Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidlər Xiyabanına gəlməyən səfirlər və onların Papadan daha çox katolik olmaq mesajı
Şəhidlər Xiyabanına gəlməyən səfirlər və onların Papadan daha çox katolik olmaq mesajı

20 yanvar Ümummilli Hüzn günündə Türkiyənin, Pakistanın, İsrailin, ABŞ-ın, Polşanın, Fransanın, İtaliyanın, Ukraynanın Azərbaycandakı səfirləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət edib. Amma niyəsə Şəhidlər Xiyabanını ziyarət edənlər arasında Rusiyanın, İranın, Gürcüstanın, Mərkəzi Asiya ölkələrinin, ən əsası, müsəlman dövlətlərinin səfirlərini görmürük. Müsəlman və türk xalqlarında geniş yayılmış bir adət var. İnsanlar düşmən olsalar belə, bunu hüzn, matəm günlərində unudar, hər nə qədər kinli, qəzəbli, incik olsa belə qarşı tərəfə başsağlığı verər, qapısına təsəlliyə gedər. Çünki ölüm hamı üçün var. Bu jest çox zaman narazı tərəfləri barışdırar, ortaq məxrəcə gətirər. Əcəba nə üçün biz din qardaşımız sayılan müsəlman ölkələrinin səfirlərini bizim üçün müqəddəs olan o məkanda görmədik? Bu münasibət hansı protokol qaydalarından və ya yaranmış problemdən qaynaqlanır?

Azərbaycan Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya verdiyi açıqlamada vurğulayıb ki, 20 Yanvarda Şəhidlər Xiyabanını ziyarət etmək, şəhidlərin məzarı üzərinə gül dəstələri qoymaq, o abidənin qarşısında dayanmaq Azərbaycana, onun azadlıq mübarizəsinə, bu mübarizənin simvoluna, xalqımıza olan böyük mənəvi dəstəyin göstəricisidir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü

“ İlk olaraq qeyd edim ki, mən 20 Yanvarı xalqımızın ümummilli hüzn günü yox, qəhrəmanlıq günü, mübarizlik günü kimi qiymətləndirirəm. Bu gündə şəhid olan insanlarımız xalqımızın azadlıq uğrunda nələrə qadir olduğunu, hansı qəhrəmanlığı etdiyini dünyaya göstərdilər. İstər Şəhidlər Xiyabanında, istərsə də Fəxri Xiyabanda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin məzarını ziyarət etmək, bizim üçün müqəqqədslik simvolu olan şəxslərə münasibət Azərbaycan xalqına olan hörmətin göstəricisi sayıla bilər. Xüsusən 20 Yanvarda Şəhidlər Xiyabanını ziyarət etmək, şəhidlərin məzarı üzərinə gül dəstələri qoymaq, o abidənin qarşısında dayanmaq Azərbaycana, onun azadlıq mübarizəsinə, bu mübarizənin simvoluna, xalqımıza olan böyük mənəvi dəstəyin göstəricisidir. Bu barədə internetdə, sosial şəbəkələrdə paylaşımlar etmək də çox böyük siyasi-mənəvi dəstəyin ifadəsidir. Mən belə bir gündə bizlərə dəstəyini əsirgəməyən diplomatlara, dost və qardaş ölkələrin səfirlərinə, təmsilçilərinə minnətdarlığımı ifadə edirəm. Onlar bu hərəkətlərilə nəinki xalqımıza dəstək oldular, onun dərdinə şərik çıxdılar, həm də rus ordusunun qanlı əməllərinə, rus dövlətinin işğalçı və qəddar siyasətinə etirazlarını çatdırmış oldular. Onlar bununla da üstündən illər keçməsinə baxmayaraq dünyanın mütərəqqi ictimaiyyətinin Azərbaycan xalqını dəstəklədiyini əyani şəkildə göstərmiş oldular”.

Daha sonra mövzumuzun əsas sualı barədə danışan ekspertin fikrinə görə,bu məslədə kimisə məcbur etmək mümkün deyil. Bu siyasi etiket məsələsidir.

“Ziyarət etməyənlərə gəldikdə isə xarici ölkələrin Azərbaycandakı təmsilçilərini hansısa addımlara məcbur etmək mümkün deyil. Baxmayaraq ki, Şəhidlər Xiyabanı bizim üçün müqəddəs bir yerdir, şəhidlərimiz bizim üçün son dərəcədə önəmli bir məsələdir... Burada hansısa məcburetmədən söhbət gedə bilməz. Onlar diplomatdırlar, xarici ölkələrin buradakı təmsilçiləri olaraq toxunulmazlıq hüququna malikdirlər. Üstəlik onlar addımlarını bizimlə deyil öz ölkələrinin xarici işlər idarəsi, dövlət rəhbəri ilə razılaşdırırlar. Lakin diplomatiyada uzun-uzadı danışmağa, uzun-uzadı sözlərə gərək olmur. Bir neçə cümləlik fikir, bir neçə söz, müəyyən bir hərəkət də qarşı tərəfin nə demək istədiyini ortaya qoymağa kifayət edir. Mən Rusiyanın səfirinin Şəhidlər Xiyabanını ziyarət etməyini, abidənin qarşısında baş əyib şəhidlərimizə, xalqımıza hörmət göstərməyini, rus ordusunun, dövlətinin törətdiyi cinayətdən utanc hissi keçirdiyini, dolayısı ilə üzrxahlıq etdiyini çox görmək istərdim. Əvəzində isə bizim Rusiyadakı səfirimizin şimal qonşumuzu bu hadisələrdə təmizə çıxarmaq üçün səsləndirdiyi bəyanatı ağrı-acıyla oxudum. Eynilə digər ölkələrin, xüsusilə də bizə qonşu olan, dost sayılan, dini və milli baxımından bizə yaxın olan ölkələrin səfirlərini də şəhidlərimizin ziyarətində, xalqımızla həmrəylik cərgəsində görməyi çox istərdim. Təəssüf ki, bunu görə bilmədik. Eynilə bəzilərini 44 günlük Vətən müharibəsində görə bilmədiyimiz kimi. Lakin bütün bunlar bizləri nəinki haqq davamızdan, ədalət mübarizəmizdən soyutmur, əksinə bizi daha da möhkəmləndirir, kimin kim olduğunu, kimin dost, kimin isə məkrli niyyətlərinin olduğunu sübut edir”,- deyə ekspert bildirib.

44 günlük Vətən savaşında biz dostlarımızı da, düşmənlərimizi də yaxşı tanıdıq. Bəzi dövlətlərin qələbəyə qədər olan soyuq münasibətinin, mövqelərinin, qələbədən sonra buz dağı kimi əriməsinin də şahidi olduq. Əlbəttə, dövlət başçısıPrezident İlham Əliyev də bu münasibətlərə cavab olaraq qeyd etdi ki, Qarabağda aparılacaq böyük miqyaslı tikinti-quraşdırma işlərinə, abadlaşdırma prosseslərinə yalnız bizə dəstək vermiş ölkələrin şirkətləri buraxılacaq. Ən doğru addımdır.

Müharibədə bizə açıqca düşmənçilik edən, ermənidən daha çox erməni olan Fransa kimi bir dövlətin səfirliyi hüzn günümüzdə Xiyabanda təmsil olunursa, hansısa iddialar, gizli maraqlar və tərəftutmalar naminə səssizliyini qoruyan , işinə yarayanda özünü dost adlandıran, 20 yanvarda isə Xiyabanda görünməyən bir çox dövlətlərin səfirliklərin etdiyi “Roma Papasından daha çox katolik görünmək” istəynə bənzədi. Bəli, razıyıq ki, bütün siyasi gedişlərdə hər dövlət ilk növbədə öz maraqlarını nəzərə alır, siyasət daima dəyişən maraqlar oyunudur. Amma, cənablar, görünən odur ki, biz dəyişən geosiyasi reallıqlar fonunda yeni dünyanın qalib oyunçularıyıq. İndi Azərbaycanın düşməni yox, dostu olmaz zamanıdır. Etdiklərimizi də, bizə edilənləri də unutmuruq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »