Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Bağırov: “Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər”
Anar Bağırov: “Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər”

Bugünlərdə müxtəlif ölkələrdə qeyd olunan “Təhlükədəki Vəkillər Günü” tədbirlərində Azərbaycanda vəkillərin durumuna diqqət çəkilib. Son illərdə Azərbaycanda xüsusən tənqidçi, ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkillərin prinsipial mövqelərinə görə təzyiqlərlə üzləşdiyi vurğulanıb.

Bizimyol.info xəbər verir ki, Belçika və başqa ölkələrlə yanaşı, Türkiyənin İzmir şəhərində də azərbaycanlı vəkillərin qorunması üçün mübarizə çağırışı edilib. Bu məqsədlə keçirilən aksiyada İzmir Vəkillər Bürosu, Çağdaş Hüquqşünaslar Dərnəyi və Azad Hüquqşünaslar Dərnəyi tərəfindən imzalanmış bəyanat səsləndirilib. Aksiya zamanı Azərbaycanda təzyiqə məruz qaldığı iddia olunan vəkillərin fotoları da nümayiş etdirilib. Onların arasında Cavad Cavadov, Şəhla Hümbətova, Yalçın İmanov, Elçin Sadıqov və digərlərinin fotoları olub.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə Azərbaycanda vəkillərin siyasi məqsədlərlə, prinsipial mövqeyinə görə təzyiqlərə məruz qalması haqda fikirlərlə razılaşmır. Vəkillər Kollegiyasının rəhbəri baş verənləri “qərəzli kampaniya” kimi dəyərləndirib: “Xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli şəkildə, qara PR kampaniyası aparırlar. Son illər ölkədə vəkillik sahəsində aparılan və cəmiyyətimiz tərəfindən alqışlanan islahatları, uğurları görmək istəmirlər. Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil. Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram. Şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm”.

A.Bağırov əlavə edib ki, Azərbaycanda vəkilliyin inkişafı üçün lazımi şərait yaradılıb. Bütün neqativ hallara Rəyasət Heyətinin rəhbərliyi dərhal reaksiya verir. Azərbaycanda fəaliyyəti ilə əlaqədar vəkillərin həbs olunması, fiziki zorakılığa məruz qalması, ofislərində axtarış aparılması hallarının olmadığını vurğulayan sədrin sözlərinə görə, bu cür cəhdlər olanda Rəyasət Heyətinin rəhbərliyi vəkillərin müdafiəsi üçün lazımi addımları atır, qarşısını alır: “Biz bunu piar xətrinə etmirik, paylaşmırıq, sadəcə olaraq öz vəzifələrimizi icra edirik, vəkillərin etimadını doğrultmağa çalışırıq”.

44 ildir ki, dünyada Təhlükədəki Vəkillər Günü qeyd olunur. 1977-ci il yanvarın 24-də İspaniyanın Madrid şəhərində 4 hüquqşünas və bir ofis işçisi peşə fəaliyyətini icra edərkən qətlə yetirilib.

2021-ci ildə isə ilk dəfə olaraq, dünyanın müxtəlif ölkələrində Azərbaycanda təzyiqlə üzləşən vəkillərlə bağlı çağırış edilib. Bundan öncə Çin, Filippin, Honduras, İran, İspaniya, Kolumbiya, Misir, Pakistan və Türkiyədə təzyiqə məruz qalan vəkillərə dəstək nümayiş edilib.

Son xəbərlər
Bütün xəbərlər »