Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 Yanvar faciəsi niyə törədildi?
20 Yanvar faciəsi niyə törədildi?

Məqsəd etnik zəmində yaranan qarşıdurmaları yatırmaq idi, yoxsa ölkədə kommunist rejimini devirmiş AXC-ni əzmək?

Düz 31 il əvvəl Sovet qoşunlarının Bakını işğal etdiyini zənn etdikləri onlarla insanın həyatına son qoyulmuş hərbi əməliyyatın arxasında nə dayanırdı?

31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya girdi. Kütləvi iğtişaşla müşaiyət olunan əməliyyatda xeyli sayda dinc sakin öldürülmüş, yüzlərlə adam yaralanmışdı. Həm qanunsuz hərəkətlərin təhrikçiləri, həm də hərbi və mülki əhali ciddi zərər gördü. Millətlərarası qarşıdurma fonunda başlayan qiyamın ordu tərəfindən yatırılması adı qoyulan hadisə böyük itkilərlə nəticələndi və Azərbaycan SSR-də böhran fazasına daxil olmuş ictimai-siyasi vəziyyət daha da ağırlaşdı. Sovet rəhbərliyi həyasızca iddia edirdi ki, hərbi qoşunlar erməni əsilli əhalini qorumaq məqsədilə şəhərə yeridilib. Gerçəkdən belə idimi? Axı, etnik zəmində şəhəri bürümüş qarışıqlıqlar o zamana qədər artıq çoxdan sona çatmışdı və bütün bu müddət ərzində Bakının kənarında yerləşdirilmiş Sovet qoşunları baş verənlərə, sadəcə seyr edərək, müdaxilə etməmişdi. “Qara Yanvar” adı ilə tarixə düşən həmin gün Azərbaycan SSR tarixində dönüş nöqtəsi və ölkənin İttifaqdan ayrılması üçün əsaslı bir təkan oldu. Gəlin, indi aydınlaşdıraq görək, bu hərbi əməliyyatların əsl mahiyyəti, gerçək mənası nədən ibarət idi və çıxan olaylar Azərbaycanda sonrakı hadisələrə necə təsir etdi.

20 yanvar 1990-cı ilin səhəri bir çox Sovet İttifaqı vətəndaşı üçün qeyri-adi bir xəbər yayımı ilə açıldı: Sovet qoşunları bir Sovet şəhərinə hücum edərək oranı viran qoymuş, sakinlərini gülləbaran etmişdi. Hələ bir il əvvəl məhdud sayda hərbi kontingentin Əfqanıstandan çıxarılması təzəcə başa çatmışdı ki, insanların qulaqları yenidən tanış sözlər eşitməyə başladı: “islam fundamentalizmi”, “terrorizm”, “qanunsuz silahlı dəstələr” və s. Elə həmin saatlarda Bakı morqlarına, öz “ölkələrinin əsgərləri” tərəfindən güllələnərək öldürülən dinc sakinlərin cəsədləri daşınırdı. “Əli avtomatlı islamçı qüvvələr” isə, sanki yer yarılmış və yerin dibinə gömülmüşdülər, yoxa çıxmışdılar.

Münaqişənin kökləri

Hadisəyə düzgün qiymət vermək üçün münaqişənin kökünü aydınlaşdırmaqda fayda var. Səksəninci illərin sonu, doxsanların əvvəlində Cənubi Qafqazı silkələyən bir çox başqa böhranlı vəziyyətlərdə olduğu kimi, Bakıdakı “Yanvar hadisələri”nin də kökləri, əslində, Qarabağda axtarılmalıdır. Bu münaqişənin, yalan olmasın, artıq yüzdən çox yaşı var. Hələ keçən əsrin əvvəlində Rusiya İmperiyası dağıldıqdan sonra Cənubi Qafqazdakı xalqlar özlərinin ölkələrini yaratdılar, ancaq bu respublikalar da çox yaşamadı və tezliklə müstəqilliklərini itirərək Sovet İttifaqına tabe oldular. Elə o vaxtdan buradakı xalqlar arasında ərazi münaqişələri baş qaldırmağa başladı, Qarabağ uğrunda mübarizə də o cümlədən. Hətta Cənubi Qafqazda qurulan güclü Sovet hökuməti sözügedən münaqişəni həll etməyə müvəffəq olmadı. Nəticədə 1921-ci il 5 iyul tarixində Sovet İttifaqının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumu Dağlıq Qarabağa, Azərbaycanın daxilində saxlayaraq, muxtariyyət statusu verdi.

Doğrusunu desək, bu formatda azərbaycanlılarla ermənilər arasında nisbətən barışa, sülhə nail olundu, ancaq problemlər də yox deyildi. Belə ki, ermənilər mütəmadi olaraq Azərbaycan hakimiyyəti tərəfindən guya assimilyasiyaya məruz qalmaları barədə Mərkəzə məlumatlar ötürürdülər, azərbaycanlılar isə şikayət edirdilər ki, Ermənistanda yaşayan soydaşlarına qarşı yerli hakimiyyət orqanları olmazın problemlər yaradırlar. Elə bunun nəticəsi idi ki, artıq 80-ci illərin sonlarına yaxın Yerevan şəhərində azərbaycanlıların sayı bir faizə qədər azalmışdı, çoxu şəhəri tərk etmişdi, halbuki Sovet hökuməti qurulanda İrəvan şəhərinin azərbaycanlı sakinlərinin sayı şəhər əhalisinin, az qala, yarısı qədər idi. Münaqişə daim alovlansa da, onun qarşısını almaq, zar-zor, mümkün olurdu.

Hər şey Sovet İttifaqında başladılan “Yenidənqurma” dalğası ilə dəyişməyə başladı. 1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətinin erməni deputatları vilayətin Ermənistana birləşdirilməsi ilə bağlı bəyanat yaydılar, bu isə SSRİ Konstitusiyasının birbaşa pozulması demək idi və Azərbaycan tərəfinin sərt reaksiyası gözlənilən idi. Nəticədə, münaqişə Dağlıq Qarabağ vilayətinin hüdudlarından kənara sıçradı. Əgər 1989-cu ilə qədər Azərbaycanda təxminən 390 min erməni, Ermənistanda isə 185 min azərbaycanlı yaşayırdısa, bir il sonra bu məlumatlar, demək olar ki, artıq sıfıra bərabər idi. Hər iki respublika etnik ayrı-seçkilik və poqromlardan (talanlar, dağıntılar) canını sağ qurtaran qaçqın-köçkün axını ilə dolmuşdu.

Xalq Cəbhəsinin yüksəlişi

SSRİ rəhbərliyinin Qarabağ böhranını həll edə bilməməsi (həll etməməsi kimi də oxumaq olar) respublikada milli şüurun, özünüdərkin partlayış səviyyəsində böyüməsi üçün əsas səbəb idi. Beləliklə, 1989-cu ilin iyulunda Azərbaycanın ictimai xadimləri, fikir adamları, öndərləri, siyasətçiləri Azərbaycan Xalq Cəbhəsini (AXC) yaratdılar. Ermənistan SSR ilə davamlı münaqişədə Azərbaycanın milli maraqlarının qorunması təşkilatın əsas vəzifəsi oldu. Xalq Cəbhəsinin populyarlığı, xüsusilə, Dağlıq Qarabağ ətrafındakı böhranın həllilə bağlı ittifaq və respublika rəhbərliyinin, müvafiq orqanlarının fəaliyyətsizliyi fonunda hər gün artmağa başladı. Bundan başqa, həm Qarabağdan, həm də Ermənistan ərazisindən köçkünlər kütləvi şəkildə Azərbaycana axın etməyə davam edirdilər. Azərbaycan Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov hələ o vaxt bir neçə dəfə respublika rəhbərliyinin AXC qarşısında tamamilə aciz olmasını hiss etdiyini xatırlatmışdı. Çarəsiz qalan rəhbərlik Moskvadan kömək istəmək qərarına gəldi.

1989-cu il dekabrın 31-də AXC özünün ən izdihamlı mitinqlərindən birini təşkil etməyə nail oldu. Eyni vaxtda minlərlə insan Sovet İttifaqının cənubda İranla olan sərhədlərini dağıdaraq, digər tərəfdə yaşayan etnik azərbaycanlılarla qovuşmaq məqsədilə Araz çayını keçməyə başladılar. Proseslər öz məcrasından çıxırdı və SSRİ rəhbərliyi baş verənləri həyəcanla izləyirdi. Məhz bu hadisələrin ardınca, sonrakı proseslərdə sözügedən tarixi gedişat fonunda ciddi rol oynayacaq İslam fundamentalizminin Azərbaycan üzərindən bütün Sovet İttifaqına nüfuz etməsi təhlükəsi barədə tezisləri özündə əks etdirən məqalələr mərkəzi mətbuat səhifələrində peyda oldu.

Sovet-İran sərhədindəki vəziyyətə paralel olaraq, iğtişaşlar Azərbaycanın digər bölgələrinə də sıçradı. Məsələn, Cəlilabadda AXC fəalları Sovet İttifaqı Komunist Partiyasının yerli rayon komitəsini ələ keçirmiş və qarşıdurmalar zamanı hər iki tərəfdən xəsarət alanlar olmuşdu. Azərbaycanın cənubundakı Lənkəran şəhərində isə AXC faktiki olaraq hakimiyyəti öz əlinə almışdı. Ümumiyyətlə, 1990-cı ilin əvvəlinə qədər AXC-nin yerlərdəki özəkləri Sov.İKP-nin 27 rayon komitəsindəki katiblərini hakimiyyətdən devirmişdilər. Onlar öz hərəkətlərini hakimiyyət orqanlarının diqqətini Qarabağda baş qaldırmış münaqişəyə yönəltməyin vacibliyi ilə izah edirdilər. Nəhayət, AXC yerlərdə Sovet hakimiyyətini əvəz edərək öz güc strukturlarını qurmağa nail oldu. Artıq Xalq Cəbhəsinin, respublikanın Ali Sovetinə 1990-cı ilin mart ayına təyin olunmuş seçkilərdə qalib gələcəyinə, demək olar, heç kim şübhə etmirdi.

Paralel olaraq, qaçqın-köçkün axını ilə əlaqədar paytaxt Bakıda humanitar vəziyyət daha dözülməz hal almağa başlamışdı. 1990-cı il, 3-4 yanvar aralığında xəbərlər gəlirdi ki, AXC Bakını faktiki mühasirəyə alıb. Şəhərin çıxışlarında və iri magistral yollarda AXC-nin piketləri təşkil olunurdu. Eyni zamanda hərəkət edən maşınlar yoxlanılır və sərnişinlərə baxış keçirilirdi. Buna paralel olaraq, AzSSR Elmlər Akademiyasının binasında AXC-nin konfransı çağırılmışdı. Konfransın sonunda liberal qanadın bir çox nümayəndələri nəzarəti tamamilə radikal istiqlal tərəfdarları cinahına ötürərək, təşkilatın sıralarını tərk etdilər.

Bakıda inqilab

AXC daha da toparlanaraq, Bakıda izdihamlı mitinqlər təşkil etməyə başladı. Yanvarın 11-dəki mitinqdə etirazçılar İttifaq rəhbərliyinin Qarabağ məsələsində daha fəal iştirakını tələb etdilər, yanvarın 13-də isə, artıq Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun istefası ilə bağlı şüarlar mitinqdə nümayiş etdirilməyə başlandı. Onu həm də Dağlıq Qarabağın azərbaycanlı əhalisinin haqlarını qoruya bilməməkdə və fəaliyyətsizlikdə ittiham edirdilər. Elə həmin gün şəhərdə poqromlar (dağıntılar) başladı. Bu poqromların gerçək günahkarları hələ də bilinmir. Ancaq versiyalar var idi ki, bu poqromlar da SSRİ DTX-nın təşkilatıçılığı ilə baş tutmuşdu. Başqa bir versiya, daha doğrusu, şayiə bu idi ki, özlərinə qarşı aşırı zülüm görmüş Ermənistandan qovulmuş azərbaycanlı köçkünlər Bakıda ermənilərə hücum ediblər. Qeyd edək ki, o vaxt həmin köçkünlər çarəsizcə ya qohumlarının evlərinə yerləşmişdilər, ya da dar yataqxanalara sığınmışdılar. Günlərin birində isə, mitinqlərdə səslənməyə və təklif olunmağa başlandı ki, Bakı ermənilərinin mənzillərində Ermənistandan qaçqın-köçkün düşmüş azərbaycanlıları yerləşdirməklə ədalət bərpa olunmalıdır.

Başqa bir ziddiyyətli versiyaya görə, poqromların başlanğıcında guya AXC üzvləri də iştirak edibmişlər, bu, əsasən poqroma məruz qalmış ermənilərin uydurmaları idi. Ciddi fakt olmasa da, çoxları şübhə etmirdi ki, poqromları SSRİ DTX-sının əliylə azərbaycan dilini mükəmməl bilən elə ermənilər özləri təşkil etmişdi. O vaxt AXC-nin radikal qanadı çıxışlarında həqiqətən nifrət mühitini körükləməyə yaxın idi. Digər yandan isə, təşkilat rəsmi şəkildə poqromları kəskin pisləyən və qınayan bəyanat qəbul etdi, hətta erməniləri xilas etməyə belə cəhd göstərilmişdi. Bir sözlə, biri digərini istisna etmirdi. Bu bir fakt idi ki, Xalq Cəbhəsi ictimai-siyasi palitrası çox rəngarəng və mərkəzdən kənarda mövcud olan nəhəng bir təşkilata çevrilə bilmişdi. Təşkilatın daxilində daha radikal nümayəndələr müəyyən iğtişaşlarda maraqlı idilərsə də, nisbətən liberal və mülayim qanad onların qarşısını almağa çalışırdı.

Poqromlarla bağlı istintaq qrupu başqa bir versiya - hadisələrdə xarici qüvvələrin iştirakı versiyası üzərində də ciddi araşdırmalar aparırdı. Xüsusilə, daha çox səslənən iddia bu idi ki, poqromda iştirak edənlərə Sovet İttifaqının erkən dağılmasını istəyən xarici qüvvələr təlim keçiblər və onlara maliyyə sponsorluğu ediblər. Onlar (SSRİ daxilində xarici təşkilatlarla əlaqələri olan agentlər) Zaqafqaziyada misli görünməyən millətlərarası etnik qarşıdurma təşkil etməli və müttəfiq respublikaların hakimiyyət orqanlarının yaranmış vəziyyətə qeyri-adekvat sərt reaksiyası olsun deyə, təhrikçi roluna üstlənməli idilər. Təxribatın məqsədi ölkədəki millətlərarası barışı qorumaq iqtidarında olmayan Sovet rejiminin zəifliyini və eyni zamanda, daxili problemləri yalnız aşırı güc tətbiq etmək yolu ilə həll edən bir rejimin cəza xarakterini, təbiətini cəmiyyətə nümayiş etdirmək idi. Təbii ki, bu hal insanlarda onları idarə edənlərə qarşı nifrəti daha da artıran amilə çevriləcəkdi.

Bu versiyaya görə, ilk belə təxribat Sumqayıtda baş tutmuşdu, lakin daha böyük rezonans doğursun deyə, onu Bakıda da təkrarladılar. Hətta belə bir məlumat da yayılıbmış ki, iğtişaşların başlamasına bir müddət qalmış, guya şəhərdə gizli kameralar quraşdırmağa hazırlaşırmışlar, lentə alınmış materiallar isə dərhal xarici informasiya agentliklərinə ötürülməli imiş. Həmin hadisələrin bəzi şahidləri sonralar əmin edirdilər ki, poqromu təşkil edənlərin fəaliyyətinə o aktivistlər rəhbərlik edirmişlər, hansı ki, əvvəllər heç vaxt AXC sıralarında görməmişdilər, əsgərlərə güllə atanlar isə, Bakı şəhəri boyu hərəkət edən dövlət qeydiyyat nişanı olmayan maşınlardakı təxribatçılar olub. Ancaq bir daha qeyd edək, o da istisna olunmurdu ki, baş verənlərin iştirakçıları təlimatları həm də SSRİ DTX-sının bəzi generallarından alırdılar və bu versiyanı inandırıcı edən bir çox təkzibolunmaz faktlar çox sonralar bəlli olacaqdı.

Ən maraqlısı isə bu olub ki, nədənsə, kütləvi qiyamların fonunda rəhbərlik (həm ittifaq, həm də respublika) heyrətamiz dərəcədə öz sakitliyini qoruyub saxladı. Yanvarın 15-də respublika ərazisində fövqəladə hal tətbiq olundu, ancaq bu, Bakı şəhərinə aid deyildi. Hətta deyək, fövqəladə hal Bakıya tətbiq olunsaydı da belə, artıq poqromlar bu zamana kimi ciddi ölçüdə səngimişdi. Şəhərdə dislokasiya olunmuş hərbi qoşunlar heç bir halda qarışıqlıqlara müdaxiləyə cəhd etmirdi. Onlar yalnız inzibati və hökumət binalarının qorunması ilə məşğul idilər.

Hadisələrin mövcud vəziyyəti fonunda Xalq Cəbhəsi də öz fəaliyyətini davam etdirirdi. Yanvarın 17-də Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında fasiləsiz mitinqlərə start verildi. Ertəsi gün isə bütün respublika ərazisində müddətsiz tətillər elan edildi. Etirazçılar üç dəfə cəhd edərək Mərkəzi Komitənin binasını ələ keçirmək istədilər, lakin daxili qoşunların bir hissəsi silah tətbiq etmədən hücumları dəf edə bildi. Dərhal Bakı qarnizonunun kazarmasının ətrafında barrikadalar və nəzarət-buraxılış məntəqələri quruldu. 19 yanvarda daha dramatik hadisələr baş verdi, belə ki, Naxçıvan ASSR Sovet İttifaqından ayrıldığını bəyan edərək öz müstəqilliyini elan etdi. Bunun ardınca AXC-nin faktiki nəzarətində olan Azərbaycanın digər bölgələrinin rəhbər orqanları tərəfindən də eyni addımın atılması planlaşdırılırdı.

Sovet rejiminin müdaxiləsi

Etiraz və iğtişaşların başlamasından bir neçə gün sonra, yanvarın 19-da, müdafiə naziri Dmitri Yazov və müavini Valentin Varennikov da daxil olmaqla, ittifaq rəhbərliyi Bakıya təşrif buyurdu. Yüksək rütbəli məmurlar dərhal o qənaətə gəldilər ki, respublikanın hakimiyyət orqanları ölkəyə nəzarəti artıq faktiki olaraq itiriblər və məcburiyyətdən AXC rəhbərliyi ilə danışıqlara başlamağı zəruri hesab elədilər. Görüş baş tutdu. Xalq Cəbhəsi artıq ölkənin müstəqilliyi məsələsini masaya qoymuşdu. Görüşün sonunda isə, SSRİ rəhbərliyi “cəbhəçilərə” ultimatum təqdim edərək bildirdi ki, bizdən Azərbaycanın Sovet İttifaqından ayrılmasına “dözməyi” gözləməyin. AXC rəhbərliyi böyük şücaət nümayiş etdirərək Sovet rejiminin ultimatumunu cəsarətlə rədd etdi, ancaq əvəzində qərar qəbul etdi ki, piketlərin və aksiyaların keçirilməsinə hələlik ara verəilcək və hərbi qoşunlara müqavimət göstərilməyəcək.

Bu arada qeyd edək ki, desant qüvvələri təyyarə ilə hələ yanvarın 12-də Bakı hava limanına enmişdilər. Təəccüblüdür ki, buna baxmayaraq, ittifaq rəhbərliyinin respublika və AXC rəhbərliyi ilə danışıqlara başladığı zamana qədər, bu qoşun növünün baş vermiş hadisələrə müdaxiləsi müşahidə edilməmişdi. Onların, hətta Bakıda blokadaya alınmış hərbi hissələrə yardım etməyə gəlməməsi və şəhərdə ümumi vəziyyətə nəzarəti ələ almağa cəhd etməməsi bu gün də ciddi sual olaraq qalır. Bu dəfə isə durum fərqli idi, danışıqlar uğursuzluqla bitmişdi, AXC faktiki olaraq SSRİ rəhbərliyini mərkəzi hökumət kimi tanımırdı, rəsmi Moskva isə buna dözüm nümayiş etdirməyəcəyini bəyan etmişdi, belə baxanda, oyun açıq gedirdi, nəhayət, hərbi rəhbərlik tərəfindən indi hücumu təxirə salmağın lüzumsuz olması qənaətinə gəlindi, hətta əməliyyata 20 yanvar gecəsi başlamaq barədə qərar verildi. Ən dəhşətlisi isə bu idi ki, şəhərə qoşunların yeridiləcəyi barədə əhalini məlumatlandırmağa belə, gərək duymadılar. Artıq teleqüllənin enerji bloku da partladılmışdı. Səhərə yaxın, əlbəttə, radio vasitəsilə müəyyən məlumatlar ötürüldü və şəhərə vertolyotlarla vərəqələr dağıdıldı, ancaq böyük əksəriyyət üçün artıq çox gec idi.

Qopan fırtına...

Hərbi qoşunlar Bakıya üç istiqamətdən daxil oldular. Yol boyu hərbi konvoylar müxtəlif odlu vasitələrlə atəşə məruz qalırdı. “Literaturnaya qazeta”nın müxbirinin yazdığı kimi, “ordu cavab verirdi, ancaq qeyri-adekvat cavab verirdi”. Hava-desant diviziyasının komandanı general Aleksandr Lebed “Qara Yanvar” hadisələrinin Sovet hərbçilərinin xatirələrində necə qaldığını “İmperiya üçün ayıb...” kitabında belə xatırlayır: “Uçuş zolağına qədər eniş edən təyyarələr yerdən atəşə tutulurdu. Yanvara ayı, qışdır, hava gec işıqlaşır, tez də qaranlıq düşür. Alatoranlıqda uçduğum təyyarə Bakıdan 30 kilometr aralıdakı Qala aerodromuna endi. Ətrafda atəş səsləri eşidilirdi. Təyyarə ekipajından kimsə tələm-tələsik məruzə etdi ki, təyyarələrdən birinin gövdəsindən uzun bir sıra keçdi, itki yoxdur, təyyarə ciddi şəkildə zədə görməyib”. Lebed daha sonra yazır ki, etirazçılar asfaltın üzərinə benzin tökmüşdülər və hərəkət edən hərbi kalonlara yanan məşəllər atırdılar, magistral yolun kənarındakı üzüm bağlarından konvoy vaxtaşırı atəşə tutulur, əsgərlərə kərpic, armatur və boru şlamları atılırdı. General Lebedin dediyinə görə, 30 km-lik yol boyu Ryazandan gələn hava-desant qoşunlarının 7-si güllə yarası olmaqla 30-a yaxın hərbiçi yaralanıb. “Güllənin biri çavuşun kürəyindən girmişdi, onurğanın sağ tərəfini dələrək qarın boşluğuna nüfuz etmişdi. Qospitalda ona yarım metr tikiş qolyuldu, ancaq sağ qalmağı bacardı. Başqa bir sıravinin güllə dəbilqəsini deşmişdi, başından kor bir yara açılmışdı, bir ay sonra əsgərin huşu özünə qayıtmadı və elə qospitalda öldü”, - deyə Lebed ilk saatlarda qarşılaşdıqları aqibəti belə nağıl edib.

Əlbəttə, Sovet əsgərləri də boş dayanmamışdılar. Əsgərlər zirehli maşınların üzərlərinə quraşdırılmış pulemyotlardan və şəxsi silahlardan atəş açırdılar. Vəziyyətin absurdluğunu o hal ağırlaşdırırdı ki, atəş zamanı küçələri, yolları bağlamış piket iştirakçıları ətrafa səpələnərkən, güllələr. əsasən yaralılara kömək cəhdi göstərənlərə tuş gəlirdi. Barrikadaları qabağına qatıb süpürən tanklar önlərinə çıxan avtomobilləri də rəhmsizcə əzib keçirdilər. Bu zaman onları maşınların içərisində insanların olub-olmaması heç qayğılandırmırdı da. Vəhşilik ən son həddə idi. Şahidlər olub, danışırdılar ki, insanların arasında, xüsusilə ağlasığmaz cəsarətli gənclər var idi ki, yolun ortasında yerə uzanaraq zirehli maşın kalonunun hərəkətini davam etdirməsinə maneçilik törətməyə cəhd edirmişlər. Kalon rəhmsiz idi, vaxt itirmədən və heç nəyə məhəl qoymadan hərəkətinə davam etdi.

“...19-dan 20-nə keçən gecə rus qoşunları hər bir halda şəhərə daxil oldular. Ancaq məsələ burasında idi ki, Sovet hərbi maşını bir Sovet şəhərinə hücum çəkmişdi... işğalçı ordu kimi: gecənin bir aləmində, tanklarla və təpədən dırnağa silahlanmış zirehli maşınlarla, yolunu od-alovla və obrazlı desək, qılıncla təmizləyərək. Qırğında iştirak etmiş bir hərbi komendantın dediyinə görə, həmin gecə sursat sərfiyyatı, nə az-nə çox, düz 60 min güllədən ibarət olub. Sumqayıt yolunda bir sərnişin avtomobili yolun kənarında dayanmışdı, tank kalonunu buraxırmış - içərisində Elmlər Akademiyasının üç alimi, biri qadın olmaqla üç professor. Qəfildən tankın biri kalondan çıxdı, metaldan olan tırtılları ilə bütün sərnişinlərini əzərək maşının belinə mindi. Kalon dayanmadı – “şəhərdə möhkəmlənmiş düşməni” məhv etməyə tələsirdi çünki...”, - deyə rejissor Stanislav Qovoruxin bu hadisə barədə qeydlərində yazıb.

Narkotik vasitələr və alkoqol içki qəbul etdikləri iddia olunan Bakıya daxil olmuş Sovet əsgərləri, gecənin qaranlığında və hədsiz qarmaqarışıqlıqda hara atəş açdıqlarını heç özləri belə bilmirmiş. Bu, heç onların veclərinə də deyildi ki, avtomatlardan çıxan güllələr uşağa, qadınlara və qocalara tuş gələ bilərdi. Güllələr qaranlıqda itən qapıları, evlərin eyvanlarını, pəncərələrini deşik-deşik edirdi. Bəzən, hətta əynində dövlət mundiri olan milis işçilərini də güllələyirdilər. Ağlasığmaz dərəcədə tükürpədici bir soyqırım əməliyyatı həyata keçirilirdi Sovet rejimi tərəfindən azərbaycanlılara qarşı.

Gecə boyu şəhərdə dağıntılar və qətliam törədən ordu, nəhayət, Xalq Cəbhəsinin inzibati binasının yerləşdiyi əraziyə, Bakı limanına daxil oldu. Təşkilat dağıdıldı və onun liderləri, üzvləri həbs edildi. Ehtimal oluna bilərdi ki, Sovet hakimiyyəti Azərbaycanda bərpa olundu. Ancaq nə bahasına?

Qafqaz üzrə tanınmış konfliktoloq Tomas de Vaalın sözlərinə görə, “tanklar barrikadaların üzərindən sürünərək qarşısına çıxan maşınları altında əzib keçirdi. Əsgərlər, qaçan insanlara atəş açmaqları bir yana, yerdə qan içində uzanan yaralılara belə rəhm etmirdilər”.

Bununlada məlum oldu ki, 1990-cı il, 20 yanvar hadisəsi nəticəsində Bakıda və digər rayonlarda 146 dinc sakin öldürülmüş - onlar Şəhidlik zirvəsinə yüksəlmişdilər - 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdu. Müxtəlif mənbələrin verdiyi məlumatlarda bildirilir ki, Sovet qoşunlarına qarşı əliyalın azərbaycanlılar da boş dayanmamış, qoşunların hərəkətini dayandırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməklə qəhrəmancasına müqavimət göstərmişlər və nəticədə Sovet ordusu sıralarından da 9-27 arası hərbçi o dünyaya göndərilmişdir. Kifayət qədər yaralının olduğu da məlumatlar arasında olub. İş orasındadır ki, Qanlı Yanvar gecəsində ölmüş hərbçilərin sayının dəqiqləşdirilməsi ona görə müşkülə çevrilib ki, ümumi rəsmi statistikaya, əsas etibarilə, 1990-cı ilin yanvar ayı ərzində (30 gün) Azərbaycanda xidmətdə olmuş Sovet əsgərləri ilə bağlı bütün insidentlər daxil edilib, yəni qəsdən 19-20 yanvar gecəsi baş verənlərə ayrıca bir paraqraf açılmayıb. Ölüm səbəbləri gizlədilib, bir sözlə, hamısı “bəlli olmayan səbəblərdən gəbəriblər”.

Müdafiə naziri Yazovun “avtomat silahlarla silahlanmış on minlərlə yaraqlı haqqında” gurultulu, ancaq başdan ayağa yalan açıqlamasına baxmayaraq, şəhərə edilən hücumdan sonra, ordu, mülki əllərdən əksəriyyəti ov və ev silahları olan 84 ədəd silah toplaya bilmişdi. Əslində, əli xalqımızın qanına bulaşmış cinayətkar nazir Yazovun, səlahiyyətli orqanların erməni poqromlarını dayandırmağa çalışdıqlarına dair ziddiyyətli açıqlamaları da tənqidə dözümsüz idi. Çünki iş o yerə çatdı ki, Erməni Ümummilli Hərəkatı müdafiə naziri Yazovu yalan danışmaqda günahlandıraraq bəyan etdi ki, Sovet rejiminin əsl məqsədi erməniləri müdafiə etmək yox, Azərbaycanda hakimiyyəti faktiki ələ keçirmiş və müstəqillik tələb edən Xalq Cəbhəsini devirmək idi.

Bütün bunlara baxmayaraq, 1990-cı ilin yanvar hadisələri Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması prosesində geri dönüş nöqtəsi oldu. Həm azərbaycanlı əhali, həm də erməni əhalisi nəticə etibarilə İttifaq rəhbərliyinin, bütün mənalarda, böyük siyasi oyunlarının girovuna çevrildi. Sovet rejimi qanlı qarşıdurmalara səbəb olan şiddəti dayandırmaq üçün heç bir əməli addım atmadı. Axı bu, onun AXC-yə münasibətdə istənilən hərəkətdə faktiki olaraq əl-qolunu bağlayırdı...

Çünki Xalq Cəbhəsinə onsuz da “İslam fundamentalistləri” damğası vurulmuşdu (Özü də, Əfqanıstan müharibəsindən yenicə çıxmış bir ölkədə). İndi mərkəzi hakimiyyət çox rahatlıqla və əminliklə deyə bilərdi ki, bu “cəbhəçilər” həm də qiyamçıdırlar, o mənada ki, onlara qarşı istənilən güc tətbiqi dövlətin vəzifəsi sayıla bilərdi. Şübhəsiz, hər kəsə aydın oldu ki, hərbi əməliyyatın gerçək vəzifəsi zorakılığın qarşısını almaq və günahkarları cəzalandırmaq deyilmiş, əsas məqsəd respublikada faktiki Sovet rejimini devirmiş və yaxın tarixdə (1990-cı il mart ayında) keçirilməsi planlaşdırılan seçkilərdə qalib gəlməyə müvəffəq olacağı kimsədə şübhə doğurmayan Xalq Cəbhəsini əzmək idi.

Bəli, Sovet hökuməti məhz bizim ölkəmizdə, Azərbaycanda öz gücünü nümayiş etdirmək qərarı verdi. Əvvəla, onlar müəyyən mənada AXC-nin “islam radikalları” obrazını yaratmaqla bağlı informasiya kampaniyası aparmağa müvəffəq oldular. İkincisi, Cənubi Qafqazda baş verən hadisələrə, Avropa sərhədlərində yerləşən Baltik ölkələri və Moldova dövlətində çıxan olaylara nisbətən daha az beynəlxalq diqqətin yönəlməsinə nail oldular. Beləliklə, Qərb sərhədlərində olan ölkələri onsuz da itirdiyini düşünən SSRİ rəhbərliyi Qanlı Yanvar faciəsi ilə, qalanlarını nələrin gözlədiyini geniş miqyasda göstərmək qərarına gəlmişdi. Məsələ burasındadır ki, Sovet rejimini idarə edənlər anlamadılar ki, 70 il ölkəni xalqlar həbsxanasına döndərməklə, onların üzərindəki nüfuzlarını və hakimiyyət hüquqlarını ən azı mənəvi cəhətdən çoxdan itirmişdilər.

Elə bunun nəticəsi idi ki, rəsmi şəxslərin əvvəlcə şiddət dalğasını görməzdən gəlib, ardınca bu zorakılıqlara qarışmağa çalışmayan insanlara sağalmaz zərbələr vurması, nəhayət, Sovet kimliyini və partiyanın Azərbaycan xalqı üzərində bəyan etdiyi dəyərləri birdəfəlik öldürdü. Bakıya qoşun girdikdən bir gün sonra küçələrdə Sovet ordusunun vəhşiliklərini pisləyən vərəqələr və yazılar görünməyə başladı: “Daloy Sovet İmperiyası!”, “Daloy KPSS”, “Sovet ordusu – faşist ordusudur”. Beləliklə də, Azərbaycan SSR artıq Sovet rejimi üçün birdəfəlik itirilmiş hesab olundu və hökumətin özü bu nəticədən ötrü Xalq Cəbhəsindən daha çox pay sahibi oldu. Maraqlı sual meydana çıxır, görəsən, gerçəkdənmi bütün bunlar şüurlu olaraq baş verirdi? Yəni məqsəd həqiqətən də SSRİ-ni dağıtmaq idi?

Bakının ən ucqar nöqtəsində Şəhidlər Xiyabanı adı verilən xatirə kompleksi bizə hər daim Qanlı Yanvar qurbanlarını, Şəhidlərini xatırladır. Siyasətçilər, ümumi mənada, azadlıqlar uğrunda ödənəcək qanlı bədəldən tez-tez bəhs edərlər. Bəs yaxşı, iş belədirsə, bu bədəl niyə yalnız azadlıqlar uğrunda mücadiləyə daxil olmayanlar tərəfindən ödənilir hər dəfə?

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »