Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ Navalnı Putinin səhvlərindən istifadə edərək “böyüdü””
“ Navalnı Putinin səhvlərindən istifadə edərək “böyüdü””

Ötən şənbə günü Rusiyada on minlərlə insan həbs edilmiş müxalifətçi Aleksey Navalnını dəstəkləmək üçün kütləvi etiraz aksiyası keçirdi. Etirazlar 120-dən çox şəhərdə qeydə alındı.

Xatırladaq ki, Navalnı keçən il öldürücü sinir-iflic zəhəri hücumuna məruz qaldıqdan sonra təcili Almaniyaya aparılıb və orada beş ay ərzində müalicə olunduqdan sonra yanvarın 17-də nümayişkaranə şəkildə Rusiyaya qayıdıb və Moskvanın Şeremetyevo aeroportunda dərhal həbs olunub.

Navalnı kürəyini hansısa böyük gücə söykəməsəydi çox yəqin bu böyüklükdə hay- küy yaranmayacaqdı. Etirazlar zamanı diqqətimi bir şəkil çəkdi. Jurnalistlər qarşısına çıxıb özünü qəsdən göstərənlərdən biri eynilə ABŞ-da Kapitoli binasına daxil olan etirazçılardan biri kimi geyinmişdi. Başında buynuzlu heyvan dərisi, yarıçılpaq bədənini də heyvan xəzi ilə örtmüşdü. Maraqlı bənzərlikdir deyilmi? Sanki bu ABŞ-ın Kapitolidə baş verənlərdə “ rus barmağı” olması iddiasına cavabı kimi görünürdü. Rusiyada baş verən hadisələr barədə suallarımızı Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü cavablandırır.

Bizimyol.info Mübariz Göyüşlü ilə müsahibəni təqdim edir:

Mübariz Göyüşlü Mübariz Göyüşlü

- Mübariz bəy sizcə Aleksey Navalnını bu qədər böyüdən, hadisələrin bu miqyas almasına səbəb olan nədir və ya kimdir?

- Yaxşı sualdır. Navalnının böyüməsinin 50 faizi səbəbkarı Qərb dairələridirsə, 50 faiz isə Rusiyanın düşdüyü ağır sosial-iqtisadi durumdur, əhalinin vəizyyətinin çətin olmasıdır, Putinin diktatura qurmasıdır, söz, fikir azadlığının olmamasıdır, azad seçki sisteminin məhv edilməsidir, alternativ, müxalif fikrin eşidilməməsidir. Putin illərdir Rusiyaya rəhbərlik edir, amma bu nəhəng ölkənin problemləri hər il artır. İqtisadiyyatın durumunun pisləşməsinə baxmayaraq Rusiya xaricdə ekspansiya siyasəti yeridib, digər dövlətlərlə gərginlikləri artırıb. Bütün bunlar hamısı onun yanlış siyasətinin nəticəsidir. Rus xalqı bundan əziyyət çəkir. Sadə rusun nəyinə lazımdır Krım, Dnestryanı, Cənubi Osetiya, Suriya, Qarabağ? Ona normal iş şəraiti, sosial durumun normal olması, söz, fikir azadlığı, qanunun aliliyi, rüşvətsiz cəmiyyət lazımdır. Putin isə bunların heç birini etmədi. Navalnı da bu durumdan, Qərbin ona dəstək verməsindən, internetin yaratdığı imkanlardan peşəkarlıqla yararlanaraq belə demək mümkündürsə “böyüdü”.

- Navalnının yaydığı videoçarxlara həddən artıq böyük diqqət yarandı, üstəlik onun tərəfindən tam məxfi məlumatlar paylaşıldı. Kim ona Putinin gizlədilən villası haqqında tam məxfi məlumatları verdi?

- Sualda cavab da əksini tapıb demək olar ki... Məxfi olan məlumatı Navalnı necə əldə edə bilər? O da digər Rusiya vətəndaşları kimi bir adamdır. Obrazlı desək topu yox, topxanası yox. Yəni məxfi xidmət təşkilatının rəhbəri deyil, etirazçı, tənqidçi və geniş izləyici kütləsi olan bloqqerdir, ictimai xadimdir, siyasətçidir. Ehtimal ki, belə məxfi məlumatı ona Rusiyanın daxilindən, Putinin siyasətindən narazı olan saraydakı hansısa bir şəxs, qruplaşma, yaxud Qərb xüsusi xidmət orqanları ötürüblər. Kreml nə qədər inkar etsə də, hətta o saray Putinin olmasa da belə Rusiyadakı narazılıqlar o həddədir ki, hamı onu Putinin sarayı kimi qəbul etdi. Bu planı kim hazırlmaışdısa çox peşəkarlıqla həyata keçirdilər. Əlbəttə yenə deyirəm belə narazılıqlara Putinin yanlış siyasəti şərait yaradıb. Amma Navalnı da bir aktyor kimi rejissorların hazırladığı ssenarini uğurla icra etməkdə, Putini və onun korrupsioner, zülmə dayanan komandasını silkələməkdədir.

- Navalnı həbs olunacağını bilə-bilə niyə gəlməliydi?

- Navalnı qərarları yalnız özü qəbul etmir. Komanda ilə məsləhətləşmələr, ictimai rəy öyrənilməsi bu qərarlara təsir edə bilir. Amma məncə onun əməkdaşlıq etdiyi Qərb dairələri, xüsusi xidmət təmsilçiləri belə məsləhət görüblər. Görünür hansısa araşdırmalar aparılıb və Putinin hazırda ən qeyri-populyar olduğu, camaatın narazılığının ən pik həddə olduğu zaman seçilib. Navalnı həbs olunmağı, ona qarşı olacaq digər zorakılıqları da hesablayıb qayıdıb. Onsuz da həbs və ya hər hansısa addımlar onu daha da populyarlaşdırır, insanların ona olan rəğbətini daha da artırır. Bu da yəqin ki, onun planlarında, hesablamalarında öz əksini tapmamış olmaz.

- Sizcə, Rusiyada bağlı qapılar arxasında Putinə qarşı güclü mübarizə gedir ?

- Bütün dövlətlərdə, xüsusən diktatura dövlətlərində saray daxilində hakimiyyət uğrunda amansız mübarizə gedir. Rusiya böyük dövlətdir və bu durumlardan istisna deyil. Putinə qarşı mübarizə saray daxilində də, ondan kənarda da illərdir gedir. Bu mübarizənin güclü və ya zəif olmasını birmənalı söyləmək mümkün deyil. Zəif olsaydı polis qorxusuna baxmayaraq minlərlə insan küçələrə çıxmazdı. Düzdür bu mübarizə hələ ki, lazım olan nəticəyə, yəni Putinin istefasına nail ola bilməyib. Amma sirr deyil ki, Kreml etirazlardan möhkəm qorxuya düşüb, müxtəlif bəhanələrlə Navalnını həbs etməklə, insanlarla əyani ünsiyyətinə mane olmaqla bunun qarşısını almağa çalışır. Putin saray müxalifəti yaratmaqla etirazları, narazılıqları nəzarətdə saxlayacağını güman edirdi. Amma görünən odur ki, kənarda çox ciddi etirazçı qüvvə və ciddi müxalifət formalaşıb. Saray daxilindəki qruplar da görünür buna dəstək verir, həmçinin Qərb də.

- Bəzi ekspertlər deyirlər ki, Putin özü bu etirazlara yol verib ki, camaatın " parı" çıxsın, narazı kütlələrin daha böyük inqilabının qarşısının alınması məqsədini güdüb.

- Mümkün variantlardan biri kimi səslənir bu fikirlər də. Amma bir az inandırıcı görünmür. Çünki etirazlar artır və əgər bu məqsədli təşkil olunubsa, hər an nəzarətdən çıxma ola bilər. “Par” çıxartmaq üçün nəzərdə tutulmuş tədbirlər o həddə gələr ki, insanları dağıtmaq olmaz, hadisələri nəzarət altında saxlamaq mümkünsüz olar. Ona görə də mən bu versiyaya çox inanmıram.

- ABŞ-ın əli varmı olaylarda?

- Mən inanıram ki, Navalnı özbaşına deyil. O xüsusi xidmət orqanları ilə ciddi əməkdaşlıqdadır. Bu Almaniyanın, ABŞ-ın, digər Qərb ölkələrinin xüsusi xidmət qrupları ola bilər. Mümkün variantdır. Putin həmin ölkələr üçün bir sıra hallarda başağırısı kimi görülürdü. Onun ekspansiya siyasəti, Rusiyanın imperiya ambisiyalarını təmin etmək cəhdləri Qərb tərəfindən hər zaman narazılıqla qarşılanırdı. Ola bilər ki, onlar da Navalnı vasitəsilə ən pis halda Putinə təzyiq etmək, ən yaxşı halda isə onu devirib sözəbaxan bir şəxsi hakimiyyətə gətirmək istəyirlər.

- Putinin xəstəliyi səbəbilə gələn ilə qədər hakimiyytədən gedəcəyi deyilirdi? İndiki etiraz aksiyaları ilə bu iddialar arasında əlaqə mümkündür?

- Bilirsiniz bir sıra informasiya vasitələri və şəxslər Putinin illər əvvəl öldüyünü də iddia edir. Bunlar əlbəttə hamısı şaiyələrdir. Mən inanmıram ki, Putin xəstəlik səbəbilə hakimiyyətdən getsin. Onun kimi şəxslərin xəstəlikləri müalicə olunan deyil. Bu hakimiyyət xəstəliyidir. Düzdür burada hər şeyi birmənalı söyləmək də mümkün deyil. Hadisələrin qəfil inkişaf ssenarisi də ola bilər. Amma hələ ki görünüən budur ki, Putin xoşluqla hakimiyyəti buraxmaq istəmir. Etirazlardan yayınmaq, onlara zor tətbiq etməklə yatırmağı düşünür. Hesab edirəm ki, bütün bunlar hələlik nəticə versə də sonradan çox ciddi problemlərə gətirə, hətta hakimiyyətin devrilməsilə də sonuclana bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »