Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupu məşğul olacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putin üç ölkənin dövlət başçılarının Moskvada baş tutan görüşündə məlumat verib.
Bizimyol.info-ya açıqlaması zamanı Ağ partiyanın sədri Tural Abbaslı bildirib ki, sslində bu üçtərəfli işçi qrupunun Qarabağa heç bir aidiyyatı yoxdur.
“Üçtərəfli işçi qrupu yaradılır baş nazirlərin müavinləri səviyyəsində. Azərbaycan mətbuatında tərcümədə düz anlaşılmayıb. Belə təqdim ediblər ki, guya üçtərəfli işçi qrupu Qarabağda yenidən qurmanın təşkilini həyata keçirəcək. Əslində isə həmin işçi qrupu Qarabağda yenidənqurma deyil, Ermənistan və Azərbaycan ərazisindəki kommunikasiya xətlərinin, dəmir yol və avtomobil yollarının açılması, infrastruktorun vəziyyəti, onun yenidən qurulması barədə işləri görəcəklər. Dünən görüş bitdikdən sonra imzalanan bəyənnamədə də bu qrupun fəaliyyəti öz əksini tapır. Hətta yanvarın 30-a qədər ilk iclaslarını keçirməlidirlər və görülməli işlər barədə martın 1-nə qədər təkliflər verməlidirlər. Əslində bu üçtərəfli işçi qrupunun Qarabağa heç bir aidiyyatı yoxdur”,-deyə bildirib.