, Qarabağda, Qətərdə Türkiyənin real gücü özünü büruzə verdi. Üstəlik, Aralıq dənizində Yunanıstanla qarşıdurmalar Türkiyənin necə böyük qüvvəyə çevrildiyini göstərdi.
“The Jerusalem Post” hesab edir ki, Ərdoğan son illər Vaşinqtonla çox da hesablaşmayıb. Çünki xüsusilə Tramp hakimiyyəti dövründə ABŞ Türkiyəyə qarşı aqressiv davranmayıb. Ankara Kremllə bir çox müstəvilərdə əməkdaşlığa imza qoyub. Amma yenə də ABŞ-la kəllə-kəlləyə gəlmək lazım olmayıb. Bayden isə başqa cür başlayıb. Amerikanın yeni prezidenti Ərdoğanı açıq mətnlə tənqid edir. Onun təkcə Rusiya prezidenti Vladimir Putinlə bağlı fikirləri konkret mövqe formalaşdırmaq üçün vacib materialdır.
Bayden “The New York Times” qəzetinə son müsahibəsində Türkiyə haqda da danışmışdı. O, Ankaranın kürdlərlə münasibətlərindən və Rusiya ilə yaxınlaşmasından narahatlıq ifadə etmişdi. Türkiyəni təkcə ABŞ-ın rəhbər şəxsi tənqid atəşinə tutmur. Baydenə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və baş katib Entoni Blinken də qoşulub.
Qısası, “The Jerusalem Post” Ankaranın yeni davranış formasında məhz Bayden izləri axtarır. İsrail qəzeti Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla münasibətləri normallaşdırmasını da bu amilə bağlayır. Halbuki münasibətləri yaxşılaşdırmaq cəhdi Ərdoğandan yox, Makrondan gəlib. Məhz Fransa prezidenti Ərdoğana məktub yazaraq dialoqu bərpa etmək təklifi vermişdi.
Ayrıca olaraq qeyd edək ki, İsrail hər sahədə Azərbaycana qarşı etibarlı dost kimi davransa da, bu ölkənin populyar “The Jerusalem Post” qəzeti aktiv əməliyyatlar dövründə Azərbaycana qarşı qərəzli yazılarla çıxış edirdi. Qərəzin səbəbi isə Azərbaycanın Türkiyəyə arxalanması idi.