Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Qarşıda bizi daha ciddi işlər gözləyir, bu səbəbdən də hər kəs öz məsuliyyətini başa düşməlidir”
Adil Əliyev

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən 44 gün ərzində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra dövlətimizin qarşısında dayanan əsas məqsədlərdən biri də işğaldan azad edilmiş yerlərdə quruculuq işlərinin həyata keçirilməsi və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır.

Ölkə başçısı həmişə öz çıxışlarında bildirib ki, işğaldan azad edilmiş ərazilər təkcə ölkəmizin yox, eyni zamanda dünyanın cənnət guşələrinə çevriləcəkdir. Artıq bu sahədə işlər aparılmağa başlayıb, ilkin mərhələdə yolların çəkilməsi, hava limanının tikilməsi məqsədilə aparılan quruculuq işləri sürətlə davam edir.

Eyni zamanda ərazilərin minadan təmizlənməsi, Ermənistanın ölkəmizə uzun illər ərzində vurduğu mənəvi ziyanla yanaşı, maddi ziyanın hesablanması diqqət mərkəzindədir.

Hazırda Ermənistanın ölkəmizə vurduğu zərərin hesablanması ilə əlaqədar mütəxəssislərin iştirakı ilə komissiyalar fəaliyyət göstərir. Ermənistanın vurduğu ziyan sözlə ifadə edilə bilməyəcək qədər ağırdır.

Hazırda davam edən hesablamalar nəticəsində alacağımız rəqəmlərin çox böyük olacağı şübhəsizdir. Çünki Ermənistan ərazilərimizi yalnız işğal etməyib, orada mümkün olan bütün özbaşınalıqları, vandalizmi həyata keçirib. Ərazidə salamat binaların qalmaması, bütün infrastrukturun dağıdılması, tarixi, mədəni abidələrin məhv edilməsi nəticəsində ölkəmizə böyük miqdarda ziyan vurulub.

Hazırlanan hesabatlar Ermənistanın vurduğu zərərin qarşılığında ödənilməli olan təzminatın məbləğinin müəyyən edilməsi üçün əsas təşkil edəcəkdir. Minatəmizləmə əməliyyatları başa çatdıqdan, habelə vurulan ziyanın məbləği müəyyən edildikdən sonra, ərazidə quruculuq işləri daha da geniş vüsət alacaqdır.

Hal-hazırda isə mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması, habelə ərazidə aparılan bütün işlərin sistemləşdirilməsi və növbəti mərhələdə oraya böyük qayıdışın təmin olunmasıdır.

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işğaldan azad edilmiş torpaqlarımızda aparılan işlərlə bağlı Qərargah yaradılıb.

Qərargahın əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərlə bağlı irəli sürülmüş təşəbbüslərin qiymətləndirilməsi, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin gözəl guşələrə çevrilməsi istiqamətində planlı işlərin aparılmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə bu gün yeni idarəetmə sistemi qurulur, ölkə başçısının xüsusi nümayəndələri ərazilərə təhkim olunur və orada baş verən bütün hadisələr onların nəzarəti altındadır.

Belə ki, ilkin olaraq Şuşa şəhərinə xüsusi nümayəndə təyin edildi, bundan əvvəl isə Şuşa ölkə başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bununla yanaşı, Şuşa şəhərinin Türk və İslam dünyasının paytaxtı elan edilməsi istiqamətində ciddi iş aparılır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə yanaşı, aparılan abadlıq-quruculuq işləri, habelə işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin oraya geri qaytarılması prioritet məsələlərdir.

Təəssüflə qeyd etməliyik ki, belə bir məqamda bəzi məmurların irəli sürdüyü təkliflər olduqca absurd səslənir. Bəzən məmurların təkliflərinin əsasında dövlət mənafeyindən daha çox, şəxsi mənafe dayanır, hansı ki, bu cür münasibət qəbuledilməzdir.

Eyni zamanda, bəzi məmurların onlara edilən müraciətlərə yanaşma tərzləri olduqca qəbuledilməzdir. Belə ki, vəzifəli şəxslərə edilən müraciətlər zamanı, onlar hər hansı bir problemin həlli üçün yalnız onlara fərdi qaydada müraciət etdikdən sonra məsələnin həllinin mümkün olacağını bildirirlər. Əfsuslar olsun ki, bəzən hər hansı bir məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi ilə əlaqə saxlamaq müşkül məsələyə çevrilir. Belə olan halda məlum olur ki, sadə vətəndaşların həmin məmurların qəbuluna düşməsi, problemlərinin həll edilməsi demək olar ki, mümkün deyil.

Ölkə başçısı dəfələrlə öz çıxışlarında demişdir ki, göstərilən etimadı hər bir məmur doğrultmalıdır. Göstərilən etimadı doğrultmayanların, qanunsuz əməllər edənlərin ilkin mərhələdə vəzifələrini, bəzi hallarda isə azadlıqlarını itirmələrinin dəfələrlə şahidi olmuşuq. Bu gün vəzifənin və ya səlahiyyətin həcmindən asılı olmayaraq, əsas amalımız Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı siyasi iradəyə uyğun olaraq dövlətə, dövlətçiliyə, vətəndaşlarımıza xidmətdir. Əgər əsas hədəf budursa, hansı səbəbdən bəzi məmurlar əlçatan olmaqdan imtina edir, görüşlərdən, telefon zənglərindən qaçır və sonda vətəndaşların problemləri daha da dərinləşir.

Bəzi hallarda vətəndaşların müraciətləri təmin olunmadığı üçün daha yuxarı qurumlara müraciətlər edilir, vətəndaşın məmurun qəbuluna düşməsi isə indiki məqamda mümkün deyil. Başa düşüləndir ki, indi pandemiyadır və indiki məqamda qəbul mümkün deyil, amma ən azından müraciətlərə baxılaraq onların qanunvericiliyin tələblərinə uyğun olaraq həlli mümkündür. Lakin bəzi məmurlar sanki özlərini bütün cəmiyyətdən təcrid ediblər. Belə hallar heç xoşagələn deyil və cəmiyyətdə olan xoş əhval-ruhiyyənin, mehribançılığın, inamın əleyhinə yönələn yolverilməz hərəkətlərdir.

Ümid edirik ki, Prezident cənab İlham Əliyevin Şuşanın məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edildiyi barədə fikirləri hamı üçün dərs olacaqdır. Çünki bu gün hər kəs torpaqlarımızın işğaldan azad edilməsinin cəmiyyətdə yaratdığı xoş ovqatın daimi olması istiqamətində əlindən gələni etməlidir. Axı qarşıda bizi daha böyük işlər gözləyir. Bunların içərisində ən mühümü isə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və oraya böyük qayıdışın təmin olunmasıdır.

Bizimyol.info

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »