Azad edilmiş torpaqlarda bərpa işlərinə ehtiyacın və qlobal böhranın iqtisadiyyata təsirlərinin olduğu vəziyyətdə AMB-in özünə 3-cü inzibati binanı tikdirməsi etirazlar davam edir.
Bizimyol.info xəbər verir ki, özünə 218 milyon avroya (452 milyon manat) yeni inzibati bina tikdirən Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyəti müzakirələrə səbəb olub. Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi qəbul etdiyi bütün qərarlar qanunsuz olduğu bildirilir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, AMB 1 ildən çoxdur qanunsuz olaraq maliyyə bazarlarına nəzarət orqanı səlahiyyətlərini icra edir: “Yəni bank, sığorta və qiymətli kağızlar bazarlarını tənzimləyir, nəzarət edir, lisenziyalar verir və ləğv edir.

“Mərkəzi Bank haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri yalnız Konstitusiya və həmin qanunla müəyyənləşdirilə bilər. Sözügedən qanunda isə bu səlahiyyətlər yoxdur. Həmin qanuna əsasən Mərkəzi Bankın səlahiyyətləri yalnız pul siyasəti və qismən ödəniş sistemləri sahəsi çərçivəsindədir”.
Ekspert bildirib ki, Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olundu və onun səlahiyyətləri Mərkəzi Banka verildi: “Amma “Mərkəzi Bank haqqında” qanuna müvafiq dəyişikliklər edilməyincə o, bu səlahiyyətləri icra edə bilməzdi. Elə məhz buna görə də Sərəncamın 2.1-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, aidiyyəti qanunlara, o cümlədən özü haqqında qanuna zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb 1 ay müddətində Prezidentə təqdim etsin. Üstündən artıq 14 aya yaxın vaxt keçib, amma “Mərkəzi Bank haqqında” Qanuna hələ də müvafiq dəyişikliklər edilməyib”.

Sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Mərkəzi Bank qanuna əsasən pul siyasəti həyata keçirir və maliyyə bazarları nəzarət qurumu isə inzibati orqandır: “Maliyyə bazarlarına nəzarət orqanı protokollar tərtib edir, sanksiyalar verir, müxtəlif lisenziyaları ləğv edir. Odur ki Mərkəzi Bankın səlahiyyətləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri fərqlidir. Palata Mərkəzi Banka birləşdiriləndən sonra qanuna müvafiq dəyişikliklər edilməli idi. Bu vaxta kimi qanuna təkliflər və dəyişikliklər olmayıb”.
Ekspert bildirib ki, dövlət qurumlarında ictimai nəzarət şuraları yaradılır: “Mən də ekspert olaraq Mərkəzi Banka müraciət edərək ictimai nəzarət şuranın yaradılmasını təklif etdim. Yaratmadı. Mərkəzi Bank müstəqil pul siyasəti həyata keçirdiyi üçün ictimai nəzarət şurasını yaratmaya bilər, amma maliyyə bazarlarına nəzarət edən orqan kimi mütləq yaratmalıdır”.