Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi şərhçi: “Bayden Azərbaycan və Türkiyəyə xoş münasibətdə olmayacaq”
Siyasi şərhçi: “Bayden Azərbaycan və Türkiyəyə xoş münasibətdə olmayacaq”

Yanvarın 20-də Co Bayden Trampın tərəfdarlarının 2 həftə əvvəl hücum etdiyi ABŞ Kapitolisi yaxınlığında and içəcək. Amerikada yeni prezidentin andiçmə mərasimi hakimiyyətin dinc yolla ötürülməsi ənənəsini simvolizə edir. Co Baydenin çərşənbə günü andiçmə mərasimi isə ənənələri bu anlamda pozmuş hesab edilə bilər. Buna görə öncəki andiçmə mərasimlərindən fərqlənəcək.

Qonaqların sayı məhdud olacaq. İnaqurasiya nitqindən sonra Bayden hakimiyyətin dinc yolla ötürülməsini gücləndirmək üçün hərbi yürüşə nəzarət edəcək. Daha sonra o keçmiş prezidentlər Barak Obama, Corc Buş və Bill Klintonla Naməlum Əsgər Türbəsi önünə əklil qoymaq üçün Arlington Milli Qəbiristanlığına gedəcək. Evdə qalma mesajını almayanlara silahlı qüvvələr yardımçı olacaq.

Bayden hakimiyyətə gələr gəlməz özünə erməni köməkçilər təyin etməsilə sanki tərəfini bəlləmiş oldu. Hər halda sadə azərbaycanlılar belə düşünür. Baydenin gəlişi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklər olacaq? Xüsusən indiki reallıq fonunda, yəni Qarabağda Azərbaycanın öz suverenliyini bərpa etməsilə dəyişən geosiyasi vəziyyət ABŞ-ı necə strategiya yürütməyə məcbur edəcək?

Mübariz Göyüşlü Mübariz Göyüşlü

Bizimyol.info-nun suallarını Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü cavablandırır:

“ABŞ-da prezident seçkiləri və ümumən seçkilər, siyasi proseslər bütün dünyada çox diqqətlə izlənilir. Çünki ABŞ superdövlət olduğu üçün burada baş verənlər demək olar ki, bütün dünyaya, digər ölkələrə bu və ya digər dərəcədə təsir edir. Azərbaycan da bundan istisna deyil. Okeanın o tayında baş verənlər, ABŞ prezidentinin kim olacağı, onun hansı qərarlar verəcəyi, qəbul edilən qərarların Azərbaycana təsirləri zaman-zaman müzakirə edilir. Baxmayaraq ki, ABŞ-ın Azərbaycanla birbaşa sərhədləri yoxdur. Ameriakının Cənubi Qafqazdakı maraqları, rəsmi Vaşinqtonun bölgəylə bağlı müəyyənləşdirdiyi siyasət bizim ölkəmizə də təsir edir. Açıq danışsaq ABŞ-ın son illər Azərbaycana, türk-islam aləminə yönəlik siyasəti o qədər də müsbət olmayıb. Digər ölkələrlə bağlı uzun-uzadı qeydlər etmədən müsəlman aləmində demokratik inkişaf yoluna üstünlük verən iki dünyəvi dövlət – Türkiyə və Azərbaycanla bağlı Amerikanın yanlış siyasəti bu ölkələrdə ona qarşı bir inamsızlıq mühiti formalaşdırıb. ABŞ elə bir dövlətdir ki, burada prezidentlərin, yaxud hansısa senatorların, konqresmenlərin, nazirlərin müəyyən olunmuş ümumi siyasi xətdən kənara çıxdığını görmək mümkün deyil. Donald Tramp Obamadan sonra hakimiyyətə gələn kimi Türkiyəyə qarşı müəyyən bəyanatlarla ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi yumşaltmağa çalışdı. Azərbaycana münasibətdə loyal siyasət yürütməyə cəhd etdi. Lakin ümumən ABŞ-ın siyasətində müsbətə doğru prinsipial bir dəyişiklik baş verdiyini söyləmək çətindir. 20 yanvarda andiçməsi keçirilən yaşlı, amma təcrübəli, siyasətə, dövlət idarəçiliyinə həvəsli olan Co Baydenin Azərbaycana və Türkiyəyə xoş münasibətdə olacağına o qədər də inamlı deyiləm. Baydenin adı daim erməni lobbisi ilə, erməni məsələləri ilə, ermənilərin xeyrinə olan məqamlarla yanaşı çəkilib. “Yanaşı çəkilib” bəlkə də yumşaq sözdür, bu şəxs konkret olaraq erməni maraqlarına qulluq etməsilə tanınıb. Onun təkcə konqresin erməni işləri qrupunda təmsilçiliyi bu sözləri söyləməyimizə əsas verir. Bayden daim Ermənistana, Qarabağdakı separatçı-cinayətkar rejimə fəal dəstək tərəfdarı kimi çıxış edib. Əlbəttə prezident olandan sonra Baydenin həddən artıq fəal ermənipərəst biri kimi çıxış edəcəyinə inanmaq çətindir. Çünki ən azından dövlət başçısı kimi daha diqqətli və diplomatik, dövlətlərarası münasibətləri zədələməyəcək formada davranması lazım gələcək. Amma istənilən halda onun əvvəlki fəaliyyətlərinin, erməni sevgisinin zaman-zaman qabaracağına, Azərbaycana qarşı haqsız davranış və qərarlar qəbul etməsinə, Türkiyə ilə münasibətləri zədələyəcək addımlar atmasına şahid olmağımız da mümkündür. Lakin Bayden və admnistrasiyası anlamalıdır ki, əgər yanlış qərarlar qəbul edilərsə, bundan Azərbaycanla Türkiyədən daha çox ABŞ, onun bölgədəki maraqları təhlükəyə düşəcək. Çünki artıq bölgədə ABŞ-ın hər sözüylə oturub-duran Türkiyə yoxdur. Onun yerinə güclü Türkiyə və onun strateji, sadiq müttəfiqi olan Azərbaycan, onların hər ikisini möhkəm təməllərlə bir-birinə bağlayan ittifaq var. ABŞ da, Bayden də, elə onun həvəslə dəstək vermək istəyəcəyi ermənilərin də bu reallıqla hesablaşması zamanıdır”,- deyə Mübariz Göyüşlü qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »