Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil

Təhsil naziri Emin Əmrullayev son 24 saatda ən çox müzakirə olunan məmura çevrilib. Verdiyi son açıqlamalar isə təhsilin gələcəyinə olan ümidləri "qılıncsız qırğın"a verdi.

Açıqlamalara ayrı-ayrılıqda baxmaq fikrimiz yoxdur. Əksəriyyət o açıqlamaları sosial şəbəkələrdə görüblər. Bütün açıqlamaları bir yerə yığanda belə görünür ki, cənab nazir aşağıdakı kimi bir mənzərəni təsvir edib:

- Azərbaycan təhsilində problemlər var, amma ciddi deyil.

- Problemlərdə Təhsil Nazirliyinin və ümumiyyətlə, hökumətin dırnaq ucu boyda da günahı yoxdur.

- Bütün günahlar şagirdlərdə, valideynlərdə və bəzi müəllimlərdədir.

Nəticə: Təhsil naziri əslində Nazirliyin əsasnaməsində göstərildiyi qədər də səlahiyyət sahibi deyil. O üzdən də verdiyi açıqlamalara kürək söykəyib real durum və gələcək barədə danışmaq mümkün deyil. Bu, təxminən bir fermerin ölkədə kənd təsərrüfatı ilə bağlı verdiyi açıqlamalar qədər kompetent sayıla bilər.

Bütün bunlardan sonra ortaya çıxan proqnoz: Təhsil yaxın vaxtlarda düzələn deyil.

Bu baxımdan ayrıca olaraq Emin Əmrullayevi hədəf elan etmək də qeyri-ciddi yanaşmadır. Əmrullayevin əsas günahı real problemləri ört-basdır etməsindən ibarətdir.

Hazırkı vəziyyətin obyektiv səbəbləri də var: Təhsili bütün digər sahələrdən qoparıb "islahat adası" elan etmək mümkün deyil. İslahatlar bütün ölkə boyunca bütün sahələrdə getməlidir ki, təhsil də o kampaniyanın bir qolu olsun. Təhsil sahəsi ilə bir kəndin suvarma sistemləri arasında əlaqəni görməyincə bu sahədə irəliyə getmək çətin vəzifədir.

Onlayn təhsil, dərs Onlayn təhsil, Foto: Pixabay

Son bir ilin reallıqlarından irəli gələn konkret bir fakt üzərində dayanaq: Məsələn, bölgələri bir yana, hətta paytaxtında da internet böhranı yaşanan bir ölkədə onlayn təhsil necə qurula bilər? Yəqin ki, Bakı hələ də mərkəzi hissələrində ADSL tipli internetin yaşadığı tək paytaxt şəhəridir. Üstəlik, bu sahədə də korrupsiya boğaza qədər qalxıb. Provayderlər, xüsusən də inhisarçı "Bakinternet" əhalini "tərəzidə" aldatmaqla məşğuldur. Bir ucu da Rabitə Nazirliyinə gedib çıxır. Çünki bütün provayderlər trafiki topdansatış yolu ilə nazirlikdən alır və "tərəzi maxinasiyaları" elə o mərhələdə başlayır. Nazirlik provayderləri "yükləyir", provayderlər də əhalini...

İndi onlayn tədris necə təşkil olunsun? Tədrisdən yayınmaq istəyən şagirdlər də "internetimiz yoxdur" və ya "internetimiz zəifdir" şəklində arqumentlərdən yararlanır. Yalan danışsalar da, doğru görünür. Çünki bütün ölkədə həqiqətən də internet panikası yaşanır.

Emin Əmrullayev da bunları yaxşı başa düşür. Amma bu barədə danışmağa cəsarət etmir. Çünki o halda rabitə naziri Ramin Quluzadə hökumətin bağlı qapıları arxasında təhsil nazirinin açıqlamalarını "gəmidə qiyam" kimi təqdim edəcək.

Ramin Quluzadə Ramin Quluzadə

İndi də təhsildə Sinqapur modelinə keçirik. Tam bir "anekdot"!

Sinqapur "Dörd Asiya pələngi" kimi tanınan ölkələrdən biridir: Honkonq, Cənubi Koreya, Tayvan və Sinqapur. Bu ölkələr ötən əsrin 60-90-cı illərində sənayeləşmə sayəsində hər il orta hesabla 7 faiz artıma nail olublar. Amma əsl inqilabi inkişaf ötən əsrin 90-cı illəri və 21-ci əsrin əvvəllərində baş verdi və bu ölkələr yüksək gəlirli iqtisadiyyatlara çevrildilər. İnkişafda sıçrayış etdiklərinə görə onları "Asiya pələngləri" adlandırırlar.

Bu ölkələrin hər biri inkişaf yoluna təhsildən başlamışdı. Yəni "dəyişək" deyə qərar verdikdən sonra təhsildə islahatlara başladılar.

Amma qeyd etdiyimiz kimi, onlar sadəcə, "təhsil islahatı" deyə işə başlamayıblar. Bu ölkələr "bütün sahələrdə islahat" deyə yola çıxıblar və belə qərara gəliblər ki, ölkələrini dəyişdirməyə təhsildən başlamaq lazımdır. Yəni bütün sahələrdə inkişaf yolları təhsildən başlayır.

Amma daha öndə gələn bir qərar da vardı: Bütün bunlara başlamazdan əvvəl Sinqapur ilk olaraq korrupsiyanı zərərsiz hala gətirmişdi. Hazırda bu ölkələr, xüsusən də Sinqapur dünyanın ən az korrupsiyalaşmış ölkələrindən biridir.

Təhsildə korrupsiya

İndi Azərbaycan təhsildə Sinqapur modelinə keçir. Korrupsiyada da o ölkənin modelinə keçə biləcəksinizmi? Əgər cavabınız "yox" olacaqsa, özünüzü və camaatı boşuna yormayın. Uşaqları da "təcrübə dovşanı"na çevirməyin. Təhsilin əsas problemləri təhsilin özündən kənardadır. Hər yerdədir...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »