Ermənistanda hadisələr müsbətə doğru dəyişmir. Siyasi sabitlik hələ də yaranmayıb. Dərin iqtisadi böhran müşahidə edilir. Üstəlik, xalqda böyük ruh düşkünlüyü formalaşıb.
Bizimyol.info xəbər verir ki, “Yerevan.Today”in sorğusu da belə deməyə əsas verir. İrəvan küçələrində sayt əməkdaşlarının suallarını cavablandıranlar Ermənistanın gələcəyi ilə bağlı nikbin düşünmədiklərini bildiriblər.
Sorğuda iştirak edənlərdən biri deyib ki, Nikol Paşinyan Moskva görüşünə getməməliydi: “O, bizim baş nazir olmamalıdır. Ölkəni məhv etdi. Torpaqlar verilib, nə qədər ölən, əsir düşən var...”
Başqa bir şəhər sakini ölkə haqda heç bir yaxşı fikir dilə gətirə bilməyəcəyini söyləyib: “Bizim daha müsbət gözləntilərimiz ola bilməz. Bizi aclıq, işsizlik və mühacirət gözləyir. Əvvəllər daha yaxşı yaşayırdıq”.

Sorğu iştirakçılarının əksəri zəbt olunan torpaqların itirilməsindən sarsıldığını gizlədə bilməyib. Nikol Paşinyan əsas günahkar sayılır. Amma iqtisadi böhran da bədbin fikirlərdə rol oynayıb.
2020-ci ilin payızından Ermənistanda əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur. Milli valyuta böyük dəyər itirib. Dram tarixinin ən aşağı məzənnəsinə çatıb.
Ermənistanda hər gün etiraz aksiyaları keçirilir. Qarabağ məğlubiyyətinə görə əsas günahkar adlandırılan Paşinyan isə istefa verməkdən boyun qaçırır.

Qeyd edək ki, bu gün Moskvada Əliyev-Putin-Paşinyan görüşü keçirilib. Tərəflər regiondakı kommunikasiya xətlərinin açılması üçün birgə komissiyanın yaradılması barədə sənəd imzalayıblar. Komissiyaya hər 3 ölkənin hökumət başçılarının müavinləri daxil olacaq.
Kommunikasiyaların sırasında Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Mehri dəhlizi də var. Bu dəhlizin açılması həmçinin Türkiyənin də Orta Asiya regionuna çıxışını təmin edəcək.

Ermənistan müxalifəti isə iddia edir ki, dəhliz adı altında Azərbaycana ərazilər veriləcək, Türkiyə və Azərbaycan bu yolla Turan Birliyi yaradacaq. Qeyd edək ki, sərhədlərin demarkasiyası nəticəsində Ermənistanın əvvəllər ələ keçirdiyi bir sıra ərazilər Azərbaycana qaytarılır və bu proses Paşinyan müxalifləri tərəfindən əks-təbliğat üçün istifadə edilir.