Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi anası kömək istəyir: Səsinə səs verək! - Foto
Qazi anası kömək istəyir: Səsinə səs verək! - Foto

Qazi anası Raisa Məmiyeva əlaqədar təşkilatlardan və ona kömək edə biləcək insanlardan yardım gözləyir. Niyyəti heç kimdən maddi kömək istəmək deyil. Deyir kömək edin ipotekadan ev ala bilim. Ödənişlərimi özüm verəcəm. Sadəcə kirayəyə verdiyim pulu evə verim. Raisa xanımın ilkin ödənişə imkanı çatmır.

“Biz əslən Kürdəmir rayonundanıq. Amma 16 ildi Bakıda yaşayırıq. Orda bizim nə evimiz var, nə torpağımız. Həyat yoldaşımla sənəd üzərində evli olsaq da, bizi uzun illər öncə tərk edib gedib. Uşaqlarımı anamgilin köməyi ilə özüm böyütmüşəm. 2 övladım var. 19 yaşlı oğlum və 17 yaşlı qızım. Özüm satıcı işləyirəm. İpoteka ilə ev ala bilsək və ya sosial mənzil imkanı yaransa, anamgil də yardım edəcək, ödənişləri vaxtında edə biləcəm. Kirayə qaldığım müddətdə etdiyim kimi.

Rüstəm Qurbanov

Oğlum Qurbanov Rüstəm Vətən müharibəsi qazisidir. Müharibə başlayanda hərbi xidmətdəydi. Yaralanıb. 5 dəfə ayaqlarından, çənəsindən və qollarından əməliyyat olunub. Hələ 3 əməliyyat da olacaq. Gəzmə qabiliyyətini itirib, əlil arabasındadır. Sayəsi kiçik bir evdə kirayə yaşayırıq. Qazi balamı həkimə aparıb-gətirəndə çox əziyyət çəkirik. 5-6 adam lazımdır ki, 7-ci mərtəbədən aşağı düşürüb-çıxartsın. Həkimlər deyirlər ki, yeriyəcək, amma bunun üçün bir neçə il vaxt tələb olunur. Kreditlə ev tikib satan şirkətlərdən xahiş edirəm ki, bizə ilkin ödənişsiz ev götürməyə dəstək olsunlar. Kirayəyə verdiyim pulu ipotekaya ödəyərdim. İlkin ödənişə imkanım yoxdur. Aidiyyatı şirkətlərə üzümü tutub xahiş edirəm, yardım etsinlər. İlkin ödənişsiz, aylıq 300-400 manat verə bilərəm”,- deyə qazi anası bildirir.

Hələ ki, Raisa xanımın bu çağırışına ancaq mediadan səs gəlib. Bizim əlimizdən gələn görmək və işıqlandırmaqdır. Ağır yaralanmış qazimizin ailəsinə bu dəstəyi göstərməklə mənzil tikinti şirkətləri həm gözəl bir reklam, həm də xeyriyyə işi yerinə yetirərlər. Ana "mənə ev bağışlayın" - demir, güzəştli əsaslarla, yəni ilkin ödənişsiz almağıma kömək edin deyir. Bu qədər vüqarlı, qürurlu bir ana arzusunu yerinə yetirmək də vicdanlı iş adamlarının üstünə düşür. Qazi ailəsi ilə əlaqə nömrələrini qeyd edirik:

050 317 84 75

070 394 99 90

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »