Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa səfərindən yol qeydləri - Video
Şuşa səfərindən yol qeydləri - Video

Yanvar 2021-ci il. Saat 14-00. Üzü Şuşaya doğru gedirik. Cocuq Mərcanlı kəndindən səfərimiz başlayır. Sonuncu postu keçirik və işğaldan azad olunan torpaqlara qədəm qoyuruq.

Hər qarışında, hər addımında illərin yorğunluğu, illərin həsrəti, illərlə erməni erməni tapdağından, erməni zülmündən qurtulmaq arzusunda olan torpaqlar...

İllərdir ki, ermənilər nəyinki xalqımıza, elə torpaqlarımıza da zülm etmişdilər. Hər il dayanmadan şumlayıb əkiblər, səpiblər ki, xeyir götürələr. Ağacları baltalayıb isinmək üçün yandırıblar. Kəsilmiş ağacın yerində yenidən həyata tutunmağa çalışan pöhrələrini də kəsiblər. Hər il yenidən pöhrələyən, hər il yenidən kəsilən, kökü torpağa bağlı olan kötüyü qalan ağaclar. Ancaq qurumasına imkan verməyib Vvətən torpağı. Yenə də düşmən niyyətindən əl çəkməyib. Bir zamanlar evlərin, həyətlərin olduğunu indi ancaq orda olan daş yığınından bilirsən. Söküb apardıqlarını aparıblar, qalanlarını isə dağıdıblar, yox ediblər...

.

Füzuli rayonunun ərazisi ilə hərəkət edirik. Yolboyu kəndlərin, yaşayış məntəqələrinin adları yazılan plakatlar qarşımıza çıxır. Plakatlar, sadəcə, plokatlar. Bir kəndin, bir yurdun ancaq adları yazılan lğvhələr.

Ətrafımıza baxa-baxa yavaş-yavaş irəlləyirik. Sanki nəyisə, kimisə axtarırmış kimi. Özümüzdən asılı olmayaraq bəzən də irəliyə, daha da irəliyə getmək, hədəfə çatmaq üçün sürətlənirik.

Beləcə gedirik. Biz bilirdik ki, döyüşlər ən şiddətli şəkildə, ən ağır şəkildə Füzuli rayonu ərazisində, məhz bizim irəlilədiyimiz torpaqlarda gedib. Vətən müharibəsi başlanandan ən çox Şəhid verdiyimiz yerlərdən keçirdik. Yol boyu hər hyer rastladığımız düşmən istehkam yerləri, döyüş texnikaları, qaçmaq asan olsun, daha möhkəm qaça bilsin deyə çıxarıb atdıqları paltarları, papaqları ilə doludur.

Artıq Hadruta çatmışıq. Başı qarlı dağların qoynunda, çay kənarında yerləşən yurd yerlərimiz. Qarşımıza ara-sıra əsgərlərimiz çıxır - Müzəffər ordunun qalib Əsgərləri. Tağlar kəndində maşını saxlayırıq. Bir az yuxarıda bir mağara yerləşir. Mağaraya qalxırıq. Bizə məxsus olan mağaradır. İçərisində mənfur düşmənlər kisələri doldurub əsgərlərimizdən qorunmaq üçün "yuvalar" düzəldiblər. Nə qoruna biliblər, nə də gizlənə biliblər. Tək bildikləri it kimi qaçmaq olub...

Yolumuza davam edirik. Artıq bir saatdan artıqdır ki, yoldayıq. Sanki, indi çıxmışıq yola. Hər aşırımı keçdikcə maşınımız daha artıq çətinliklə işləyir və daha yavaş irəliləyir. Hər bir dəqiqədən bir Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə cansağlığı arzu edirik. "Ali Baş Komandanımız var olsun" deyirik. Ölmədik bu günü gördük deyirik. Artıq Xocavənd ərazisini də keçmişik. Xocalı ərazisinə çatmışıq. Çanaqçı kəndindəyik. Hava soyuyub, dağların başından əsən külək qarın soyuğunu gətirir. Uzaqdan başqa kəndlər də görünür. Və beləcə meşənin içərisindən, əvvəl Əsgərlərimizin dar bir cığırla irəllədiyi, indi isə genişləndirilən və yeni çəkilməkdə olan yolla gedirik. Qarşıda Daşaltı kəndidir. Daşaltı, adı gələndə bizi kədər bürüyür; Birinci Qarabağ Müharibəsində Daşaltıda böyük itkilər vermişdik. Bir anlıq sükut çökür. Yolumuza bu sükut içində davam edirik. Artıq Cıdır düzü görünür. Əhvalımız bir abda dəyişir; sevinirik: "Şuşa, Şuşa, Şuşa!" deyə səs-səsə veririk. Boylanırıq. Ancaq hələ Şuşa görünmür, görə bilmirik. Artıq yolumuz dahada çətinləşir. Maşınımız zorla işləyir. Saxlayırıq, su tökürük. Sonsuz sevinc içindəyik. Çünkü artıq bir addımlığındayıq Şuşanın, az qalıb, lap az qalıb.

Budur, bayrağımızın rənglərinə bürünmüş hərflərlə "Şuşa" yazılmış lövhənin yanındayıq artıq. Yazının yuxarısında isə iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin şanlı bayraqları dalğalanır.

Maşını saxlayırıq. Bizə yoxlanış üçün yaxınlaşan əsgərə salam verib qaçırıq yazıya tərəf. Bir-birimizə "ŞUŞA" deyə-deyə. Əsgər isə bizim halımıza, həyəcanımıza baxıb gülür.

Yol boyu bir neçə yerdə saxlayıblar,yoxlayıblar bizi. Elə bil öyrəşmişik biz də. Əlimizi torpağa sürtdük, Ali Baş Komandanımız dediyi kimi, öz ürəyimizdə yavaşca pıçıldadıq: "Şuşa, biz gəldik". Bəli, biz gəldik, ölmədən bu günü gördük, qalib kimi gəldik, qürurlu gəldik, qisasımızı almış kimi gəldik.

Durduğumuz yerin aşağı tərəfindən Xankəndinə gedən yolu görürük. Şəhərin girişində sülhməramlılar var. Hərəkət edən maşınlar və maşınlardan bizlərə qəzəblə və kədərlə baxan ermənilər. İnsan necə də eybəcər olarmış axı...

Əsgər məlumat vermək üçün getdi. Biz isə qarşımızdan ötüb keçən maşınlardakı ermənilərə baxırdıq. Sonra əsgərimiz gəldi: "Keçin" dedi və yolu açdı. Maşına mindik və üzümüzə açılan yoldan Şuşa şəhərinə daxil olduq. Sürətləndik, qarşıda bizi Şuşa öz gözəlliyi ilə gözləyirdi...

Bir az sonra artıq şəhərin özündəyik. İcra Hakimiytinin binasının qarşısına gəldik. Həmin gün Prezidentimiz də Şuşada olmuşdu. Hava təmizdir, günəş sanki bizi salamlayıb yatmağa gedirdi. Küçələrin işıqlarını yandırmışdılar. Bəli, artıq Şuşaya işıq xətti də çəkilmişdi. Küçələri təmizləyiblər. Yol kənarına üzərində "Təmiz şəhər" yazıları olan zibil qabları qoyulub. Üzeyirin, Natavanın, Bülbülün güllələnmiş, qaçqın olmuş büstləri aid olduqları yerə gətirilmiş və İcra Hakimiyyətinin qarşısına qoyulmuşdu. Və diqqətimizi Şuşa azad olunduqdan sonra Əsgərimizin çıxıb başında oturaraq şəkil çəkdirdiyi heykəl cəlb edir. Ermənilərin "qəhrəman"ının heykəli. Yerlərdə sürünür. Daha da sevindirici hal isə həmin heykəlin başının qoparılması idi. Kənara göz gəzdirdim baş yox idi. Sanki cəhənnəmə getmişdi, gora getmişdi, gorbagor olmuşdu. Bəli, üç dahinin heykəlinin yanında bu cür üzdəniraqların heykəlləri yalnız yerdə və başsız olmalı idi.

Üz tuturuq Məscidə. Həyətində Əsgərlərimizin olduğu, namaz qılıb, dua etdikri məscidimizə. Əzəmətli, vüqarlı, yıxılmayan və yol gözləyən minarələri ilə heyrətləndiyimiz MƏSCİDimiz. Daxil olduq, dualarımızı etdik şükürlərimizi dedik. Sonra üz tutduq Cıdır düzünə. Yuxarı qalxdıqca, Vaqifin dağıdılmış türbəsini görürük. Cıdır düzünə daxil oluruq. Paşinyanın bir vaxtlar yallı getdiyi, ancaq indi Azərbaycan Prezidentinin paxlava ilə çay içdiyi Cıdır düzü. Hərəmiz bir tərəfə getdik. Hər kəs tək qalmaq istəyirdi sanki. Hər kəs özü ilə qalmaq, öz duyğuları ilə baş-başa qalmaq istəyirdi sanki. Belə də etdik. Mən əyilib əlimi torpağa qoydum. Kövrəlməmək, gözdən yaşına mane olmaq əldə deyildi təbii ki. Başqà bir dünyadayıq elə bil. Qayalıqların aşağısında şırıltı ilə axan çay. Baxdıqca, gördükcə, inana bilmirdik ki, bu aşırımları, bu yolları necə keçib Əsgərlərimiz? O itləri necə qovublar? Necə azad ediblər torpaqlarımızı...

Başı qarlı dağlar, əsən külək. Qoxusu gələn torpaq... Qış fəslində belədirsə, yazı, yayı necədir bəs İlahi? Bizdən nələri qoparıblar, nələri alıblar, nələrə həsrət qoyublar illərdir xalqımızı! Şuşa döyünən ürəyidir bu torpağın. Fərqi yoxdur, böyük olsun, ya kiçik. Fərqi yoxdur, dağıdılsın, yandırılsın, talan edilsin, ya yox. Əsas odur ki, azad olsun, adı olsun, Şuşa olsun, o bizə bəsdir...

Artıq hava qaralır, geriyə qayıtmaq mümkünsüzdür. Qalmağa qərar veririk. Qalaq və Günəşi Şuşada salamlayaq.

Şəhərin mərkəzinə getdik. Bir market açılıb - Bolmarket. Üç gənc işləyir. Onun yanında məhşur çörək sexi. Dayanmadan işləyirlər, çörək bişirirlər. Çörək almaq istədik. O qədər gözəl qoxusu gəlir ki, izah etmək çətindir. Kabab yeyib o sexə girsən də, yenə çörəyin ətri ondan dadmağa məcbur edəcək səni. Başa düşüləndir, axı çörək Şuşanın suyu ilə bişir. O qoxunu ətrafa Şuşanın küləyi yayır.

Dörd dənə çörək götürdük,. "Nə qədər edir?" deyə sorduğumuzda: "Pulsuzdur, kim nə qədər istəyir götürür" dedilər. Dedikləri kimi də vardı. Adamlar gəlib götürüb gedirdilər. Kim edibsə halal olsun, kim əziyyət çəkirsə, var olsun.

Gecə düşmüşdü, biz şəhəri hələ də gəzirdik. Getdik Xankəndinə baxmağa. Axı o da bizimdir. Sonra bir Komandirimiz bizi qaldığı evdə qonaq etdi. Beşmərtəbəli binanın ikinci mərtəbəsində. Kilsə ilə üzbəüz yerləşən binada. Əsgərimiz igiddir, cəsurdur, qorxmazdır və eyni zamanda da qonaqpərvərdir, mehribandır. Son tikəsini böləndir və bununla özünü xoşbəxt hiss edəndir. Beşotaqlı mənzil idi. Biz gülər üzlə qarşıladılar. Süfrə açmışdılar. Əsgər yeməyi hazırlamışdılar. Gec olmasına baxmayaraq yeməmişdilər, gözləmişdilər bizi. Qəhərlənməmək, duyğulanmamaq, qürurlanmamaq əldə deyildi. Heç nə yeyə bilmədik, çörək necə tutmuşdusa.

Gecədən xeyli keçmişdi, hələ də söhbət gedirdi. Döyüşlərdən, əsgərlərinin qəhrəmanlığından danışırdı komandirimiz. Bir dəfə də "mən" demirdi. "Əsgərlərim, dostlarım, qardaşlarım" deyirdi. Bu gözəl söhbətdən sonra bizim üçün ayrılan yerlərdə yatdıq. Tezdən oyandıq, Günəş hələ görünmürdü. Səhər yeməyi hazırlanmışdı bizə. İşıqlaşırdı hava. Pəncərəni açıb qarşısında dayandıq. Günəş yavaş-yavaş üzünü göstərməyə başladı. Günəşi salamlayırdıq. İllər sonra biz günəşi Şuşada salamlayırdıq. Bütün Şuşalıların, Şuşa həsrəti ilə yaşayanların adından günəşi Şuşada salamlayırdıq. Geri qayıtmaq vaxtı idi. İstəməsək də, dönməli idik. Bir daha geri gəlmək, bir daha yenidən Şuşaya gəlmək ümidi ilə qayıtmaq lazım idi...

Tural Nəbiyev Tural Nəbiyev, Füzuli

(Xüsusi olaraq Bizimyol.info üçün)

Son xəbərlər
Bütün xəbərlər »