Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aleksandr Samarski: “Heç kim, heç vaxt Qarabağı tanımayacaq, belə məsələ artıq mövcud deyil”
Aleksandr Samarski: “Heç kim, heç vaxt Qarabağı tanımayacaq, belə məsələ artıq mövcud deyil”

Məşhur ukraynalı diplomat, Rusiya Araşdırmaları Mərkəzinin (Kiyev) sədr müavini Aleksandr Samarski apostrophe.ua saytında Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin nəticələrinə həsr olunmuş bir sıra məqalələr yayımlayıb. A.Samarski bu mövzuya yaxşı bələddir: o, Ukraynanın İrandakı keçmiş səfiridir (2010-2014), regionu yaxşı tanıyır, Ukraynanın ATƏT-in Dağlıq Qarabağ Missiyasındakı nümayəndəsi idi (1997-1998, 2004-2006) .

Media.az Aleksandr Samarski ilə əlaqə saxlayaraq, bir sıra suallara cavab alıb.

- Qarabağdakı müharibə bitdi, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən iki bəyanat imzalandı. Günlərin birində isə hakim “Mənim addımım” blokundan olan erməni deputat, parlament komissiyasının xarici əlaqələr üzrə daimi sədri Ruben Rubinyan Ermənistanın “Qarabağın təhlükəsizliyinin qarantı” olaraq qalmağa davam etdiyini bildirdi. Necə düşünürsünüz, nə baş verir? Ermənistan Qarabağın təhlükəsizliyinin necə qarantı ola bilər ki, bura Azərbaycanın azad edilmiş ərazisidir?

- Nəzərə almaq lazımdır ki, hər hansı bir deputatın baxışı dövlətin rəsmi mövqeyini əks etdirmir. Bu xadimlər istədiklərini söyləyə bilər. Azərbaycan rəhbərliyinin də diqqət yetirdiyi vacib bir məsələ var: Bu, Qarabağdakı etnik erməni azlığının hüquqlarıdır.

Prezident İlham Əliyevin bir növ mədəni muxtariyyət imkanından danışması təsadüfi deyildi. Azərbaycan, Rusiya və Ermənistan beynəlxalq öhdəliklərə uyğun olaraq milli azlıqların öz mədəniyyətlərini inkişaf etdirməsinə imkan verməlidirlər.

Ancaq ümumiyyətlə bu bəyanat daxili auditoriyada gərginliyi azaltmağa hesablanıb, çünki müharibədə məğlubiyyət sabitliyi pozan güclü amildir. Deməli, erməni millət vəkilinin sözlərinin xüsusi xarici siyasət məzmunu ola bilməz, çünki Ermənistan uduzan tərəfdir. İrəvanın “güc zəmanəti” vermək üçün heç bir mənbəyi, potensialı yoxdur. Bəli, mədəni həyatı qorumaq mümkündür. Ancaq bununla kifayətlənməlidir.

- Erməni deputatlarının açıqlamaları ilə bağlı mövzuya davam edək. “Maariflənmiş Ermənistan” müxalif fraksiyasının lideri Edmon Marukyan “Azadlıq Radiosu”na verdiyi müsahibədə Qarabağın “müstəqilliyinin tanınması” ilə bağlı sualı cavablandırıb. Marukyan fikirlərini ehtiyatla ifadə edib, “bu anda bir çox problemin olduğuna” diqqət çəkib. Bu problemlərdən biri - mövcud olmayan bir quruluş hansı “sərhədlər”də tanınmalıdır? Əlbəttə ki, “kövrək bir sülhə və sülhməramlı qüvvələrin mandatına” ola biləcək zərbə onu narahat edir. Ermənistandakı qüvvələr Qarabağın “tanınması” barədə danışarkən nələrə ümid bəsləyirlər?

- Heç nəyə ümid bəsləmirlər. Bu, daxili siyasi çəkişmə və Ermənistandakı vəziyyətin laxlamasıdır. Hakimiyyət uğrunda mübarizə gedir, bu müddət ərzində istənilən şüarlardan istifadə etmək olar. Bolşeviklər belə etdi: “Kəndlilər üçün torpaq”, “İşçilər üçün fabriklər” və s. Beynəlxalq həqiqətlər var, Ermənistan Qarabağı tanıyır, ya da tanımır, bu, heç nəyi dəyişmir.

Yeri gəlmişkən, postsovet məkanında yalançı dövlətlərin qismən “tanınması” faktlarını gördük. Abxaziya, Cənubi Osetiyanı nəzərdə tuturam. Bu nə verdi? İnsanlar bu ərazilərdə daha yaxşı yaşamağa başladılar? Yox. Əlavə olaraq, mən məqalələrimin birində bunu da qeyd etmişdim, Qarabağdakı vəziyyət Abxaziya və Cənubi Osetiyadan çox fərqlidir. Qarabağın ərazisi anklavdır. Nə Rusiya ilə, indi hətta Ermənistanla ortaq sərhədi yoxdur.

Heç kim, heç vaxt Qarabağı tanımayacaq, bu göz qabağındadır. Belə bir məsələ sadəcə artıq mövcud deyil. Ancaq Azərbaycanın narahat edəcəyi məsələ Qarabağda Rusiya pasportlarının yayıla biləcəyidir ki, bir müddət sonra məlum olacaq ki, orada erməni mənşəli Rusiya vətəndaşlarının yaşayır. Yeri gəlmişkən, bu pasportların verilməsi Ermənistanın özü üçün də təhlükədir, lakin bu artıq başqa bir söhbətin mövzudur.

- Erməni millətindən olan Qarabağ sakinlərinə Rusiya pasportu veriləcəyi barədə şayiələr Ermənistan tərəfindən çoxdan yayılıb. Ancaq Moskvada bu planların mövcudluğu, o cümlədən “Dağlıq Qarabağı RF-nin tərkibinə qatmaq kimi ekzotik təkliflər” inkar olunur, bu RF XİN rəhbəri Serqey Lavrovun ifadəsidir. O deyib ki, Moskva bu fikrin heç astanasından keçmir.

- Bilirsiniz, Ukrayna ilə Rusiya arasında sərhədlərin tanınmasına dair böyük bir siyasi müqavilə imzalanmışdı. Nə olsun? Vətəndaşlığa geri dönsək, Donbasda Rusiya pasportlarının paylanmasını gördük. Buna görə hər halda ən yaxşısına ümid bəsləmək, lakin hər cür varianta hazır olmaq lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »