Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan yaşayış kompleksində mənzil seçmiş, Vətən müharibəsində şəhid olan 2 hərbçimizin ailə üzvlərinin mənzillərlə təmin edilməsini öz üzərinə götürüb.
Sentyabr ayında Hövsan yaşayış kompleksində keçirilən satışda 2 otaqlı mənzil şəhid Orxan Hüseynov tərəfindən seçilib. Lakin Vətən müharibəsi başlayanda döyüşlərə yollanan Orxan, güzəştli mənzilin alqı-satqısını reallaşdıra bilməyib. Dövlətin şəhid ailələrinə göstərdiyi qayğının təzahürü olaraq onun seçdiyi ev ailəsinə verilib.
Orxanın anası Xalidə xanım bildirir ki, şəhid ailələrinə göstərilən diqqətdən çox razıdırlar.
“Sentyabrın 5-dəev satışa çıxarılan zaman evi tutduq. Sonra Vətən müharibəsi başlandı. Oğlum döyüşə yollandı və 29 setyabrda şəhid oldu. Evin alqı-satqısını reallaşdıra bilmədi. Bir müddət sonra bizə zəng gəldi. Bildirdilər ki, narahat olmayın biz o evi heç kimə verməyəcəyik. Həmin evi biz atasının adını verdiyiniz balaca Orxana hədiyyə edirik. Balaca Orxan həmin evdə şən, firavan yaşasın. Şəhidlərə verdiyi qiymətə görə prezidentimizə və Mehriban xanıma təşəkkürümü bildirirəm.”
Şəhid ailələrinin, müharibə əlillərinin və hərbi qulluqçuların sosial müdafiəsinin təmini, problemlərinin həlli dövlət tərəfindən daim nəzarətdə saxlanılır.