Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın yeni hakimiyyəti Volodyanın yerinə Alyoşanı gətirəcəkmi...
Aleksey Navalnı, Vladimir Putin

Rusiya azarkeşləri adətən, bu ölkənin imkanlarından danışanda ağızları köpüklənir. O qədər həvəslə şişirdirlər ki, sanki bütün dünya Kremlin ətrafında fırlanır.

Bəli, Rusiya nüvə dövlətidir. Amma bu, yetərlidirmi? Pakistan və ya İsrail də nüvə dövləti deyilmi? Nədən dünya Pakistanın və ya başqa bir nüvə sahibi olan Hindistanın ətrafında fırlanmır?

Artıq neçə illərdir açıq şəkildə görünür ki, ABŞ Putinin hakimiyyətdə qalmasında maraqlıdır. Prinsipcə, Rusiyanın hərbi gücü ABŞ üçün ciddi təhlükə deyil. ABŞ üçün Rusiya iqtisadi gücü ilə təhlükəyə çevrilə bilərdi. Şimal ölkəsi nəhəng resurslara sahibdir, amma Putin hakimiyyəti bu ölkənin iqtisadiyyatını ölümcül hala salıb.

Bəzən Rusiya azarkeşləri vəziyyəti belə təqdim edirlər ki, guya ABŞ Putini çıxarıb yerinə Aleksey Navalnını gətirmək istəyir, amma Putinə gücü çatmır. Reallıqda isə ABŞ-ın bu imkanı olsaydı belə, bunu etməzdi. Navalnı Putinlə müqayisədə daha millətçi birisidir. Onun üçün dünyada öz millətindən başqası yoxdur. Navalnı ölkənin imperiya iddialarının üstündən xətt çəkən deyil, əvəzində Rusiyanın iqtisadi cəhətdən inkişafına yol aça bilər... və o halda Rusiya ABŞ üçün təhlükəyə çevrilə bilər.

ABŞ-ın "New York Times" qəzetində gedən bir məqalə də bu barədə idi. Yazıda açıq şəkildə deyilir ki, Rusiya və Putin bizim üçün əhəmiyyətini itirib. İndi bizim üçün qlobal təhlükə mənbəyi Çindir. Səbəbi isə bəllidir: Çin artıq dünyanın ikinci ən böyük iqtisadiyyatıdır.

Çin hara, Rusiya hara...

Rusiyanın ABŞ üçün nə dərəcədə təhlükəsiz olduğunu başa düşmək üçün dünyanın ən böyük iqtisadiyyatlarının reytinqinə baxmaq bəs edir.

Hazırda ÜDM istehsalı baxımından ABŞ 1-ci yerdədir. İllik 21 trilyon dollarlıq ÜDM istehsalı qlobal iqtisadiyyatın təxminən 20 faizi deməkdir.

İkinci sırada Çin gəlir. illik 10 trilyon dollara yaxın ÜDM istehsal edən Çin dayanmadan inkişaf edir və bəzi proqnozlara görə qarşıdakı 10 il ərzində Çin ABŞ-ı da arxada qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevriləcək.

İndi isə reytinqdə yer alan digər ölkələrə nəzər salaq:

3. Yaponiya - 5,2 trln. dollar

4. Almaniya - 4,2 trln. dollar

5. Böyük Britaniya - 3.3 trln. dollar

6. Hindistan - 2.9 trln. dollar

7. Fransa - 2,8 trln. dollar

8. Braziliya - 2 trln. dollar

9. İtaliya - 1,9 trln. dollar

10. Kanada - 1,8 trln. dollar

11. Cənubi Koreya - 1,6 trln. dollar

12. Avstraliya - 1,5 trln. dollar

13. İspaniya - 1,3 trln. dollar

14. Rusiya - 1.2 trln. dollar

İndi yəqin ki, ABŞ-ın Rusiyanı adam yerinə qoymamasının səbəbi anlaşıldı. ABŞ Rusiyanın illik iqtisadiyyatı boyda vəsaiti karantin vaxtlarında bir dəfəyə əhaliyə paylayırdı. Bu detallara diqqətlə baxanda gün kimi aydın olur ki, Rusiya ABŞ üçün ciddi problrm sayıla bilməz.

Beləliklə, Rusiya ABŞ üçün iqtisadi rəqib deyil, heç buna can da atmır. Putin sadəcə, ölkəsinin təbii sərvədlərini xaricə satmaqla məşğuldur və Rusiyanı bataqlıq içində süründürür. ABŞ üçün Putindən daha yaxşı namizəd kim ola bilər ki?..

Dünyanın yeni iqtisadi supergücü

Amma Çinə diqqət edin - sadəcə, bir nümunə: Çinin "Xiaomi" şirkəti ABŞ-ın biznes qüruru sayılan "Apple" şirkəini açıq-aşkar bazarda sıxışdırır. Avropa ölkələri nəhəng texnologiya layihələrini bu Çin şirkətinə etibar edir.

Çinin avtomobilləri Avropa, Asiya, Avstraliya, lap elə ABŞ-ın özünü bürüyüb. Məsələn, Çin avtomobilləri Avstraliyada Yaponiyanın populyar "Toyota" markasının bazardakı üstünlüyünü əlindən alıb.

Çin ABŞ-ın internet birinciliyinə də əl uzadır. Təkcə TikTok-un sosial şəbəkə olaraq dünyanı bürüməsini qeyd edək. Amma Rusiyanın sosial şəbəkələri elə Rusiya üçündür. Hətta keçmiş sovet məkanında da populyar deyil.

Dünyanın 500 ən çox döriyyəsi olan böyük şirkətinin siyahısına baxmısınızmı? Birinci sırada ABŞ-ın Walmart şirkətidir. Ardınca 2, 3 və 4-cü yerləri Çin şirkətləri (Sinopec Group, State Grid və China National Petroleum) tutur. Və bu 3 Çin şirkətinin illik dövriyyəsi Rusiyanın ümumi illik istehsalından çoxdur.

Rusiya - texnologiya feodolizmi

Rusiyanın rəqəmsal dünyada tək brendi Kasperski antivirus proqramıdır. Amma hətta bu sahədə də Rusiya dürüst ola bilmir. Tez-tez müxtəlif faktlar ortaya çıxır və məlum olur ki, Rusiya xüsusi xidmət orqanları bu proqram vasitəsilə istifadəçilərin məlumatlarını oğurlayır. Başqa sözlə, Putin əlində olan bütün vasitələrdən Qərbə qarşı trolluq etmək üçün yararlanır. Elə "New York Times" qəzetinin analitiki Tomas Fridman da bütün bunları nəzərə alaraq aydın şəkildə yazmışdı: Rusiya superdövlət kimi yox, supertrol kimi davranır. Texnoloji baxımdan Rusiya hələ də "feodal" ölkəsidir.

Co Bayden və Vladimir Putin Co Bayden və Vladimir Putin

ABŞ Putini necə himayə edir...

Rusiyanın silah arsenalı da deyildiyi qədər güclü deyil. Diqqət etmisinizmi, Rusiyanın hər hansı yeni silahı barədə "qorxu və həyəcan dolu" reklam xəbərlər adətən, ABŞ-ın idarəolunan mətbuatı tərəfindən yayımlanır. Məgər Qərb məqsədli şəkildə Putini şişirdib qəhrəmana çevirməyibmi?

Bu vaxta qədər Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edilib. Amma heç vaxt Putinin özünün, ailəsinin və yaxın çevrəsinin biznesini hədəfə alan sanksiyalar olmayıb. Halbuki Putinin və ətrafının Qərbin nəzarətində olan regionlarda çoxlu sərvətləri və biznesləri var.

Putinin bütün hakimiyyəti boyunca Qərbin təbliğatı onun xeyrinə işləyib. Qərb isə o qədər də axmaq deyil - nə etdiyini yaxşı bilir. Putini hakimiyyətdə saxlamaq üçün yenə də lazım olanları edəcəklər. Navalnıya görə "narahat olacaqlar", Rusiyaya bir-iki başdansovdu sanksiya tətbiq edəcəklər, təzyiq görüntüsü yaradacaqlar və Putin də bir "qəhrəman" olaraq bu təzyiqlərə tab gətirəcək və hətta cavab da verəcək. Vəssalam!

...Və ABŞ bu ölkəyə qarşı mübarizə aparmağa heç vaxt böyük vaxt və ağır sərmayə sərf etməyəcək - Rusiyanı kənardan zəiflətməyə ehtiyac yoxdur, bu işi Putin özü hamıdan yaxşı görür. ABŞ da bu işdə ona bir az kömək edir.

Bizimyol.info

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »