Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan torpaqlarında “erməni məsələsi”nin əsasını qoyan Romanovlar sülaləsinin Qafqaz siyasəti
Azərbaycan torpaqlarında “erməni məsələsi”nin əsasını qoyan Romanovlar sülaləsinin Qafqaz siyasəti

Ötən il işğal altındakı torpaqların Azərbaycana qayıtması və bunun nəticəsi olaraq Cənubi Qafqazın geosiyasi və geoiqtisadi konfiqurasiyasındakı mühüm dəyişikliklər, onu deməyə əsas verir ki, 2021 –ci ildə bölgədəki siyasi proseslərdə planetin hegemon güclərinin geosiyasi savaşının yeni mərhələsi başlayacaq. Britaniya, ABŞ, Aİ, Rusiya, Türkiyə və İsrail kimi geosiyasi güclərin İkinci Qarabağ savaşına qədərki və sonrakı davranışları Qafqazda baş verən hadisələrlə bağlı retrospektiv təhlili tələb edir. Mövzunu aktual edən digər məqam, rus sülhməramlıları və Rusiyanın Xankəndi məsələsində gələcəkdəki mümkün siyasi qərarları ilə bağlıdır. Bu gün Azərbaycan cəmiyyətində rus sülhməramlıları ilə bağlı müxtəlif ziddiyyətli fikirlərin dövran etməsini əsas götürsək, bölgədə nələrin baş verdiyinə nəzər salmaq olduqca aktuallaşır.

Keçmişi bilmədən gələcəyi görmək mümkün deyil. Bu gün Qarabağ məsələsi haqqında düzgün təhlil aparmaq üçün mütləq şəkildə geriyə nəzər salmaq lazımdır. Etiraf etmək lazımdır kı, bu region ətrafında baş verənlərin əsası yüzilliklər əvvəl qoyulub. 1805 –ci ildə Rusiya və Qarabağ xanı ilə bağlanan Kürəkçay müqaviləsi, 1813- 1828 –ci illərdə Gülüstan və Türkmənçay müqavilələri, 1829 – cu ildə Osmanlı və Rusiya imperiyaları arasında bağlanan Ədirnə müqaviləsi Peterburqun Qafqaz siyasətinin XIX əsrdən əvvəl hazırladığı planının tərkib hissəsi idi. Bu isə, o deməkdir ki, Qarabağın, Zəngəzurun, Göyçənin ermənilərə verilməsi planının əsası bəzilərinin qeyd etdiyi kimi XIX əsrin əvvəlllərində deyil , daha öncədən hazırlanmışdır.

XVIII əsrin əvvəllərində Rusiyanın tədricən ərazilərini genişləndirməsi onun cənuba doğru hədəflər qoymasına gətirib çıxarmışdır. Azərbaycan ərazisi mühüm kommunikasiya xəttlərinin, o cümlədən, ticarət yollarının üzərində yerləşirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası və ya Britaniya tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi. XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa malik olduğu yeganə cənub dənizi idi.

I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışırdı. Rusiya tarixçisi A.Komarov yazırdı: “Xəzər dənizi vasitəsilə Şərqlə ticarətin inkişafı Rusiyanın varlanmasına, sənaye sahələrinin inkişaf etdirilməsinə xidmət edəcəkdi”. I Pyotr, bütün bu əlverişli imkanlardan istifadə edərək, Xəzəri ərazi baxımdan rus dənizinə çevirməyə çalışırdı.

Etiraf etmək lazımdır kı, Rusiya – erməni münasibətlərinin əsası demək olar kı, I Pyotrun dönəmində qoyulmuşdu. Həmin dövrdə erməni dövlətinin yaradılması istiqamətində erməni kilsəsi və ayrı – ayrı İran və Türkiyədəki icmalar tərəfindən ciddi şəkildə işlər görülməyə başlanılmışdır. Erməni dövlətinin yaradılması istiqamətində İsrael Orini xüsusiylə qeyd etmək lazımdır. 1699-cu ildə İsrael Ori erməni dövlətinin yaradılması üçün Avropaya səfər edir.. İsrail Ori özgə torpaqları ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi, alman knyazı İohann Vilhelm erməni layihəsini rədd edərək onu sarayından uzaqlaşdırır.

O Avstriyada da eyni aqibətlə üzləşir. 1699 –cu ildə Avstriya və Osmanlı arasında sülh müqaviləsi imzalanır və Vena erməni məsələsinə əhəmiyyət vermir.

İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra da heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olaraq son ümid yerini Rusiyaya bağlayır.

1701-ci ilin yayında İsrael Ori Rusiyaya gedərək I Pyotrla görüşür. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edir. Bir qədər sonra isə, O, uydurduqları “erməni dövlətinin” xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də Anadolunun bir hissəsindən bəhs olunur. Görüşdə Pyotr İsveçlə müharibə başa çatdıqdan sonra erməni məsələsini həll edəcəyinə söz verir.

Ori Pyotra 25 minlik rus ordusunun gürcüləri və erməniləri “xilas” etmək üçün Cənubi Qafqaza hücum etmələrini təklif edir. Azərbaycanda rus ordusuna yerli xristian əhalisinin silahlı kömək edəcəyinə vəd verir. Oriyə polkovnik rütbəsi verilir və o, böyük bir dəstəylə 1707-cü ildə İsfahana yola düşür. Məqsəd həm Səfəvi şahının fikrini öyrənmək, həm də yol boyu kəşfiyyat aparmaq idi. İsrael Orinin dəstəsinin əsl məramından xəbərdar olan fransız missionerləri şahı vəziyyətdən hali edirlər ki, Rusiya Səfəvi torpaqlarında ermənilərə dövlət qurmaq istəyir. İsrael Ori uzun sərgüzəştlərdən sonra 1709-cu ildə səfəvilərin o zamankı paytaxtı İsfahana gəlir. O, İsfahanda yerli xristian əhalisi ilə bir sıra görüşlər keçirir, mühüm kəşfiyyat məlumatları əldə edir. 1711 – ci ildə Rusiyaya geri qayıdarkən müəmmalı şəkildə Həştərxanda ölür.

Orinin ölümündən sonra Azərbaycan ərazisində erməni dövləti qurmaq planlarını əsrin əvvəllərindən bəri onunla bir yerdə olan Minas Tiqranyants davam etdirdi. 1714-cü il noyabırın 20-də vardapet Minas ermənilərin Rusiya himayəsinə qəbul edilməsi, heç vaxt yaşamadıqları Xəzər dənizi sahilində monastır və Peterburqda erməni kilsəsinin tikilməsinə icazə verilməsi barədə özünün 6 maddəlik layihəsini Rusiya hökumət dairələrinə təqdim etdi. Şahid yazır ki, bu layihənin əsasını İ.Orinin vaxtilə təklif etdiyi planlar təşkil edirdi. Burada ermənilərin ruslar tərəfindən himayəyə alınması və müsəlman hakimlərinə qarşı üsyan qaldırması nəzərdə tutulurdu. Rusiyanı “xilaskarlıq missiyası” bəhanəsi ilə Cənubi Qafqaza hücuma təhrik edən ermənilər rus məmurlarına müxtəlif şirnikləşdirici vədlər verərək bu hücumu tezləşdirmək istəyirdilər. Tarixi Azərbaycan torpaqlarında dövlət qurmaq istəyi ilə alışıb-yanan ermənilər dəfələrlə müxtəlif vasitələrlə ələ keçirdikləri, müsəlman-türk hökmdarlarına məxsus zinət əşyalarını “hədiyyə” adı ilə rus, gürcü hökmdarlarına rüşvət verməklə öz məqsədlərinə nail olmağa can atırdılar.

I Pyotra bölgə ilə bağlı kəşfiyyat məlumatları lazım idi. Bu səbəbdən 1716-cı ildə I Pyotrun xüsusi fərmanı ilə M.Tiqranyants Cənubi Qafqaza ezam olundu. M.Tiqranyants, albanlara məxsus Gəncəsər və Üçkilsə katalikosları ilə görüşdü və I Pyotrun adından onları əmin etdi ki, tezliklə rus ordusu Cənubi Qafqaza qədəm qoyacaqdır. 1722-ci ilin sentyabrında ermənilər vardapet Minasın da iştirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Dərbənd tutulduqdan sonra I Pyotr vəd olunan erməni və gürcü hərbi hissələri ilə Şamaxıda birləşmək niyyətində idi. Həmin dövrdə ermənilər tərəfindən hazırlanaraq rus çarına göndərilən məktublarda Xəzər dənizindən Qarabağa kimi mövcud olan yolların, dağların və digər təbii-coğrafi ərazilərin təsviri verilmişdi .

İsveçlə 20 ildən artıq apardığı müharibəni 1721-ci ildə qalibiyyətlə bitirmiş Rusiya Xəzərboyu Azərbaycan torpaqlarını işğal etmək məqsədini həyata keçirmək üçün regiona yürüş etdi. 1722-ci il avqustun 23-də rus qoşunları Dərbəndə girdilər. Dərbənd Xəzər boyunca sahil yolunu əhatə etdiyi üçün strateji əhəmiyyətli bir şəhər idi. Amma I Pyotr bəzi səbəblər üzündən cənuba yürüşü saxlamalı oldu. Bunun səbəblərindən biri dənizdə baş vermiş güclü fırtına nəticəsində azuqə və ərzaq daşıyan gəmilərin əksəriyyətinin batması idi. Digər səbəb isə İsveçin Niştad sülh müqaviləsinin şərtlərini pozmağa cəhd göstərməsi idi. Osmanlı sarayının Rusiyanın bu yürüşündən narazı olması da I Pyotrun qayıtmasında az rol oynamamışdı. I Pyotr əsas qüvvələrlə birlikdə Həştərxana qayıtdı və burada 1723-cü il yürüşünə hazırlıqlara başladı. Bu onun şəxsən iştirak etdiyi son hərbi kampaniya idi.

Yarımçıq qalan yürüş 1723-cü ildə yenidən davam etdi və Rusiya bütün Xəzərsahili torpaqları işğal etdi və bu torpaqlar 1732-ci ilə qədər, yəni Nadir şah Azərbaycan torpaqlarını işğalçılardan azad edənə qədər rusların əlində qaldı. İşğaldan dərhal sonra ermənilər I Pyotra müraciətdə yeni əldə olunmuş torpaqlarda, xüsusilə də Bakıda onlar üçün yer ayırmağı xahiş etdilər. Ermənilərin müraciəti I Pyotrun ürəyincə oldu. Onsuz da bu yerlərdə O, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq göstərən erməniləri görmək istəyirdi. Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü il İstanbul müqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə tapşırmışdı ki, “erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırsın”.

I Pyotr 1724-cü ildə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi haqqında xüsusi əmr verdi. Əmrdə deyilirdi: “Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, elə rəftar edin ki, onlardan heç bir şikayət eşidilməsin, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə edib öz himayəmizə götürmüşük“.

Pyotr təkcə bu fərmanla kifayətlənməmiş, xarici işlər naziri Rumyantsevə məktubla bildirmişdi ki, “… Siz onlara bildirin ki, Rusiya sizə qoşunla kömək edə bilməz, amma Xəzərsahili əyalətlərdə yaşamağınıza razılıq veririk. …türklər ermənilərə bu qədər diqqət göstərməyimizə, onların Xəzərsahili əyalətlərdə yerləşdirilməsinə razılıq verməyimizə öz iradlarını bildirsələr, siz onda deyərsiniz ki, ermənilərlə biz eyni dinə xidmət edirik. Onlar bizim himayəmiz altında olmağı özləri xahiş etmişlər”.

