Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus vaksinlərinin əlavə təsirləri varmı... - Həkimdən açıqlama
Koronavirus vaksinlərinin əlavə təsirləri varmı... - Həkimdən açıqlama

“Artıq demək olar ki, hamı vaksinin faza çalışmaları ilə bağlı açıqlamalara aşinadı. Mən qısaca izah edim nədir bu faza çalışmaları. Deməli, hazırlanan vaksinlərin etibarlılığı, təhlükəsizliyi və faydalılığı laboratoriyada in vitro, in vivo dediyimiz, cansız mühitdə və heyvanlar üzərində yoxlamadan keçirildikdən sonra faza çalışmaları başlayır”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib. Onun sözlərinə görə, vaksinlərin hazırlanması zamanı mərhələlərin hər hansı birində kiçik bir problem yaranarsa proses dayandırılır.

Turanə Rəsulova Turanə Rəsulova

“Elə bu səbəbdən koronavirus üçün 200-dən çox vaksin inkişaf etdirilməyə başlamışdı, amma bu vaksinlərdən cəmi 4-5-i 3-cü fazaya gəlib çıxa bildi. 1, 2, 3 faza çalışmaları artıq insan qrupları üzərində aparılır. Əvvəl onlu saylarda, sonra yüzlü, sonra isə minlərlə sağlam insanlara vurulur, nəticələr müşahidə və analiz edilir. Kütləvi istifadəsinə başlamazdan əvvəl vaksin detallı araşdırmalardan keçir, statistik və laborator analizlər aparılır. Bu proseslərin nəticəsində etik və faydalı olduğu qəbul olunduqdan sonra lisenziya verilir. Faza çalışmaları davam etdiyi müddətdə bu prosesdə iştirak edən hər hansısa bir şəxsdə problemlə qarşılaşdıqda dərhal bütün ölkələrdə iş dayandırılır və araşdırılır. Məsələn faza çalışmalarından birinin iştirakçısı intihar etmişdi. Bu səbəblə dünyada bu çalışma dayandırıldı və araşdırıldı. Hesablandı ki, vaksin çalışmalarında iştirak edənlər içində intihar faizi cəmiyyətdəki intihar faizi ilə eynidir, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur”.

Həkimin sözlərinə görə, koronavirus vaksinlərinin bəzi əlavə təsirləri görülə bilir.

“Bunlara nələr daxildir, inyeksiya yerində ağrı, qızarıqlıq və nadir hallarda halsızlıq, 1-2 gün davam edən yüngül, subfebril qızdırma. Bu əlavə təsirlər vaksinin faydalılığı ilə müqayisədə çox məsumdur və şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, mən vaksinasiya olunacağım günü səbirsizliklə gözləyirəm. Uzun müddət sonra problem yaradacaq deyə bir şey mümkün deyil. Çünki vaksinlər vücudumuza daxil olub immun cavab yaradandan sonra orqanizmdən təmizlənir. O, illərlə qanımızda qalmır ki, hansısa bir problem yarada bilsin. İllərlə qanımızda qalıb bizi qoruyan öz immun hüceyrələrimizdir, vaksinlərin hazırlandığı ölmüş virus hissəcikləri, m-RNT və ya vektor deyil. Ümid edirəm ki, ölkəmizdə də tezliklə vaksinasiya başlanar və hər kəsi tərəddüd etmədən vaksinasiyaya getməyə səsləyirəm”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »