Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: Heç kim peyvəndin yan təsirləridən sığortalanmasa da, vurdurmalıyıq
Həkim: Heç kim peyvəndin yan təsirləridən sığortalanmasa da, vurdurmalıyıq
Yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyası başlayır.

Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır. Azərbaycanda peyvəndləmə pulsuz təşkil olunacaq.

İlk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq. Peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar."Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Mütəxəssislər bildirir ki, hətta tam vaksinasiya baş tutsa da, yaxın həftələr ərzində pandemiyanın başa çatacağını demək tezdir. Tətbiq olunan vaksinlərin qısa bir müddət ərzində hazırlanması, bəzi mənfi faktların qeydə alınması vaksinlərə qarşı cəmiyyətdə ziddiyətli fikirlər yaradıb.

Peyvəndin yan təsirləriylə bağlı sosial şəbəkələrdə çoxlu sayda məlumatlar paylaşılır və tirajlanan xəbərlər insanlarda vaksin vurdurub-vurdurmamaq barədə suallar yaradır.

Bizimyol.info-nunvaksinasiyanın yan təsirləri , bəzi tibb işçilərinin belə vaksinə qarşı çıxması barədə suallarını həkim Azər Abbasov cavablandırıb.Vaksindən sonra hansısa yüngül yan təsirlərin olmasını təbii sayan həkim bunu istənilən vaksinin zəiflədilmiş xəstəlik olması ilə əlaqələndirib.

“Hər hansı vaksini istifadə edərkən həmin xəstəliyin yaranması və yaxud yüngül simptomatikası, ölüm, allergik reaksiyalar, sinir sistemi pozğunluqları, serebral iflicə bənzər əlamətlər mümkündür. Bəzi tibb işçilərinin buna qarşı çıxması isə peyvəndin bu xüsusiyyətlərinə görə deyil, 3 faza tədqiqatların tələsik bitirilməsi ilə bağlıdır.

Proses təxminən belə gedir: 1-ci fazada həmin maddə alınır və alınma texnologiyası işlənir, sonra ikinci fazada heyvanlar üzərində sınaqdan keçirilir, 3-cü fazanın birinci mərhələsində 21-35 yaş arası adətən 20-30 nəfərlik kiçik qrup seçilir və bunlar heç bir yanaşı xəstəliyi olmayan praktik sağlam könüllülər olur (pul qarşılığında). Bunlar ən azı iki həftə xəstəxanada həkim nəzarətində qalır, bu müddət ərzində, qan dəyərləri, biokimyəvi analizlər və elektrokardioqramma edilir (bir neçə dəfə). Bunlar praktiki sağlam şəxslər olduğuna görə bu qrupda adətən yan təsirlər meydana çıxmır, 3- cü fazanın ikinci mərhələsində isə artıq ən azı 1000 nəfər üzərində plasebo kontrolu ilə tədqiqatlar aparılır (müxtəlif yaş qrupları), effekti, uzun və qısa müddətli yan təsirləri öyrənilir. Yəni 3-cü fazanın ikinci mərhələsinə qədər gəlmiş istənilən tibbi məhsul yetəri qədər təhlükəsiz sayıla bilər. Bu vaksinlərdə məhz 3-cü fazanın ikinci mərhələsi bir qədər tələsik aparılıb ki, bu da müəyyən sual doğursada, ciddi təlaşa ehtiyac yoxdur. Yəni problem vaksinin yan təsirləri deyil, daha çox nə dərəcədə effektiv olmasındadır.

Heç kim tək- tük yan təsirlərdən sığortalanmayıb. Hətta 30% lik effektivlik belə (bundan aşağı artıq plasebo olur təxminən) ölkəmizdə 3 milyon adamın qorunması deməkdir, ən azı 1,3% letallıq da nəzərə alınsa, 40 000 xilas olunmuş insan deməkdir, amma bu qədər vaksinasiyanın yan təsirindən maksimum 150-200 nəfər əziyyət çəkə bilər.

Yəni letallıqdan başqa korona keçirən xəstələrin ağır simptomatikasını, süni tənəffüs aparatına ehtiyac olanları, ondan sonra əmələ gələ biləcək pnevmofibroz, miokardit kimi ağırlaşmalar nəzərə alınarsa, vaksinasiyanın faydası daha açıq aydın görünəcək. Üstəlik də xəstəyə çəkilən xərc və vaksinə çəkilən xərci müqayisə etsək vaksinin daha effektiv olduğunu deyə bilərik”,- deyə həkim qeyd edib.

Son olaraq deyək ki, tarix boyu insanlar yaranmış pandemiyalardan, yayılmış kütləvi xəstəliklərdən məhz vaksinasiya yardımı ilə xilas olublar. Bir zamanlar suçiçəyi, qızdırma, taun, vəfa, qızılca, difteriya da adı gələndə vahiməyə salan, qorxunc bəlalar idilər. Biz ya koronavirusu da adıçəkilən xəstəliklər kimi tozlu arxivlərə qaldırıb, normal həyatımıza dönməli, ya da qorxularımızın əsiri olaraq yaşamalıyıq. Vaksinasiyanı çipləmə, qlobal izləmə oyununun bir parçası olaraq görüb qorxanlara isə demək istərdim ki, biz vaksin olmadan da smartfonlarımız, bank hesablarımız, nağdsız ödəmələr , virtual şəbəkələrdəki iştirakımızla ovuc içi kimi göz önündəyik.

Vaksinaiya məcburi deyil. Lakin ilk baxışda. Gələcəkdə rəqəmsal vaksin pasportunun olmaması ilə bir çox məkanlara giriş- çıxışımızın məhdudlaşdırılması isə bizi bu məcburu olmayan prosedura könüllü məcbur edəcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »