Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama

Rusiyalı hərbçilər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzində işə başlamağa hazırlaşır.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin verdiyi məlumata görə, rusiyalı hərbçilər atəşkəs rejiminə nəzarətlə bağlı vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycana gəlməyə hazırlaşırlar.

Bildirilib ki, hazırlıq zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, onun işinin təşkili qaydasını, eyni zamanda, tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Qeyd olunub ki, Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün hərbi fəaliyyətlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcəklər.

Məsələ ilə bağlı siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, türk hərbçilərin müşahidə məntəqəsində oturub ümumi orada baş verən prosesləri, keçən hərbçiləri müşahidə etməsi düşünürəm ki, bizim üçün yaxşı haldır, amma lazım olandan çox azdır. Onun sözlərinə görə, Türkiyənin də ən azı hansısa şəkildə hərbi iştirakı olmalıdır, hərbi məsələlərə müdaxilə imkanı olmalıdır.

Turab Rzayev Turab Rzayev

“Türkiyə hərbçilərinin gəlməsi çox xoş haldır. Biz bunu uzun müddətdir gözləyirik. Əslində Türkiyə dünyaya demokratiya dərsi verdi və göstərdi ki, o demokratik ölkədir. Azərbaycana hər hansısa bir əsgərinin gəlməsi üçün parlamentdən qərar çıxartdırdı. Hansısa əraziyə əsgərini göndərib sonradan hansısa qərar vermədi. Özünü gülünc vəziyyətə salmadı. Həmin yerin ərazisini, tarixini öyrənib bununla bağlı məşq etməsi, hazır şəkildə gəlməsi çox müsbət addımdır. Türkiyənin əslində nə qədər demokratik dəyərlərə bağlı, nə qədər yerli əhalini, mühiti nəzərə alan dövlət olduğunun göstəricisidir. Amma burada müəyyən nüanslar var ki, bizim üçün qaranlıqdır. Açıqlamada biz belə başa düşdük ki, Birgə Müşahidə məntəqəsi daha çox xidmətlə bağlı olacaq və ümumi müşahidə aparılacaq. Pilotsuz uçan aparatlarla kimin nə etdiyi, hansı ərazidə hansı hadisənin baş verməsi müşahidə olunacaq. Düşünürəm ki, bu kifayət qədər azdır. Çünki rus ordusu gördüyümüz qədəri ilə humanitar yardım təşkil edir, hərbi təyyarələrlə yük daşıyır, özünə aeroport qurur, evlər təmir edir, 30 dənə hərbi punkt tikir, hansı ki, rus əsgərlər gəlib qalacaq, bundan başqa 8 min ev tikməyi öz üzərinə götürüb. Öhtəsində olmayan bir çox işlər görür və Rusiyanın əlavə vilayəti Kalininqrad kimi Dağlıq Qarabağda da bir neçə nazirliyinin yeni nümayəndəliyini yaradır.

Türkiyə isə müşahidə məntəqəsində oturub ümumi orada baş verən prosesləri, keçən hərbçiləri müşahidə etməsi düşünürəm ki, bizim üçün yaxşı haldır, amma lazım olandan çox azdır. Türkiyənin də ən azı hansısa şəkildə hərbi iştirakı olmalıdır, hərbi məsələlərə müdaxilə imkanı olmalıdır. Biz hazırda bilmirik oraya Ermənistandan nə qədər adam köçürülüb. Bəlkə orada 50 min adam yaşayırdı, amma Rusiya ora 100 min köçürdüb, bəlkə rəqəmləri saxtalaşdırırlar. Biz necə nəzarət edə bilərik ki, oranın əhalisi nə qədər idi? Ona görə də, orada biz tərəfin də iştirakı vacibdir. Azərbaycan tərəfindən onlar çəkinirsə, hələ ki aradakı düşmən münasibət soyumayıbsa, hələki bizim nəzarətə uyğun gəlmirsə, o zaman hələlik həmin nəzarəti ruslarla bərabər türklər etsin. Türklər baxsın ora nə qədər erməni gəlir, ermənilər harada yaşayırdılar və nə qədər evləri var idi, oraya gələnlər Qarabağ erməniləridir yoxsa Ermənistan əhalisi gəlib, Ermənistan ora əlavə silah yığırmı və əlavə silahlandırma aparılırmı. Ermənilərin tərki-silah olmasından əmin olmaq üçün türklər nəzarət etməlidir. Türkiyənin hansısa şəkildə bir başa sülhməramlı missiyasına müdaxiləsi, orada iştirakı çox vacibdir. Şərt deyil ki, eyni sayda olsun rus hərbçiləri ilə. Əsas məsələ odur ki, tək kabinetdə deyil, həm də sahədə olsun. Bu bizim üçün çox vacib və əhəmiyyətlidir. Bundan başqa biz ərazidə tarazlıq yaratmaq üçün başqa bir ərazidə Şuşada, Ağdamda və ya Kəlbəcərdə kiçik bir türk hərbi birləşməsi yarada bilərik. Hansı ki, çox təcili vaxtlarda müdaxilə üçün nəzərdə tutulsun”.

Turab Rzayevin sözlərinə görə, ümumi bəyanatda Müşahidə Mərkəzinin Azərbaycan ərazisində yaradılacağı ilə bağlı ifadə xoşa gələn hal deyil.

“Bu necə məsuliyyətsiz açıqlamadır? Dağlıq Qarabağ Azərbaycan ərazisi deyilmi məgər? Onsuzda müşahidə məntəqəsi və bütün münaqişə Azərbaycan ərazisində gedir. Xankəndidə, Ağdamda, Xocavənddə, Hadrutda, Ağdərədə, Şuşada, Kəlbəcərdə də olsa Azərbaycan ərazidir. Bu cür məsuliyyətsiz açıqlamanı gərək nə Rusiya, nə Ermənistan, nə də Azərbaycan tərəfi dilə gətirməsin”,-deyə bildirib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi Rusiya və Türkiyə müdafiə nazirləri tərəfindən 11 yanvar 2020-ci il tarixində imzalanan memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »