Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 yanvar - faciəli və şərəfli tarix
20 yanvar - faciəli və şərəfli tarix

20 Yanvar təkcə Azərbaycanın deyil, təkcə keçmiş Sovet İttifaqının deyil, Dünyanın tarixində həmişə qalacaq. Həm Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi, həm Sovet İttifaqının dağılmasına təkan verən mühüm tarixi hadisə kimi, həm də Dünya tarixində dönüş nöqtələrindən biri kimi. Ancaq bütün tarixi-siyasi səbəbləri və nəticələri bir yana, bu, tariximizin faciəli bir səhifəsidir həm də.

Sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakıya və bir sıra rayonlara yeridilməsi nəticəsində Moskvadan verilmiş əmrlə böyük qırğın törədildi; 146 dinc insan öldürüldü, 744 nəfər yaralandı. 841 nəfər qanunsuz həbs olundu. Əsasən Rusiyanın cənubundan toplanmış, çoxu rezervistlər, aralarında milliyyətcə xeyli erməni olan Sovet hərbi qüvvələrin 200 evi və mənzili, 80 avtomaşını yandırıcı güllələrlə məhv etmişlər. Həmin avtomaşınlar arasında təcili yardım karetaları da vardı. Həlak olan, yaralanan insanlar arasında xeyli sayda qadınlar, yaşlılar, uşaqlar var. Həkimlər, tibb bacıları, milis işçiləri var. Allah şəhidlərimizə rəhmət eləsin!

Bu qırğınların törədilməsinə səbəb olan xeyli amillər vardı. Bunlardan ən birincisi, Azərbaycan xalqının Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqil dövlət formalaşdırmaq istəyi idi. Çünki İttifaq Mərkəzi Moskva Azərbaycana qarşı ədalətsiz mövqe tuturdu; Qarabağda erməni separatizminin nəinki qarşısını alırdılar, əksinə xalqımıza qarşı bu cinayətkar hərəkətlərə açıq-gizli dəstək verilirdi. Ermənistanda yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulmasına, Quqarkda, Şirazlıda və başqa yerlərdə azərbaycanlılara qarşı törədilmiş qətl, qarət və zorakılıqlara qarşı da Sovet rəhbərliyi kor olmuşdu. Azərbaycanda bu ədalətsizliklərə qarşı böyük xalq hərəkatı başladı və zamanla milli-azadlıq hərəkatına çevrildi. 1990-cı il 20 yanvar hadisələrinə qədər Sovet rejimi Qazaxıstanda, Gürcüstanda, Litvada belə qanlı cəza əməliyyatları həyata keçirmişdi. Ancaq bunların heç biri Azərbaycan xalqını qorxutmamış, öz haqlı mübarizəsindən çəkindirməmişdi. Başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyinin bu cinayətkar qərarları - Bakıya, Azərbaycanın sərhədyanı və cənub bölgəsinə, demək olar, hər yerə qoşun yeridərək qırğınlara rəvac verməsi 1990-cı ilin martında Azərbaycan Ali Sovetinə seçkilərin vaxtının çatması ilə bağlı idi. Sovet rəhbərliyi bilirdi ki, bu seçkilərdə milli-azadlıq hərəkatına öncüllük edən Azərbaycan Xalq Cəbhəsi şəksiz qələbə çalacaq və xalqın formalaşdıracağı deputat korpusunun ilk qərarlarından biri Sovet İttifaqının tərkibindən çıxmaqla bağlı olacaq. Ona görə qırğın törədərək seçkilərdə xalqın deyil, yerli kompador partnomenklaturanın "qələbə"sini zorla təmin etdilər. O zamankı SSRİ müdafiə naziri Dmitri Yazov: "Məqsədimiz Xalq Cəbhəsinin strukturlarını dağıtmaqdır" sözlərini təsadüfən deməmişdi. Ancaq bu, baş tutmadı; Azərbaycanda milli-azadlıq mübarizəsini dayandırmağa yetmədi. Çox tezliklə cinayətkar Sovet rejimi özü çökdü. Əli Azərbaycan xalqının qanına batmış Sovet rəhbərliyi nümayəndələri - Yazov, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Kryuçkov həbsə düşdülər. Cəza əməliyyatına başçılıq edənlərdən general Aleksandr Lebed və Azərbaycan KP MK-nın ikinci katibi (rus canişini) Viktor Polyaniçko öz ölkələrində terror nəticəsində öldürüldülər. Sovet qoşunlarına "dəvət" teleqramları vuran Azərbaycanın o zamankı rəhbəri Əbdürrəhman Vəzirov xalqın qəzəbindən son anda Moskvaya qaçmaqla canını qurtarsa da, şərəfini heç vaxt geri qaytara bilməyəcək. 20 yanvarda Bakıda qətllər törədən Sovet-rus hərbçilərinin xeyli hissəsi sonralar rus-çeçen müharibəsində gəbərdildi. Ancaq Mixail Qorbaçov başda olmaqla hələ də xeyli 20 yanvar canisi bu dünyada cəzalarına çatmayıblar. Bununla belə onlar yaşadıqca, nəfəs aldıqca tarixin və Azərbaycan xalqının həmin şəxslərin alnına vurduğu cani damğası getdikcə daha da böyüyür. Və bu lənətdən heç vaxt qurtula bilməyəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »