“Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətə başlaması, ötən ilin noyabr ayının 10-da Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannaməyə uyğundur. Hər iki tərəfdən 60 hərbçinin təmsil olunduğu monitorinq mərkəzi tərəfindən Qarabağ və ətraf ərazilərdə əldə olunmuş razılığın şərtlərinin yerinə yetirilməsinə pilotsuz uçuş aparatları vasitəsilə nəzarət olunacaq”.
Bunu Bizimyol.info-ya Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat hesab edir ki, Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə hərbçilərinin birgə fəaliyyəti oradakı millətçilər tərəfindən ehtimal olunan bir çox təxribatların qarşısını alacaq: “Hər iki ölkənin yaxın şərq ölkələrində birgə fəaliyyət təcrübəsini nəzərə alsaq, müsbət addım kimi qiymətləndirmək olar. Ələlxüsus, son hadisələrin fonunda bizim üçün davamlı sülhün yaranması baxımından Türkiyə hərbçilərinin balanslaşdırıcı rolu olduqca əhəmiyyətlidir.
Monitorinq mərkəzi sabitlik vəd edir. Tam olmasa da, bir çox təhlükəli məqamların aradan qaldırılması təmin olacaqdır. Qanunsuz səfərlərin qarşısının alınması Rusiya qarşısında qaldırılmalıdır. Çünki ümumi nizamlama prosesinə əngəl yaradır. Məsələnin mürəkkəbliyi Ermənistan daxilində baş verən ictimai-siyasi proseslərlə bağlıdır. Paşinyan ciddi təzyiqlər altındadır və komandasında yekdillik yoxdur. Müxalifətdə olan qüvvələr revanş çağırışları səsləndirirlər. Ona görə də, tam nizamlanma üçün zamana ehtiyac var”.