İraqda İŞİD terror qruplaşmasının başçılarından biri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbəsi nəticəsində məhv edilib.
Bu barədə “The New York Times” qəzeti bildirib.
Nəşrin məlumatına görə, “Əbu Yasir” adı ilə tanınan Cabbar Salman Əli Farhan əl-İssaui Kərkük şəhəri ərazisində zərərsizləşdirilib. Zərbə nəticəsində İŞİD-in daha doqquz silahlısı öldürülüb.
Əməliyyatda İraqın təhlükəsizlik xidmətləri də iştirak edib. Terrorçulara zərbəni havadan ABŞ hərbçiləri endirib.
Koalisiyanın nümayəndəsi Ueyn Marotto qeyd edib ki, əl-İssauinin ölümü İŞİD üçün ciddi zərbədir. Qəzetin məlumatına görə, əl-İssaui İraqda İŞİD döyüşçülərinin hərəkətlərinə rəhbərlik edib və ölkədə qruplaşmanın fəaliyyətini bərpa etməyə çalışıb.(report)