Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
"Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar

Türkiyənin hərbi uğurları bütün dünyanın diqqət mərkəzindədir. Qardaş ölkə təkcə bölgənin yox, ümumilikdə planetin böyük güclərindən birinə çevrilir.

Azərbaycanın arsenalında Türkiyə dronlarının ortaya qoyduğu nəticə indi hər yerdə müzakirə olunur. Böyük Britaniya da Türkiyənin pilotsuz uçuş aparatlarına (PUA) böyük maraq göstərməyə başlayıb.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Bizimyol.info xəbər verir ki, Misirin “NoonPost” informasiya agentliyi bu haqda material hazırlayıb. Yazıda türk dronlarının Azərbaycandakı son uğurundan da danışılır. Məqalənin əvvəlində Böyük Britaniyanın dünya liderliyini ABŞ-a uduzduğu halda Türkiyənin sürətlə inkişaf etməsi qeyd olunub. Beynəlxalq Valyuta Fondunun hesabatları qardaş ölkə haqda yalnız nikbin təəssürat yaradır.

Böyük Britaniyanın türk dronlarına marağı Müdafiə Nazirliyi səviyyəsində özünü göstərir. Nazir Ben Uolles deyib ki, Türkiyənin pilotsuz uçuş aparatları beynəlxalq arenada oyun qaydalarını dəyişib. Uolles türk PUA-larının İraqın şimalında, Suriyada və Liviyada uğurlu əməliyyatlar keçirdiyini yaxşı anlayır. Nazir 2020-ci ildə Böyük Britaniyanın rəsmi şəxsləri ilə pilotsuz uçuş aparatları sahəsində görülməli olan işləri daha çox müzakirə etməyə başlayıb. Uolles açıq deyir ki, xarici təzyiqlərə baxmayaraq, Türkiyə bu istiqamətdə çox inkişaf edib. Həm qiymət münasibdir, həm də PUA-lar üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirə bilir.

Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, Uolles ingilis mühəndis-konstruktorlara qarşıdakı beş il ərzində ölkənin öz PUA-larını istehsal etmək istiqamətində ciddi iş görməyi tapşırıb. O, Türkiyənin təcrübəsindən istifadə etməyin vacibliyini bildirib.

Ben Uolles Ben Uolles

Keçən ilin iyulunda “Die Welt” yazırdı ki, dronlar inqilab effekti verib və Yaxın Şərqdə qüvvələr nisbətini Türkiyənin xeyrinə dəyişib.

Ankara bu məsələyə müştəri cəlb etmək prizmasından da yanaşır. Deməli, Türkiyənin müttəfiq müştəriləri bu potensialdan böyük dövlətlərə qarşı da istifadə edə bilər. “Die Welt” dron sənayesinin inkişafını məhz Türkiyənin adına bağlayır.

Almaniyanın başqa bir qəzeti “Tagesschau” Avropanın Türkiyədən aşkar şəkildə geri qaldığını yazır. Nəşr türk dronlarının yüksək texniki xarakterindən bəhs edib.

“Financial Times”  hesab edir ki, Türkiyənin pilotsuz uçuş aparatları ABŞ, Çin və İsrail məhsullarından nəinki geri qalmır, əksnə, bir sıra parametrlər üzrə üstündür. Fransanın “Liberation”u Amerikanın bahalı dronlarını almaqdansa, Ankaraya üz tutmağın səmərəli olduğunu qeyd edib.

“NoonPost” yazının axırlarında “Bayraktar”ın Azərbaycanın arsenalında gördüyü işlərdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu PUA-lar sayəsində Ermənistanın milyardlarla dəyəri olan texnikasının sıradan çıxarılması barədə fikirlərinə yer verilib. Müdafiə Tədqiqatları İnstitutunun akademiki Maykl Klark deyib ki, əməliyyatlar zamanı Ermənistan 224, Azərbaycan isə cəmi 36 texnika itirib.

İndi Böyük Britaniya Türkiyəyə tərəf can atır. Bu ilin əvvəlində ölkələr azad ticarətlə bağlı müqaviləyə imza atıb. Türklər ingilislərin təyyarə mühərrikləri istehsalı ilə bağlı təcrübəsini öyrənəcək. Əvəzində “Bayraktar”ın Böyük Britaniyaya ciddi dəstəyi olacaq.

Son xəbərlər
Bütün xəbərlər »