Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Son qərarlar sosial narazılığı partlayış həddinə çatdırıb"
Nazirlər  Kabineti

Qarabağ ətrafında xalqda yaranmış bütövlük, birlik görünür, bir çox məmurlarda kreslo qorxusu yaradıb. Çünki, özünə əmin, güclü, qalib xalqı korrupsiya qaydaları ilə idarə etmək çətin olacaq. Bunu bildikləri üçün də tez-tələsik ruhumuzu öldürməyə, birliyi pozmağa qol çırmadılar. Ən rahat yolu sosial gərginliyi artırmaqdır. Bacardılar da. Son həftələrdə anidən verilən bahalaşama xəbərləri gəldi. İş o həddə çatıb ki, bu dövlət başçısının da nəzərindən yayınmayıb və dünən verdiyi müsahibə ilə vacib mesaj vermiş oldu:

"Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları iyrəndirməyim. Bağışlayın sözümə görə, ifadəmə görə, amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər. Öz işləri ilə məşğul olsunlar”.

Mübariz Göyüşlü Mübariz Göyüşlü

Bizimyol.info-ya açıqlama verən Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü də hesab edir ki, qəfildən qiymətləri artırmaq sosial gərginliyi, narazılığı daha da gücləndirməkdən başqa bir şeyə xidmət etmir.

“Tarif Şurasının son bir ayda qəbul etdiyi qərarlar, daha dəqiq desək, benzinin və dizelin qiymətlərinin qalxması, 31 yanvarda isə suyun qiymətinin 100 faiz qalxması biabırçılıqdır. Belə qərarlar qəbul etməzdən əvvəl Şuranın üzvləri, ekspertləri sorğu keçirib müəyyənləşdirməli idilər. Bunun iqtisadi əsaslandırılması olmalıydı, bu qərarlara cəmiyyətin münasibətini, əhalinin durumunu öyrənmək və həm də onu nəzərə almaq lazım idir.

Qəfildən, ya gecə vaxtı, ya da bazar günü toplaşıb qiymətləri artırmaq sosial gərginliyi, narazılığı daha da gücləndirməkdən başqa bir şeyə xidmət etmir. Nə Şura, nə də mediada şərh verən ekspertlər bu qərarın iqtisadi-sosial tərəflərini izah edə bilmirlər. Çünki bunun heç bir əsası yoxdur. “Qiymətləri qaldırırıq ki, xidmət keyfiyyətli olacaq”, yaxud “Qiymətləri qaldırırıq ki, digər dövlətlərdə belədir” kimi ifadələr bunu əsaslandırmağa yetmir.

Əvvəla, indiyə qədər Tarif Şurası qiymətlərini qaldırdığı sahələrin heç birisində xidmətin keyfiyyəti yüksəlməyib. İstər işıq olsun, istər qaz, istər digər kommunal xidmətlər olsun, heç bir keyfiyyət dəyişikliyi yoxdur. Bəzilərində isə durum daha da pisdir. Ona görə də onların bu arqumentləri haqlı olaraq əhali tərəfindən qəbul edilmir və cəmiyyət də buna inanmır.

İkincisi, başqa ölkələrdəki kommunal xidmətlərin, onların qiymətlərinin bizim əhaliyə nə aidiyyatı? Biz yüksək maaş və həyat şəraiti olan ölkələri nümunə gətirdiyimizdə Tarif Şurası, yaxud hansısa qurum maaşların, pensiyaların o həddə qədər artırılmasını təmin edirmi? Xeyr. Ona görə də əhaliyə Rusiyada, yaxud Gürcüstandakı "benzinin, dizelin, suyun və s. qiymətləri burdan baha idi, ona görə biz də qiymətləri qaldırdıq" demək gülünc bir arqumentdir. Gülünc olduğu üçün də toplum bunu ciddi qəbul etmir, daha da narazı qalır. Suallarına yetərli cavab ala bilməyəndə isə daha da aqressivləşir.

Bəzi savadsız şəxslərin ekspert adı ilə mediada bu bahalaşmanı Qarabağa görə, qələbədən sonrakı durumla izah etməsi isə həm təhlükəlidir, həm də çox böyük yanlışlıqdır. Belə izahatlar həm möhtəşəm qələbəmizə kölgə sala bilər, həm də insanlarda Qarabağ kimi müqəddəs mövzuya narazılıq yarada bilər. Bu hallar hesab edirəm ki, aidiyyatı qurumlar tərəfindən xüsusi araşdırılmalıdır. İstər həmin ekspertlərin izahı, istərsə də Şuranın qərarlarının Qarabağ məsələsinə necə təsir etdiyi ayrıca öyrənilməlidir.

Tarif Şurasının qərarları qəbul olunandan sonra ərzaq və digər sahələr üzrə də qiymətlər çox sürətlə qalxır. Əhalinin orta və aşağı gəlirli hissəsi bu bahalaşmanı hər həftə, hər ay öz üzərində daha çox hiss etməyə başlayır. Nəticə bu olur ki, cəmiyyət sosial partlayış durumuna gəlir. Hər an partlayış ola bilər. Tarif Şurası niyə bunları hesablamır? Sosioloji sorğu keçirilərsə, durumun nə qədər faciəvi olduğu bizə tamlıqla aydın olar. İnsanlar kasıblaşdıqca, maaşla bazar arasında fərq artdıqca sosial gərginliklər də yüksəlir. Hər gün artan cinayətlərin və digər neqativ halların həm də əsas səbəbi kasıbçılıqdır, bahalaşmadır, işsizlikdir, gələcəyə olan ümidsizlikdir. Nəyə görə gənclər, vətəndaşlar “Azərbaycanda yaşamaq istəmirəm, ilk imkandaca xaricə gedəcəm” düşüncəsində olmalıdırlar? Bu hallar çox təhlükəlidir. Hesab edirəm ki, Tarif Şurası bu qərarlarını ləğv etməli, gələcəkdə də belə qərarlar qəbul etməkdən çəkinməlidir. Çünki bu nə dövlətin, nə də vətəndaşların maraqlarına cavab vermir”,- deyə o bildirib.

Son olaraq onu deyə bilərik ki, Prezidentin ölkədəki real gündəmdən tam xəbəri var. Hakimiyyət içində özbaşınalıq artıq o həddə çatıb ki, dövlət başçısı xalqa açıq şəkildə səslənir, “siz də ictimai nəzarət edin” deyir.

Məmur acgözlüyünün yeni istiqaməti Qarabağdır. Əzizlərimizin qanı tökülən, hamımız üçün müqəddəs olan Qarabağ. Bu dəfə lal, kar, kor olsaq, onu xarici düşməndən alıb, içimizdəki düşmənlərə, sapı özümüzdən olan baltalara vermiş olacağıq.

İlhamə

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »