Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
“ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”

Amerikanın “The National İnterest” nəşri Qarabağdakı indiki situasiyanı şərh edib. Şərhdə bildirilib ki, uzunmüddətli perspektivdə Bakı qələbəsinin əvəzini ödəyəcək və Ermənistanın tam məğlubiyyətindən danışmaq hələ tezdir.

Nəşr vurğulayır: ”Cənubi Qafqazda kəskin geoplitik hərəkətlər baş verməsə, Dağlıq Qarabağ Azərbaycanın yurisdik sərhədləri daxilində muxtar anklav olaraq qalacaq və Rusiya sülhməramlıları da oların təhlükəsizliyini təmin edəcək”.

Məsələ ilə bağlı siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, hazırda proseslərin inkişafı onu göstərir ki, ABŞ-da və dünyada Qarabağ münaqişəsi ilə bağlı məsələ yekun qiymətini almayıb. Onun sözlərinə görə, böyük ehtimal, bu məsələyə gələcəkdə yekun qiymət veriləcək.

Turab Rzayev Turab Rzayev

“Ona görə də hazırda bu tipli yazıların çıxması normaldır. Sadəcə, orada iki əsas nüansa diqqət yetirək. Birincisi odur ki, Azərbaycan hələ tam qələbəni qazanmayıb və son qələbənin əvəzini ödəyəcək. İkincisi isə odur ki, yazılıb "Ermənistan tam məğlub deyil". Əslində bu iki məsələ 1 medalın 2 üzü kimidir. Bunu əsaslandırırlar ki, əgər hansısa kəskin hərəkət baş verməsə, Qarabağ anklav kimi qalacaq və Rusiya onları qoruyacaq. Kəskin hərəkət dedikdə Azərbaycanın yenidən açıq əməliyyatlara qayıdıb orada bölgəni tamamilə öz nəzarətinə qaytarması və Rusiya sülhməramlılarını oradan çıxartması nəzərdə tutulur.

Biz yaxın gələcəkdə belə bir şey gözləmirik, amma burada unutmaq olmaz ki, biz digər məsələləri daha çox diplomatik və humanitar yolla həll etmək istəyirik. Məsələn, Azərbaycanın əsas hədəfi Ermənistanla və Qarabağda yaşayan əhali ilə kommunikasiyaların bərpa edilməsidir. Bu halda birgə yaşayışın müəyyən qədər təməli atıla bilər. Bundan başqa, bizim zənnimizcə, Rusiya sülhməramlılarının daha bir vəzifəsi də var. Sülh bəyanatında Qarabağdan Ermənistanın bütün birləşmələrinin çıxarılması şərti var idi. İlk öncə Ermənistan Respublikasının ordusu olmaqla, daha sonra yerli birləşmələrin də oradan çıxarılmasına sülhməramlılar nəzarət etməlidir. Bu halda həmin ərazi hərbsizləşdirilmiş ərazi olur və bizim üçün xüsusi qorxusu olmur.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Qeyd etmək yerinə düşər ki, əslində Türkiyə də istəyir ki, hansısa şəkildə nəzarətdə iştirak etsin və Türkiyənin bir neçə dəfə vurğuladığı məsələ var ki, Laçın koridoru və oradan keçən yüklərə Azərbaycan nəzarət etməlidir. Həqiqətən də oradan Ermənistan birləşmələri çıxarılsa və daha sonra Laçın koridorundan keçəcək yüklərə, onların hərbi yoxsa mülkü olmasına Azərbaycan nəzarət edəcəksə, onda mərhələli şəkildə bu məsələ tamamilə Azərbaycanın xeyrinə həll oluna bilər. Əlbəttə ki, burada Ermənistanın razılaşıb-razılaşmayacağı, bundan əlavə Rusiyanın bu məsələdə mövqeyi də çox önəmlidir. Çünki Rusiya müqavilədə yazılan bir neçə bəndə tam olaraq əməl etməyib. Bunlardan haqqında danışdığımız birləşmələrinin çıxarılmasıdır, digəri isə humanitar məsələlərlə bağlı üzərinə düşməyən missiyanı yerinə yetirməsidir”.

Turab Rzayevin sözlərinə görə, “The National İnterest” Amerikada müəyyən siyasi çevrələrin marağını təmsil edən mətbuat orqanıdır.

“Orada belə bir yazının çıxması Azərbaycan üçün xoşagələn hadisə deyil. Açıq şəkildə bildirmək lazımdır ki, mən Bayden hökumətinin, administrasiyasının Azərbaycana qarşı müsbət düşüncədə olmadığını düşünürəm. Onların Türkiyəyə və Azərbaycan qarşı qərəzi var. İlk mərhələdə, fürsətdə Azərbaycan, Türkiyə əleyhinə, lakin Ermənistanın lehinə bir qərar qəbul edə bilərlər. Ona görə də, Amerikanın yeni administrasiyası ilə mümkün qədər cəld və sürətli işləmək, onlara yol tapmaq və bundan başqa digər müttəfiqlərimizdən - Türkiyə, Pakistan, İngiltərə və İsraildən bu məsələdə bizim əleyhimizə olan qərarların çıxmasının dayandırılmasını gözləməliyik. Əks halda ABŞ-ın da Fransa ilə eyni mövqeyə gəlməsi Azərbaycan üçün artıq düşmən qüvvələrin bir yerdə mərkəzləşməsinə və ABŞ-ın da bu qüvvələrə dəstək verməsinə səbəb ola bilər. Bu isə bizim üçün arzuolunmaz haldır. Hətta bunun ölkəmizə qarşı bəzi xoşa gəlməyən nəticələri də ola bilər. Ona görə də, düşünürəm ki, bu sahədə gecikmədən addımlar atılmalıdır”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »