Rusiyada böyük etiraz dalğası müşahidə olunur.
Müxalifətçi Aleksey Navalnının həbsi, bunun ardınca prezident Vladimir Putinin milyardlarla vəsaiti mənimsəməsinə həsr olunmuş videonun yayılması ölkəni silkələyib. Ötən şənbə 100 minlərlə insan etiraz aksiyalarına çıxıb. Azı 112 şəhərdə mitinqlərin baş tutduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, Navalnının hazırladığı videonun “YouTube” portalındakı baxış sayı 100 milyona yaxınlaşır. Müxalifətçi burada Putinlə bağlı az qala bütün məqamlara toxunub. Onun Qara dəniz sahilində yerləşən Gəluncik şəhərində tikdirdiyi şəxsi saraya 1,35 milyard dollar xərclənib.

Belə məqamlardan biri Rusiya prezidentinin ötən əsrin 80-ci illərində Almaniya Demokratik Respublikasında işləməsi, orada karyerasının ilk addımlarını atması haqdadır.
Navalnı sənədli filmdə Putinin Drezdendə yaşadığı binanı da göstərir. Amma mənzildən görüntü yoxdur. “Bild” qəzetinin əməkdaşı Yurgen Hilfrext həmin mənzilə baş çəkib.
Almaniya nəşri yazır ki, Putin Drezdendə, Radebergerştrassedə 6 mərtəbəli binanın üçüncü mərtəbəsində 1985-ci ildən ailəsi ilə yaşamağa başlayıb. Onlar burada 1991-ci ilin martına qədər qalıb. Hilfrext yazır ki, mənzil üç otaqdan ibarətdir, sahəsi 66 kvadratmetrdir. Putin 1991-ci ildə SSRİ-yə qayıdanda mənzil Yorq Hofmanna verilib. İndi 51 yaşı olan mebel ustası 30 ilə yaxındır “Putinin mənzili”ndə yaşayır.

“Mənzili mənə Putinin xanımı göstərdi – Hoffman “Bild”in əməkdaşı ilə söhbətdə danışıb. – Hər yerdə tünd rus mebeli gözə dəyirdi. Bundan başqa, ADR üçün ənənəvi olan “alüminium” divar kağızı və bej rəngli xalça var idi”.
Mebel ustası xatırlayır ki, Putinin əşyalarını daşımağa 9-10 əsgər kömək edib. Təkcə paltaryuyan maşını üçüncü mərtəbədən 6 əsgər düşürüb.
Putin və həyat yoldaşı Hoffmanın xatirində xoş insanlar kimi qalıb: “Qadın qəhvəyi xəz palto geyinirdi. Böyük itləri vardı”.
Hoffman da Putin kimi mənzil üçün ayda 94.9 marka ödəyirmiş. Bunun təkcə 26.2 markası evi isitməyə gedirmiş.
Hoffman bu mənzildə yaşamaqdan çox məmnundur. Onu təkcə rus turistlərin mənzilə xüsusi diqqəti qıcıqlandırır: “Onlar elə bilir ki, bura Putinin ev muzeyidir”.

Hoffman mənzilə heç kimi buraxmır. Dediyinə görə, Navalnıya da üz göstərməyib. Hoffman müxalifətçinin Yeni il ərəfəsində cangüdənlərlə evin yanında göründüyünü bildirir. Mebel ustası müxalifətçinin sənədli film çəkməsindən çoxlarından əvvəl xəbər tutub.