Göründüyü kimi, xristian həmrəyliyi və əzilən erməni obrazını təbliğ edən İsrael Ori Avropada öz məqsədinə çatmasa da, I Pyotrun rəğbətini qazanır. Buna ən əsas səbəb, əlbəttə ki, o zaman Rusiya üçün Qafqazda xristian dayağının olmasının zəruriliyi idi. Qafqazdakı və İrandakı xristian tayfaları öz tərəfinə çəkən I Pyotrun əsas məqsədi təbii ki, bölgəni işğal etmək idi. Yeri gəlmişkən, 44 günlük müharibə dövründə də ermənilər Qafqazdakı proseslərə dini don geydirərək Avropada və Rusiyada xristian həmrəyliyinə nail olmaq üçün ciddi cəhdlər etdilər.

1725 – ci ildə I Pyotrun ölümü ermənilərlə bağlı planı bir qədər gecikdirsə də, onun davamçıları tərəfindən tədricən icra edildi. Az sonra saray intriqalarından yaxa qurtarmış Rusiya II Yekaterinanın başçılığı ilə güclənməyə başlayır. I Pyotrun cənuba doğru ekspansiya siyasətini davam etdirməyə başlayan II Yekaterina erməni kilsəsinin müstəsna səyi nəticəsində 30 iyun 1768-ci ildə ermənilərə Rusiya imperiyası ərazisində xüsusi imtiyazlar verən fərman imzaladı: “Bütün dürüst erməni xalqı bizim imperator mərhəmətimiz və nəvazişimiz altında tutulsun”.

Beləliklə, Qafqazda əsası I Pyotr tərəfindən qoyulan, sonra isə, Romanovlar Rusiyasının, daha sonra isə, SSR –nin müstəmləkə siyasətinin əsas konturları müsəlman təbəqəni zəiflətməkdən və bu ərazidə öz siyasi hökmranlığını qurmaq üçün etnokonfessional bazanı formalaşdırmaqdan ibarət idi. Bu məqsədlə Rusiya imperiyası ortodoksal kilsəyə istinad edərək məqsədyönlü şəkildə xristianlığı təbliğ edirdi. Regionda inkişaf edən prosesləri müşahidə edən erməni kilsəsinin yepiskopu İosif Arqutinski “erməni məsələsi”nin qaydaları ilə hərəkət edərək liturgiyanı(xristianların ən əsas ibadət ayini) imperator Pavela təqdim etmiş və məharət­lə onu və ondan sonra gələn Rusiya hökmdarlarını erməni-qriqoryan kilsəsinin dindarlarının pravoslav imperatora və Əlahəzrət Evinə dua etməsi haqqında uydurduğu “erməni nağılı”na inan­dır­a bilmişdi.

Arqutinin “əfsanəsi”nə görə Rusiya ermənilərin dini baxımdan pravoslav məzhəbə yaxın olduqlarına inanmışdı. Baxmayaraq kı, erməni kilsəsinin pravoslavlıqla heç bir əlaqəsi yoxdur. Romanovlar sarayında düşünürdülər ki, Qafqazda Alban Apostol kilsəsinin fəaliyyəti imperiyanın xristianlaşdırma siyasətinə cavab vermir, çünki o, pravoslav kilsə deyildi, Alban Apostol kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verilmişdi.

Erməni kilsəsinin məqsədi bəlli idi. Türkiyə, İran, Azərbaycan və Gürcüstan ərazisində erməni dövlətini yaratmaq. Yazıq xristian xalqı obrazını qazanaraq Avropanın və Rusiyanın liderləri ilə danışıqlar apararaq regionda yeni xəritənin cızılmasının konturlarını hazırlayırdılar…

Öz növbəsində Rusiya, Britaniya, ABŞ, Fransa kimi dövlətlərin də “erməni məsələsi” adı altında öz niyyətləri var idi… İndi olduğu kimi…

Ardı var…..

Zaur Məmmədov Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Son xəbərlər
Bütün xəbərlər »