Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..

Qarabağda Azərbaycanın qələbəsi cəmiyyətdə ciddi ruh yüksəkliyi yaratmışdı. İnsanlar gələcəyə böyük inamla və yeni ümidlərlə baxmağa başlamışdılar.

Hər halda, uzun illərdən sonra torpaqların böyük hissəsinin geri qaytarılması xoş ovqat yaratmaya bilməzdi. Təəssüf ki, cəmiyyət bir neçə ay əvvəlki kimi nikbin təsir bağışlamır.

Qazilərin, şəhid ailələrinin diqqətsizliklə bağlı narazılığı xeyli artıb. Sosial şəbəkələrdə bu qəbildən çoxlu şikayət materiallarına rast gəlmək mümkündür. Üstəlik, hərbçilərin məvacibinin azaldılması da ciddi tənqidlə qarşılanır.

Bizimyol.info xəbər verir ki, məsələyə həm Müdafiə Nazirliyi, həm də Maliyyə Nazirliyi münasibət bildirib. Açıqlamalarda nazirliklərin ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi prosesi getdiyi bildirilir.

Maliyyə Nazirliyi Maliyyə Nazirliyi

Bundan başqa, dövlət qurumları sosial şəbəkələrdə narazılıqların sayının artmasından narahatdır. Maliyyə Nazirliyinin açıqlamasında hətta emosionallığa ehtiyac olmadığı yazılıb.

Qarabağ qələbəsi yeni reallıqlar ortaya qoydu. Azərbaycan daha məğlub tərəf deyil. Ermənistan cəmiyyətinə ötəri nəzər salmaq kifayətdir. Məğlubiyyət bu ölkəni darmadağın edib, siyasi sabitlik pozulub. Məğlubiyyəti həzm edə bilmirlər. Bu mənada Azərbaycanda nikbinliyin azalması, əksinə, ön cəbhədə xidmət edən hərbçilərlə, qazilərlə bağlı ciddi problemlərin ortaya çıxması yalnız təəssüf doğura bilər.

Qələbədən sonra Azərbaycan əsgəri yaxşı münasibətə, dövlət qayğısına layiqdir. Qalib əsgərlər niyə sosial problemlər içində boğulsun ki?! Vətən üçün həyatından keçməyə hazır olan insanların maddi sıxıntı yaşaması nə dərəcədə ədalətli yanaşmadır? Başqa vaxt iri addımlarla irəliləyən nümunəvi, inkişafda olan ölkə olduğumuzu iddia etmirikmi? Hərbçiyə çatanda pul nə tez qurtardı?

Suallar da çoxdur, problemlər də çoxdur. Torpaqların alınmasında birbaşa iştirak etmiş neçə-neçə əsgər medalsız qalıb. Xeyli qazi diqqətsizlikdən şikayətlənir. Bir çox qazi iş qabiliyyətini itirib.

Oxuyursan ki, ailənin yeganə gəlir gətirən adamı olub, daha işləyə bilmir. İndi həmin ailənin taleyi təkcə o şəxsi narahat etməməlidir. Qalib ordunun əsgəri gələcəyə böyük inamla baxmalıdır. Bu istiqamətdə sosial proqramlar zərgər dəqiqliyi ilə işləməlidir.

Problemlər köklü həllini tapmasa, narazılıq hələ çox olacaq. Beş-on adamın pul yığması ilə əsgərin problemini həll etməzlər. Hərbçilərin maaşının azaldılması istənilən halda yolverilməzdir. Narazıları emosionallıqda qınamaqdansa, narazılığın kökünü araşdırmaq lazımdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »