Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-ın Müşahidə Şurası yaradılıb
SOCAR-ın Müşahidə Şurası yaradılıb

Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, fərmanda deyilir:

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılsın.

2. Müəyyən edilsin ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.

3. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. SOCAR-ın yenidən təşkili və ləğvi;

3.1.2. SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

4.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.9. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

5.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Son xəbərlər
Bütün xəbərlər »