Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə tarixi hadisə: Neft-qaz strategiyasının inkişafında yeni mərhələ
Xəzərdə tarixi hadisə: Neft-qaz strategiyasının inkişafında yeni mərhələ

Azərbaycan və Türkmənistan “Dostluq” neft yatağının birgə işlənməsi barədə razılığa gəliblər.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir.

Yatağın “Dostluq” adlandırılması qarşılıqlı əlaqələrin bariz nümunəsi olaraq dəyərləndirilir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov Bizimyol.info-ya bildirib ki, bu sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasına, Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Vüqar Bayramov Vüqar Bayramov

“İmzalanmış anlaşma tarixi əhəmiyyət daşıyır. Azərbaycan neft-qaz strategiyasının əsas prioritetləri, hədəfləri də məhz Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəstəklənməsindən ibarətdir. Bu, Azərbaycan və Türkmənistan arasındakı strateji əməkdaşlığın inkişafından xəbər verir.

Eyni zamanda hər iki ölkə üçün strateji və iqtisadi əhəmiyyəti var. Əvvəla bu hər iki ölkənin dövlət gəlirlərini, eləcə də, valyuta gəlirlərinin artırılmasına imkan yaradacaq. Çünki nəticə etibarı ilə “Dostluq” yatağındakı enerji resurslarının hasil edilməsi və dünya bazarlarına çıxarılması ölkələrin gəlirlərinin artmasına səbəb olacaq. Hər iki ölkə iqtisadi baxımdan faydalanacaq. Eyni zamanda, bu bir əməkdaşlıq platformasıdır. Xüsusən də ikitərəfli müzakirələrin nəticəsi olaraq yatağın birgə işlənməsilə bağlı razılığın əldə edilməsi həm də Xəzərin statusunun müəyyənləşəndən sonra formalaşmış əməkdaşlıq platformasının güclənməsindən xəbər verir. O baxımdan bu anlaşma strateji əhəmiyyət daşıyır və strateji tərəfləri var”,-deyə V.Bayramov bildirib.

O vurğulayıb ki, Azərbaycan həmin yataqda olan enerji resurslarının birgə işlənməsi və dünya bazarına çıxarılması nəticəsində dövlət gəlirlərinin artırmaq imkanını qazanmaqla yanaşı tranzit ölkə olaraq mövqeyini gücləndirəcək: “Çünki Azərbaycan son 20 ildə formalaşmış infrastruktur imkan verəcək ki “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunsun. Bu, anlaşmanın hər iki ölkənin iqtisadiyyatına pozitiv təsirləri olacaq”.

Son xəbərlər
Bütün xəbərlər »