Xəbər verdiyimiz kimi yanvarın 11-də Moskvada yüksək səviyyədə Azərbaycan-Ermənistan görüşü nəzərdə tutulur.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşlə bağlı müxtəlif versiyalar səsləndirilir. Amma bu mövzu Ermənistanda daha qızğın müzakirə olunur, nəinki Azərbaycanda.
Bu da təsadüfi deyil. Məsələ ondadır ki, görüşlə bağlı gözləntilər Azərbaycanda və Ermənistanda fərqlidir. Daha dəqiq desək, Azərbaycan cəmiyyəti görüşün nəticələrindən narahat deyil, Ermənistan haqqında isə bunu demək mümkün deyil.
Bəs bu iki ölkədə cəmiyyətin gözləntiləri detallı şəkildə nədən ibarətdir?

Azərbaycan cəmiyyətində başlıca narahatlıq Rusiya sülhməramlıları ilə bağlıdır. Bölgəyə gələndən sonra sülhməramlıların Azərbaycan tərəfi ilə razılaşdırmadan həyata keçirdiyi müxtəlif tədbirlər, "xəritə hoqqabazlıqları", Rusiya əsgərlərinin aşkar tərəf tutan davranışları cəmiyyət tərəfindən narazılıqla qarşılanır. Rusiya əsgərlərinin "Yaşasın Azərbaycan!" deyə yaydığı video da cəmiyyəti sakitləşdirmədi. Tarixi boyunca hər zaman özünə qarşı pislik gördüyü bir ölkənin ordusuna etibar etmək Azərbaycan cəmiyyəti üçün asan məsələ deyil.
Hər kəs yaxşı başa düşür ki, Rusiya 30 ildir problemin açıq qalması üçün əlindən gələni edib. Ona görə də Azərbaycan cəmiyyətinin başlıca gözləntiləri problemin zəmanətli şəkildə başa çatmasıdır. İnsanlar əmin olmaq istəyirlər ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri üzərində nəzarət nəhayət, Azərbaycanın özünə keçəcək, Qarabağın hər yerində üçrəngli bayraq dalğalanacaq və qarşıdurma ehtimalları birdəfəlik aradan qalxacaq.

Amma Ermənistan XİN başçısı Ara Ayvazyanın Xankəndi səfərindən İlham Əliyevin verdiyi açıqlamalar bu mövzuda cəmiyyətin ümidlərini artırdı. Qanunsuz səfərə sərt reaksiya verən İlham Əliyev sülhməramlılara da xəbərdarlıq etdi, həmin ərazilərin də Azərbaycan ərazisi olduğunu xatırlatdı və bütün xarici vətəndaşların ("Beynəxalq Qızıl Xaç"dan başqa) yalnız Azərbaycan hökumətinin icazəsi ilə ora gedə biləcəyini bildirdi. Bu açıqlamalar Ermənistanda növbəti ümidsizlik dalğasına, Azərbaycan cəmiyyətində isə nikbinliyə səbəb oldu.
İndi də Azərbaycan cəmiyyəti İlham Əliyevin ölkənin maraqlarına zidd olan, ərazi bütövlüyünü təhdid edən hər hansı sənədə imza atmayacağından əmindir. Elə ona görə də bu mövzu mediada və sosial şəbəkələrdə o qədər də geniş müzakirə olunmur.
Ermənistanda isə görüşlə bağlı ehtimallar konkret formalarda gündəmə gəlir. Müxalifətin və analitiklərin açıqlamalarına görə, görüşdə Ermənistan qüvvələrinin Qarabağdan çıxarılması, Naxçıvan dəhlizi və sərhədlərin demarkasiyası əsas müzakirə mövzusu olacaq. Onların fikrincə, Paşinyan "Ermənistan ərazilərinin, o cümlədən Tavuş vilayətində kəndlərin" (Azərbaycanın Qazax rayonunun 7 kəndi nəzərdə tutulur) Azərbaycana qaytarılmasını rəsmiləşdirəcək.
Bu arada Ermənistanda müxalifət Paşinyanın istefasını tələb etsə də, özünə lazımi qədər tərəfdar toplaya bilmir. Ermənistan mediasının yazdığına görə, əsalində müxalifət heç də hakimiyyətə gəlmək istəmir. Çünki hazırda hakimiyyətə kim gəlirsə, gəlsin, itaətkarlıqla Paşinyanın indi atdığı imzaları atmalı olacaq. Ona görə də müxalifət hakimiyyətə gəlib bu imzaların məsuliyyətini öz üzərinə götürmək istəmir. Onlar quru çağırışlarla hay-küy salıb gözləyirlər ki, Paşinyan "çirkli" işləri başa çatdırsın, sonra onu hakimiyyətdən salıb rahat bir dövrdə onun yerini tutsunlar.
Qey edək ki, tərəflərin heç biri son ana qədər görüşlə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib. Yalnız bu gün Kremldən verilən açıqlamada yanvarın 11-də Moskvada üçtərəfli görüşün baş tutacağı, Əliyev, Putin və Paşinyan arasında 9 norabr bəyanatı ilə bağlı müzakirələrin aparılacağı bildirilib. Görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.