Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan təkcə bu il Qarabağdan 13.5 milyon dollarlıq elektrik oğurlamağı planlaşdırmışdı...
Ermənistan təkcə bu il Qarabağdan 13.5 milyon dollarlıq elektrik oğurlamağı planlaşdırmışdı...

Ermənistan təkcə 2021-ci ildə Qarabağdan 13.5 milyon dollar dəyərində elektrik enerjisi oğurlamağı planlaşdırıbmış.

Virtualaz.org xəbər verir ki, belə hesablama Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın “Aykakan jamanax” qəzetinə müsahibəsinə əsasən ortaya çıxır.

Vardanyan Qarabağda itirdiklərini iqtisadi baxımdan hesablamaqda çətinlik çəkdiklərini deyir və bildirir ki, təkcə “itirilən” Su Elektrik Stansiyalarının sayı 30-dur. Onların ümumi dəyəri 200 milyon dollardan yuxarı olub. “Hamısı özəl mülkiyyət idi”,-nazir müavini deyir.

Akop Vardanyan bildirir ki, 2021-ci ildə Dağlıq Qarabağdan Ermənistana 330 milyon kVt/saat elektrik enerjisi daxil olmalı idi. Və söhbət Ermənistanda hasil edilən elektrik enerjisindən daha ucuz enerjidən gedir. Ona görə də bu il həmin elektrik enerjisinin yerinə Ermənistan əhalisi daha bahalı elektrik istifadə etməli olacaq. “Çünki bu ildən Atom Elektrik Stansiyası da kifayət qədər uzun müddətə təmirə dayanacaq”,-o bildirib.

Qarabağa gəldikdə Vardanyan deyib ki, orada elektrik təchizatı “praktiki olaraq tam bərpa olunub”, problem təkcə Xocavənddə qalıb. Çünki orada elektrik xətləri Azərbaycanın nəzarətində olan ərazilərdən keçir. Hazırda Xocavənd şəhərinə elektrik aşağıgərginlikli xətlərlə ötürülür, yeni xəttin çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, ermənilər illərdir işğal altında saxladıqları Kəlbəcərin və Laçının iti axan dağ çaylarının üzərində çoxsaylı kiçik SES-lər tikmişdilər. Onların hesabına Qarabağda elektrik bolluğu da yaranmışdı və tələbatdan artıq qalan enerji Ermənistana ötürülürdü. Başqa sözlə, Ermənistan işğal altındakı ərazilərdə yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı həm də elektrik enerjisi oğurlayırdı. Nazir müavininin etiraf etdiyi kimi təkcə bu il Qarabağdan Ermənistana 330 milyon kVt/saat elektrik enerjisi ötürülməliydi ki, bu da Azərbaycanın daxili bazar qiymətləri ilə 23 milyon manatdan yuxarı (yaxud 13.5 milyon dollardan çox) oğurluq demək idi.

İşğaldan azad edilən ərazilərdə qalan SES-lərin sayı isə həqiqətən 30-dur, lakin işğalçılar bu ərazilərdən çıxarkən onların böyük əksəriyyətini dağıdıblar, yaxud avadanlıqlarını söküb aparıblar. “Azərenerji” ASC-nin bildirdiyi kimi, nisbətən salamat qalanları və bərpası mümkün olanları Suqovuşandakı iki SES və Laçının Güləbird kəndindəki SES-dir. Hazırda həmin stansiyalarda bərpa işləri aparılır.

Azərbaycan işğal illərində Ermənistanın vurduğu iqtisadi zərərə görə hazırda beynəlxalq ekspertləri də cəlb etməklə araşdırmalar aparmaqdadır. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə bildirdiyi kimi bu araşdırmaların yekunu olaraq Ermənistana qarşı təzminat iddiası qaldırılacaq. Ekspertlərin qənaətinə görə, söhbət onlarla milyard dollarlıq iddiadan gedəcək ki, bu da artıq indidən Ermənistanda təşviş yaradıb.

Son xəbərlər
Bütün xəbərlər »