Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib
Sahibə Qafarova

Fevralın 1-də Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda deputatları yaz sessiyasının başlaması münasibətilə təbrik edən Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır. Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqımız 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə böyük ruh yüksəkliyi və ümidlər ilə qədəm qoyub.

Bu gün biz bir daha qürurla söyləyirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olub. Döyüş meydanında əldə edilən böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib, uzun illər ərzində ölkəmizin inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb.

Möhtərəm Prezidentimizin dediyi kimi, “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi.

... Biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”

Spikerin çıxışı alqışlarla qarşılanıb.

Daha sonra Sədr ötən sessiyanın və ilin yekunları barəsində dekabrın 30-da məlumat verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Milli Məclisin Sədri parlamentin indiyə qədər əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib.

Spiker bildirib ki, yaz sessiyasının qanunvericilik planı hazırlanıb və bu gün müzakirə ediləcək. Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin gündəliyinə çıxarılacaq.

Sədr qeyd edib ki, yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcək.

Çıxışının sonunda Sədr onu da diqqətə çatdırıb ki, bu gündən etibarən Milli Məclisin yeni saytı yeni dizaynda istifadəçilərin ixtiyarına verilib.

İclasın gündəliyi ilə bağlı çıxış edən deputatlar Fazil Mustafa, Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Tahir Kərimli, Elman Nəsirov və Erkin Qədirli fikirlərini bildiriblər, gündəliklə bağlı təkliflərini veriblər.

Sonra Millli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 19 məsələsinin ilk 4 məsələsi qərar layihələridir. Hər sessiyanın əvvəlində, bilirsiniz ki, parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. Gündəliyin ilk məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır.

Deputatlardan Zahid Oruc, Sabir Rüstəmxanlı, Etibar Əliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli, Siyavuş Novruzov, Elman Nəsirov, Jalə Əliyeva və Bəhruz Məhərrəmovun qanunvericilik işləri planı haqqında fikirlərini və təklifləri dinlənildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq, Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edilib.

Daha sonra iclasda Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra deputatlar Razi Nurullayev, Hicran Hüseynova, Siyavuş Novruzov və Aydın Mirzəzadə namizəd barədə fikirlərini səsləndiriblər. Namizəd Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ səsə qoyularaq təsdiqlənib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Konstisusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin olunduğu gün Milli Məclisin iclasında and içir.

Humay Əfəndiyeva Milli Məclisin iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirib, bu şərəfli və məsuliyyətli vəzifəyə onun namizədliyini irəli sürdüyünə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra iclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında prezentasiya ilə çıxış edib.

Bildirib ki, bu sənəd iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. Qeyd olunub ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası qlobal medianın tərkib hissəsidir. Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Cənab Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu Memorandum mühüm əhəmiyyətə malikdir.

Komitə sədri Qənirə Paşayevanın və deputat Azay Quliyevin fikirləri dinlənildikdən sonra iclasda fasilə elan olunub.

* * *

Fasilədən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi davam etdirilib. Deputatlardan Fəzail Ağamalı, Etibar Əliyev, Sahib Alıyev, Anar İsgəndərov və Musa Qasımlı layihə barədə fikirlərini bildiriblər. Sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Məsələ barədə millət vəkilləri Hikmət Məmmədov, Rafael Hüseynov və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Gündəliyin növbəti məsələsini - "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim edib. Bildirib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin müfəssəl planlar hazır olmadığına görə həmin müddəanın tətbiqinin təxirə salınması təklif olunur. Təklifdə müddətin 8 ildən 11 ilədək uzadılması nəzərdə tutulur.

Məsələ barədə deputatlar Qüdrət Həsənquliyevin və Bəxtiyar Əliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra "Məşğulluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Bildirib ki, qanun layihəsi şəhid ailəsi üzvlərinin məşğulluq səviyyəsinin artırılmasına və bununla da onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilib. Bu məqsədlə şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına aid edilir. Eyni zamanda, onlara peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb edilməkdə, eləcə də sosial iş yerlərinə işə qəbulda üstünlük hüququ müəyyən edilir.

Dəyişiklik səsə qoyularaq təsdiqlənib.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 11 məsələsi birinci oxunuşa olan qanun layihələridir. Gündəliyin növbəti məsələsi - "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi də birinci oxunuşda müzakirə olunacaq. Bildiyiniz kimi, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu gün birinci səsvermənin birinci oxunuşudur.

Məsələ barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər normayaratma fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, Konstitusiya Qanununa təklif edilən və normayaratma fəaliyyətini tənzimləyən məsələlər təcrübədə tətbiq edilsə də, bu Konstitusiya Qanununda onun hüquqi əsasları əks olunmamışdır. Ona görə də qeyd edilənlərin dəqiq tənzimlənməsi məqsədilə, onların hüquqi əsaslarının da yaradılması zəruridir.

Eyni zamanda, dəyişikliklər normayaratma fəaliyyətində təcrübədə tətbiq olunmayan bir sıra yenilikləri də nəzərdə tutur. Bunlara normativ hüquqi aktların rəsmi dərc edilməsi zamanı onların mətninin hər bir normayaratma orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə ümumi diqqətə çatdırılması qaydasının da nəzərdə tutulması və Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edilən həmin normativ hüquqi aktın (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilməsi barədə imperativ normanın da əlavə edilməsi aiddir.

Məsələ barədə deputatlar Tahir Kərimli və Erkin Qədirli fikirlərini bildirdikdən sonra "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Bildirib ki, bu dəyişiklik qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları hər il aprelin 1-dək təsdiq olunacağı təqdirdə doktoranturaya qəbul imtahanları hər ilin iyun və sentyabr ayları ərzində (3 imtahan verilir, biri iyun ayında, ikisi sentyabr ayında) keçiriləcəkdir. Qanunun 21.1.4-cü maddəsinə əsasən imtahanı müvəffəqiyyətlə verən çağırışçıya təhsilini doktoranturada davam etdirmək üçün möhlət hüququ veriləcəkdir.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) İqitisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirəyə təqdim edib. Bildirib ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixində bitir. Layihəyə əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.

Qeyd edilib ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması da nəzərdə tutulur. Uzun illər erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək.

Tahir Mirkişili çıxışında tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi ilə bağlı məlumatları da təqdim edib. Bildirilib ki, sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Müzakirələr zamanı deputatlardan Musa Quliyev, Azər Badamov, Fazil Mustafa, Qənirə Paşayeva, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Aqil Abbas, Rəşad Mahmudov layihə barədə fikirlərini bildiriblər, təkliflərini veriblər.

Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Milli Məclisin Sədri bildirib ki, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məsələlər mahiyyətcə bir-birilə bağlıdır.

Hər iki məsələ barədə Hüquq suyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Bildirib ki, son zamanlar "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il Beynəlxalq Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Narkotik vasitələr haqqında" 1961-ci il Vahid Konvensiyası və "Psixotrop vasitələr haqqında" 1971-ci il Konvensiyası ilə dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilmiş, lakin Azərbaycan Respublikasının müvafiq qanunlarında bu dəyişikliklər əksini tapmamışdır.

Qanun layihəsinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaqdır.

Sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

"Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) də mahiyyətcə yaxın olduğundan hər iki məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

Bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. İnzibati Xətalar Məcəlləsində isə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiqləşdirilir.

Eyni zamanda, dəyişikliklərdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.

Deputatlardan Etibar Əliyev, Rüfət Quliyev, Qüdrət Həsənquliyev və Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra hər iki layihə ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

"Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.

Bildirib ki, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiqinə görə dövlət rüsumu və ya haqq ləğv edilir.

Həmçinin notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya hər hansı xidmət haqqı tələb edilməyəcək.

Qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli müzakirəyə təqdim edib.

Bildirib ki, bu dəyişikliklər notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanıb və rüsumların azaldılmasını və ya ləğvini nəzərdə tutur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra "İşsizlikdən sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib.

Bildirib ki, hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan qanun layihəsi sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabat məlumatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur. Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur. Nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır ki, bununla da şəffaflıq təmin olunur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi - "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Bildirib ki, qanunun 27-ci maddəsi ictimai varidata aid edilən əsərlərin və obyektlərin dairəsini müəyyən edir. Buraya müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş əsərlər, heç vaxt qorunmamış əsərlər, eləcə də Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri aiddir.

Qeyd olunan əsərlərin, o cümlədən Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin ictimai varidata aid edilməsinin məqsədi onların istifadəsinə müəllif nəzarətinin olmaması səbəbindən hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunmasıdır.

Eyni zamanda, qanunda ictimai varidat dairəsinə aid edilən əsərlərin dövlət varidatı elan edilə bilməsi təsbit edilmişdir. Əsərin dövlət varidatına aid edilməsi həmin əsərdən istifadənin ödəniş əsasında həyata keçirilməsinə hüquqi əsas yaradır.

Layihə barədə deputatlardan Sabir Rüstəmxanlının və Hicran Hüseynovanın fikirləri dinlənildikdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası başa çatıb.

Bizimyol.info

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »