Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gəlmişdi. Məqsəd 44 günlük əməliyyatlardan sonrakı dövrdə Azərbaycanın nəbzini yoxlamaqdır.

Nazir Zərifin gəlişi ərəfəsində Tehran rejimi Azərbaycan Respublikasına qarşı bir reveransda bulundu; Rəşt İnqilab Məhkəməsi 3 fəal Azərbaycan türkünü azadlığa buraxdı.

Deyəcəksiniz ki, öz vətəndaşlarıdır, tutub, sonra da buraxıb. Xeyr, Qarabağın azadlığına dəstək verdikləri üçün təhlükəsizlik məmurları həmin 3 fəalı zindana atmışdı.

GunazTV bu haqda məlumatında yazıb ki, həmin milli-mədəni fəallar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət”də və “sistemə qarşı təbliğat”da ittiham olunmuşdular. Sayt yazır ki, Rəşt Universitetinin “Yağış” tələbə jurnalının baş redaktoru İbrahim Gənci Rəşt şəhərində ötən il oktyabrın 18-də, Vədud Əsədi və Məhəmməd Eyni isə bir gün sonra - Qarabağ əməliyyatlarının ən qızğın çağında saxlanaraq saxlanmışdılar. Güney türklərinin tutulmasına səbəb Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlar keçirən Azərbaycan ordusuna dəstək vermələri və Nurduz gömrüyünün bağlanmasını tələb etmələri olub. Həmin vaxtlarda gedən günlərdə Nurduz gömrük-keçid məntəqəsindən Ermənistana sursat daşınması ilə bağlı iddialar vardı, etirazlara səbəb olmuşdu.

Belə çıxır ki, Azərbaycan Qarabağı azad etməklə həm də Arazdan şimalda yaşayan qardaşlarına dəstək vermiş milli-mədəni fəalları da zindandan xilas edib. Doğrudur, yanvarın 22-də - yəni İran xarici işlər nazirinin Bakı səfəri ərəfəsində onlara bəraət verilsə də, hələlik özlərinə şifahi məlumat verilib. Ola bilsin, bəraəti bir növ havadan asılı saxlayaraq  səfərin nəticələrinə təsir göstərmək istəyiblər.

“İranın milli təhlükəsizliyinə qarşı fəaliyyətdə” ittiham olunanlara, özü də türklərə bəraəti Tehran rejimi elə-belə verməz. Məqsədi var. Hər bir halda bunun  özü də İran hakimiyyətinin Qarabağın azadlığı uğrunda gedən əməliyyatların ilk günlərdə və qələbədən sonra iki fərqli mövqe ortaya qoymasını isbatlayan faktlardandır.

İlham Əliyev Şuşada İlham Əliyev Şuşada

Prezident İlham Əliyev Şuşa səfərində növbəti dəfə Şuşa məscidinin İran dairələri tərəfindən şəhər hələ işğalda olanda müəyyən məqsədlərlə təmir edilmiş olmasına qarşı sərt çıxmışdı və bu fakt da Məhəmməd Cavad Zərifin Bakıya tələsməsinə səbəb olub. Azərbaycan Respublikası rəsmiləri vurğulamaq istəmişdi ki, əməliyyatlar zamanı da, ondan əvvəl də heç kimin davranışı unudulmayıb. Qarabağın hər yerində düşmənin məscidlərdə donuz, mal-qara saxladığına göz yumub Şuşanın İran mədəniyyətinə məxsusluğunu vurğulamaq üçün orada məscid təmir edilməsi, təbii ki, yaxşı qarşılanmadı. Üstəlik, qonşu ölkənin rəsmiləri əməliyyatların əvvəlində Ermənistana açıq-gizli dəstək verirdilərsə, sonuna doğru Azərbaycana reveranslar etməyə başladılar. Ancaq Türkiyə, Pakistan, Ukrayna, İsrail, İngiltərə, Macarıstan, İtaliya, hətta uzaq Kolumbiya hadisələrin lap başlanğıcından haqlı olanın – Azərbaycanın yanında idilər. Azərbaycan İranı da öz yanında belə sabitqədəm görmək istəmişdi, ancaq Azərbaycana dəstəyini ifadə edənlərin tutulması faktı və daha başqa çox faktlar bunun əksini deməyə əsas verir.

Və budur, İranın xarici işlər naziri Bakıda deyir ki, Azərbaycan öz torpaqlarını azad etdiyinə görə “sevinc hissi” keçirir. Bir az sonra isə sevincinin əsl səbəbləri məlum olur: regional əməkdaşlığı inkişaf etdirmək, Qarabağda bərpa işlərinə İran şirkətlərini də qoşmaq, təhlükəsizlik məsələsi və sair. Hələ Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya marşrutları da müzakirə mövzusu olub. Deməli, Azərbaycanın Türkmənistanla barışması da Tehranı hərəkətə gətirib; regionda qaynayan qazandan bir böyük çömçə də özünə pay almaq...

Məhəmməd Cavad Zərif buradan sonra Rusiyaya, Ermənistana, Gürcüstana, Türkiyəyə gedəcək. Səfərə Azərbaycandan başlaması da rəmzidir; Bakı regional əməkdaşlıq və təhlükəsizlik məsələsində əsas həlqədir. Çox ehtimal ki, Azərbaycanın Qarabağdakı uğuru və Türkiyənin bölgəyə yerləşməsi, Azərbaycanla Türkmənistanın Xəzərdə mübahisəni tərəfdaşlıqla əvəzləməsi İranı daha fəal və praqmatik siyasət izləməyə vadar edib. Hər halda bunun belə olub-olmayacağını zamanla görə biləcəyik.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »