Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Etirazlarımız rəsmi Kremlə ünvanlanmalıdır” - Ekspert
“Etirazlarımız rəsmi Kremlə ünvanlanmalıdır” - Ekspert

Vətən müharibəsi başa çatdı desək də, Rusiya sülhməramlılarının və Ermənistanın bölgədə özünü aparma şəkli azərbaycanlılarda haqlı narazılıqlar doğurdu. Dünən ölkə Prezidenti İlham Əliyevin uzun sükutdan sonra sülhməramlılara münasibətdə söylədiyi "10 noyabr razılaşmasında nəzərdə tutulan vəzifələrindən kənara çıxdılar, bəzi hallarda göz yumduq" deməsi bu vəziyyətlə bağlı fikir ayrılıqları yaşayan cəmiyyətimizdə yeni müzakirələrə səbəb olub.

“Ermənistan vətəndaşlarının Qarabağa gəliş-gedişi ilə bağlı etirazımızın ünvanı Rusiya olmalıdır” - Bizimyol.info-nun müsahibi, siyasi ekspert Mirzə Rəşad Bakuvi bu fikirdədir.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

- Ermənistan XIN başçısı Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri Azərbaycanda ciddi polemikalara mövzu verdi. İstərdim bu barədə danışaq...

- Azərbaycan XIN və ardınca ölkə prezidentinin bu məsələ ilə bağlı sərt bəyanatları oldu. Amma biz nə zaman Qarabağı iç məsələ kimi gündəmə gətirmişik? Əgər iç məsələ kimi gündəmə gətirmişiksə, o zaman Laçın Dəhlizi bağlanmalıdır, rus sülhməramlıları ilə danışıb məsələni özümüz içəridə həll etməliyik. Üçüncü tərəf olmadan!

Digər yandan, əgər öz ərazimizi beynəlxalq mübahisəli məsələ kimi sanksiyalaşdırıb Ermənistanın tərəf olduğu üçtərəfli bəyannamə imzalamışıqsa, üstəlik, böyük lütf edib onlar üçün Laçın Dəhlizi də açmışıqsa, o zaman Ermənistan XIN başçısının əlini-qolunu sallayaraq Qarabağa gəlməsi gözlənilən idi. Çünki, Ermənistanın tərəf olmasını, özümüz istəmişik. Laçında rəsmi olaraq, dövlət sərhəd-gömrük keçid məntəqəsinin qurulmaması Ermənistan üçün bu rahatlığı təmin edən unikal imkandır.

- Bəyannəmə özündə bu problemin həllini ehtiva edirmi?

- Ermənistan XIN başçısının əgər Qarabağa bir səfəri planlaşdırılırsa, o zaman bu səfərin baş tutmasına rəsmi Bakı baxmalı və hərəkət marşrutunu təqdim etməlidir. Ancaq burada da boşluq var. Çünki 10 noyabr tarixli üçtərəfli bəyannamədə Ermənistan vətəndaşlarının və rəsmilərinin Qarabağa necə gəlib-getmələri barədə bir kəlmə yoxdur, bu bir yana, hətta deyək ki, bu nüans nəzərə alınıb, o zaman Laçın Dəhlizi öz mahiyyətini itirmiş olur axı. Ermənistan XIN başçısı Qarabağa səfər etmək üçün Azərbaycana müraciət etməlidirsə, hələlik heç bir pasport-kontrolun gözlənilmədiyi Laçın Dəhlizi bəs nə üçündür? Biri digərini əhəmiyyətsiz edir.

- Prezidentin çıxışındakı mesaj həm də Rusiyaya yönəlmişdi. Məlum məsələdir ki, Ermənistanın ipləri ən çox onun əlindədir.

- Doğrudur, bu gün Prezident Ilham Əliyev çıxışında rus sülhməramlılarının da fəaliyyətinə toxundu, müəyyən məsələlərdə dövlətin göz yummasını əsaslandırdı. Məsələn, dövlət başçısının, "...baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki 10 noyabrda imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayanlar üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz buna imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz buna imkan verməyə də bilərdik" kimi yanaşması çox müsbət haldır. O mənada ki, artıq Rusiya sülhməramlıları da öz missiyalarının çərçivələrini və məsuliyyətlərini anlasınlar. Əvvəl-axır bu xəbərdarlıq onlara edilməli idi. Ancaq hələlik eyni xəbərdarlıq Ermənistan vətəndaşı sayılan şəxslərin qanunsuz olaraq Laçın Dəhlizini su yoluna döndərmələri ilə əlaqədar edilmədikcə, onların ayağı əməlli-başlı yer alır.

- Ermənistana rahat gediş- gəlişi təmin edən və nəzarətimizdə olmayan bu yol bizə narahat bir gələcək vəd etmirmi?

- Laçın Dəhlizi sırf Qarabağ sakinləriin Ermənistana gedib-gəlməsi üçün açılıb. Bu planda da suverenlik prinsipləri və hüquqi baxımdan bir anormallıq baş verməkdədir. Çünki Qarabağ sakinlərinin haradasa 80-90 faizi nə vaxtsa birdəfəlik çıxıb getmə ehtimallarından dolayı həm də Ermənistan vətəndaşıdır, hər ehtimala qarşı, hamısında bir "Ermənistan pasportu" mütləq var! Ölçü meyarı pasportdursa, o zaman fərqi yoxdur Araik Arutyunyan gəlmiş-getmiş, yaxud Ara Ayvazyan? Hər ikisi Ermənistan vətəndaşıdır. Yəni, heç biri rəsmi olaraq Azərbaycan vətəndaşı deyillər. Bu planda biz heç birindən hüquqi nöqteyi-nəzərdən nə isə tələb edə bilmərik.

Hə, o başqa mövzudur ki, "de-yure" tələb edirik ki, bizim ölkəyə ayaq basmayın, ancaq "de-fakto" bunun öhdəsindən gələ bilirikmi? Hüquqi nöqteyi-nəzərdən çox şey tələb edə bilərik, ancaq bu hüququn bir də icra tərəfi var axı, bax, işin o hissəsində biz kimik? Hazırda Azərbaycan dövləti üçün Ermənistan XIN başçısı kimdirsə, Araik Arutyunyan da odur, yəni eyni statusdadırlar. Ayvazyan miqrasiya qanunlarına tabe olan turistdir, Arutyunyan isə potensial separatçı.

Azərbaycan prezidenti hər fürsətdə haqlı olaraq tələb edir ki, hansı vəzifəni tutmasından asılı olmayaraq, Ermənistan vətəndaşları Azərbaycanın suveren ərazilərinə bu cür rahatlıqla gəlməməlidir. Razıyıq. Bunu tələb ediriksə, o zaman Laçın Dəhlizini bağlamalıyıq, ya da, sərhəd-gömrük xidmətini həmin ərazidə mütləq bərpa etməliyik. Ermənistan pasportu daşıyan hamının Qarabağa gəliş-gedişini dövlətlərarası giriş-çıxış qaydaları çərçivəsində tənzimləməliyik. Əks halda, biz kimdən nəyi tələb edirik, etirazımızın ünvanı doğrudurmu? Bu mübahisəni isə sərhədimizə faktiki nəzarət edən Rusiyaya etməliyik.

Azərbaycan cəmiyyətinin haqlı emosional narazılıqlarını yatırmaq üçün Prezident Əliyev düşməni davamlı təhdid edir. Biz də hesab edirik ki, bu, belə də davam etməlidir. Onlar ayrı dili anlamırlar. Ancaq hər bir halda, bu, həm də hüquqi bir məsələdir, bunun yuridik çözümü də açıq qalıb. Azərbaycan hökumətində sırf Qarabağ sakinlərinin dəqiq sayı və onlar haqqında pasport məlumatları olmalıdır ki, biz kimin sırf Ermənistan vətəndaşı, kimin Qarabağ sakini olduğunu ayırd edək.

Rəsmi Bakı artıq ciddi şəkildə narahat olmalıdır ki, Laçın Dəhlizi iqtisadi-mədəni əlaqələrdən çox, Ermənistanın siyasi məqsədlər üçün yararlanmağa başladığı bir koridora çevrilib. Azərbaycan XIN-in məsələ ilə bağlı yaydığı bəyanat nə qədər sərt olsa da, Yerevan özünü ancaq Rusiya qarşısında cavabdeh hesab edir. Rəsmi Bakı səsləndirdiyi bəyanatı, əslində, Ermənistana ünvanlamamalıdır, birbaşa rəsmi Kremlə ünvanlamalıdır. Ermənistan ciddi maneə olmayacağı halda, " Qarabağa, yaxud Xudavəngə gedə bilmərik" deməyəcək, siyasi hoqqabazlıqlarla da məşğul olacaq.

Bir misal çəkim. Ermənistan vətəndaşları Sünik-Zəngilan qapısından niyə gəlib-getmirlər? Çünki orada bu rahat şəraiti onlara yaradacaq Rusiya sülhməramlıları yoxdur, şərti "sərhəd-gömrük keçid məntəqəsi" bizim sərhəd qoşunlarının nəzarətindədir. XIN başçısı Ara Ayvazyanı o qapıdan Azərbaycana girməz!

Rusiyaya deyilməlidir ki, dövlətlərarası maraqlardan çıxış edərək hələlik sizin nəzarətinizə verdiyimiz Laçın Dəhlizini "proxodnoy dvor"a çevirməməlisiniz və bu haqqı sizə verməmişik. Rusiya bu tələbi Ermənistan qarşısında qaldırsa, Ermənistan vətəndaşları addımlarını məhz müvafiq qaydalar çərçivəsində atmağa məcbur qalacaqlar, ya da birdəfəlik Qarabağa səfər etməyi yığışdıracaqlar.

Biz onlarla sakit danışaraq ərazi bütövlüyümüzə sayğı duymalarını gözləyəcək qədər sadəlövhmüyük? Ona görə bu məsələlər öz həllini mütləq tapmalıdır.

Söhbətləşdi: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »