Bunu da gördük: Azərbaycanın ərazisində erməni faşist generalına heykəl qoyulub. Bəli, milliyyətcə erməni olan faşist general “Qaregin Njde” ləqəbli cani Qaregin Ter-Arutyunyana Xocavənddə heykəl qoyulması haqda sosial mediada paylaşımlar və şəkillər var.
Məlum olduğu kimi, 2016-ci ildə hələ o zamankı Ermənistan Prezidenti Serj Sarqsyanın hakimiyyəti İrəvanın mərkəzində Hitler Almaniyasına qulluq etmiş faşist generalına hündürlüyü 6 metr olan heykəl qoymuşdu. Sarqsyan heykəlin açılışında iştirak etmiş, qarşısında baş əymişdi. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldi, həmin heykəli uçurmadı, əksinə heykəlin qoyulmasına haqq qazandırmağa çalışdı.
Xatırlayırsınızsa, 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçılarının Aşqabad Sammitindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı çıxış etmişdi və bildirmişdi ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistan rəhbərliyinə dəfələrlə etiraz bildirsə də, rəsmi İrəvan heykəllə bağlı öz mövqeyini dəyişməyib. Əslində isə bu, Qaregin Njdeyə, onun heykəlinə münasibət deyil, faşist xadimləri qəhrəmanlaşdırmaq və faşizm ideologiyasını təbliğ etməkdir. Bu faktları deyərkən İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu ilin mayın təqdim etdiyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dğzümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri haqqında” Məruzəsinə istinad etmişdi. Eyni zamanda Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr olunmuş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən Müharibəsi” ensiklopediyasının “Böyük Vətən Müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı 6-cı cildindəki məqalədən sitat gətirmişdi. Həmin məqalədə deyilirdi: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
Beləliklə, Qaregin Njdenin faşist generalı olması, İkinci Dünya Müharibəsində əsasını rusların təşkil etdiyi Sovet qoşunlarına qarşı vuruşması, satqın və cəllad olması haqda rəsmi sənədlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun və müdafiə naziri Sergey Şoyqunun imzaları var. Yəni Rusiya dövləti özü Njdenin faşist canisi olduğunu bilir və təsdiq edir. O halda Rusiyanın Qarabağda “sülhməramlı” adı altında yerləşdirdiyi qoşunların öz “məsuliyyət ərazisi” saydığı Xocavənddə Qaregin Njdeyə heykəl qoyulması nə anlama gəlir?! Bunun xüsusi şərhə ehtiyacı olmasa da, bəzi ehtimallar ortaya çıxır: Ya Rusiya hökuməti özü Azərbaycana məxsus olan, ancaq hələ ki Azərbaycanın nəzarətində olmayan Xocavənddə nasist generala heykəl qoyulmasına hansısa maraqlardan göz yumur, ya da “sülhməramlı” kimi öz “mandat”ına məsuliyyətsiz yanaşır. Yaxud da bu əməlləri qəsdən stimullaşdırır. Başqa hansı izahı ola bilər?!
Azərbaycan bu məsələlərlə bağlı araşdırma aparmağı, lazım olan addımları atmağı qətiyyətlə tələb etməlidir. Ümumilikdə isə, o ərazilərə Azərbaycan dövləti, ordusu nəzarətini bərpa etmədiyi müddətdə biz belə təxribatçı əməllərlə çox qarşılaşacağıq.