Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Media təsadüfi adamlardan təmizlənməlidir”
“Media təsadüfi adamlardan təmizlənməlidir”

Müasir dünyada cərəyan edən bütün proseslərin təməlində informasiya və onun təhlükəsizliyi dayanır. İnformasiya təhlükəsizliyi vətəndaşın, ictimai maraqların, dövlətin təhlükəsizliyinin əsas istiqamətidir və bütün digər istiqamətlərin gələcək perspektivlərini müəyyənləşdirir.

Dünən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə KİVDF bazasında Medianın İnkişafı Agentliyinin yaradılmasını ölkədə medianın eləcə də ictimai-siyasi, mədəni həyatın yeni mərhələnin başlanğıcı olmasına inanmaq istəyərdik. Agentliyin yaradılması ilə milli mətbuatımızın klassik ənələrinin yeni, daha modern, daha çevik, manipulyasiyalara , özbaşınalığa yol verməyən hüquqi platformaya daşınmasının mümkün olacağına inanırıq.

Bu günə qədər ölkənin nüfuzlu media orqanlarına rəhbərlik edən bir jurnalistlərin ümumi fikri bu yöndəydi ki, qəzetlərin üzünə reklam bazarının qapılarını açmalıdır. Çünki iqtisadi cəhətdən hansısa sponsorun əlinə baxan media qurumundan ta azad fikir gözləmək əbəsdir.Satış məntəqələrinə icazə verməlidir. Yəni redaksiyaya çap etdiyi qəzeti, jurnalı sata bilmək üçün icazə verilməlidir. Metroda və digər yerlərdə də əl yayımına qadağa götürülməlidir. Redaksiyalara siyasi azadlıq verilməlidir.

Tanınmış jurnalist Azər Qismət Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, mətbuat müasir yanaşmalarla qurulmalıdır.

“Azərbaycan mediası eybəcərləşib desəm, yanılmaram. Təbii ki, əksər hissəsi. Bu sahəyə konseptual yanaşma tələb olunurdu. Ümidliyəm ki, onu da dövlət başçısının sərəncamı ilə yaradılan Medianın İnkişafı Agentliyinin timasılında müşahidə edəcəyik.

Mətbuat müasir yanaşmalarla qurulmalıdır. Çox təəssüf ki, sözügedən sahənin zərərli və diletant hala gəlməsini 44 günlük müharibə boyu görüb təsirləndik. Biz bunu erməni milyonçu Aram Qabrelyanovun 60 nəfərdən ibarət qrupunun daxilimizə sızdırdığı fake xəbərlərin doğru xəbər kimi tirajlanmasında gördük. Biz bunu döyüşlərin getdiyi məkanların bütünlüklə açılıb yazılmasında gördük. Biz onu da gördük ki, müharibənin bitməsinə baxmayaraq hansısa qəzet hələ döyüşlərin getdiyini yazır. KİVDF artıq tarixə qovuşdu. Ümid edirəm ki, reket jurnalistikasına son qoyulacaq. O işlərlə məşğul olanlarla ciddi söhbət aparılmalı, yaxud yeni media dövrünə uyğun təlimatlar verilməlidir. Belə yanaşma ilə fəaliyyət göstərməyə razılaşsalar, nə xoş hamımıza. Əgər köhnə adətlərlə işlərini qursalar, yola salmaq lazımdır. Media dövlətin onurğa sütunlarından biridir. Media təsadüfi adamlardan təmizlənməli, fake xəbər yayanlar ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Bu sahənin inkişafı üçün təcrübəli jurnalistlərin tövsiyyələrindən istifadə edilməlidir”.

Tanınmış jurnalist Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaranması ənənəvi, yeni və sosial mediada mövcud olan problemlərin aradan qaldırılmasına, azad və ədalətli rəqabət mühitinin formalaşdırılmasına, formaca deyil, mahiyyət, məzmun etibarilə vətəndaş mövqeyinin, milli və dövlət maraqlarının peşə prinsipinə, peşəkarlığın, istedadın əsas dəyərləndirmə amilinə çevrilməsinə, jurnalistikadan cinayətkar məqsədlər üçün istifadə edən və media adına ləkə olan şəxslərin fəaliyyətinə son verilməsinə səbəb olacaq.

Qısa şəkildə desək jurnalistikanın öndə gedənlərinin əksəriyyəti bu Fərmanı Azərbaycan Mediasının inkişaf tarixində mütərəqqi addım və mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirir. Ümid edirik, Agentliyin fəaliyyəti keyfiyyət baxımından KİVDF-dən fərqlənəcək və ümidləri doğruldacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »