Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən sonra ölkədə baş verən iğtişaşlar, toqquşmalar dollar indeksinə müəyyən mənfi təsirlər göstərdi.
ABŞ-da baş verən siyasi qeyri-sabitlik dolları risk altına atacaqmı?
Bizimyol.info-nun suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, baş verən hadisələrdən sonra dollar indeksi son 3 ildə ən aşağı səviyyəyə düşmüşdü.

“Prezident seçkilərinin bitməsindən son hadisələrə qədər keçid sürətinin hansı formada baş tutacağı ilə bağlı qeyri-müəyyənliklər var idi. Məhkəmələr təyin edilirdi, Respublikaçılar Partiyası tərəfindən müəyyən iradlar və mücariətlər var idi. Bu da dollar indeksinə müəyyən mənfi təsirlər göstərdi və dalğalanmalar yaratdı. Dollar indeksi son 3 ildə ən aşağı səviyyəyə düşmüşdü. Artıq bu məsələ geridə qaldı. Tramp məğlubiyyətini etiraf etdi və ayın 20-də Co Bayden öz fəaliyyətinə başlayacaq. Bununla da baş verən hadisələrin Amerikadakı birjalara təsiri demək olar ki, minimuma endi. Bundan sonra hansısa xaos yaranmazsa, ciddi təsirin olacağını düşünmürəm”.
Natiq Cəfərlinin sözlərinə görə, bir çox inkişaf etmiş, ixracatı güclü olan ölkələr həm də maraqlıdırlar ki, onların valyutaları çox dəyər qazanmasın. Əksinə dəyər itirsin.

“Bu zaman xarici ticarət üçün üstünlüklər yaranır. Məsələn, Avropa Birliyi ölkələri avronun bahalaşmasından çox narahatdırlar. Bir neçə gün bundan öncə Avropa Mərkəzi Bankının rəhbəri bununla bağlı öz iradlarını bildirdi. O, bildirdi ki, Avropa iqtisadiyyatı üçün bahalı avro o qədər də yaxşı deyil. İxracat potensialını zəiflədən amildir. Ona görə də, dolların dünya birjalarında dəyərdən düşməsi ABŞ-da bir o qədər də faciəvi hadisə kimi qarşılanmadı. Əksinə, iqtisadi fürsətlərin, ixracatın artımı kimi yanaşıldı. Ona görə də, hələ uzun müddət Amerika höküməti dolların indeksinin artırılmasını istəməyəcək. Qarşısını kəsən addımlar atmaqda davam edəcək. Bu da dollar indeksinin hələ uzun müddət aşağı səviyyələrdə qalmasına səbəb olacaq”,- deyə iqtisadçı bildirib.
Leyla Mirzə