Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda məhkəmə iclası keçirilib. “Palmali” şirkətlər qrupunun rəhbəri məhkəmədə son sözünü deyib. Mübariz Mənsimov günahsız olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, iş adamının bacısı Zərnişan Fərəczadə də bu fikirdədir. O, qardaşının heç bir cinayətə yol vermədiyini söyləyib.

“Bir insana bu qədər işgəncə, əzab verilməz. Mübariz cani deyil. Düşmən, qatil deyil. Türkiyəyə malını-mülkünü yatızdıran, sərvətini xərcləyən adamdır. Həmişə kasıbların yanında olub. İndi Mübariz yox, həmin adamlar cəza evindədir. Bu gün əslində həkimə getməyə pul tapmayan xəstələri həbs ediblər. Mənim atam ölüm yatağında oğlunun yolunu gözləyir. Ona bir şey olsa, heç kimə haqqımı halal etməyəcəyəm”.

Mübariz Mənsimov 2020-ci il martın 15-də İstanbulda həbs olunub. Azərbaycanlı iş adamı FETÖ ilə əlaqələrdə ittiham edilir. Mübariz Mənsimov məhkəmədə son söz zamanı bu təşkilata nifrət etdiyini deyib.

“Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Həbsdən buraxılmağımı istəyirəm! Mən heç bir zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənə heç kim FETÖ damğası vura bilməz. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etdirdim”.

Mübariz Mənsimov 1968-cı ildə Bakıda doğulub. Hərbi xidməti sovet ordusunda başa vurandan sonra üç yoldaşı ilə birlikdə balıqçı gəmisini kirayəyə götürərək bu sahədə ilk addımlarını atıb. 1998-ci ildə biznesini Türkiyəyə daşıyıb. Onda rəhbəri olduğu “Palmali” şirkətlər qrupunun illik dövriyyəsinin 3 milyard dollar olduğu bildirilirdi. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz sularında Rusiya neftinin 75 faizini daşıyır. Şirkətin ümumi gəmilərinin sayının 220-yə çatdığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »