Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyevin yumruğu Ermənistan mətbuatında, yaxud "qurbağa gölünə necə daş düşdü"...
İlham Əliyev

Bir neçə gündür ki, Ermənistanın yeni, "gec gəlib, tez öyrənən" xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfəri yerli mətbuatın sevimli mövzusu idi. Səfərdən əvvəl "Ermənistan-Artsax dövlətlərarası münasibətlərdən" dəm vuran mətbuat səfərdən sonra da sevincək olub uzağa gedən təhlillərlə çıxış edirdilər.

Rusiya sülhməramlılarının Ermənistan xalqına verdiyi şou üslublu mesajlar, Vitali Balasanyanın "qisas" ruhlu açıqlamaları, Araik Arutyunyanın "təmas xəttində" səngər qazdırması Ermənistanda təsəlli susuzluğunu yatırmağa başlamışdı ki, yeni gələn xarici işlər nazirinin səhv addımı hər şeyi alt-üst etdi.

Səfərdən öncə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı vardı. Düzü, bəyanat o qədər təmkinli idi ki, rəsmi Bakı Ayvazyanın Xankəndi səfərinin baş tutmasında maraqlı görünürdü. Səfərin ardından məlum oldu ki, bu qanunsuz ziyarət həqiqətən də siyasi baxımdan Azərbaycanın xeyrinə çevrilib.

Əvvəllər Azərbaycan tərəfi mümkün qədər sərt açıqlamalardan özünü saxlayırdı və səbəbi də bəlli idi: Belə açıqlamalardan sonra bizi barış prosesini pozmaqda ittiham edəcəkdilər. Ayvazyanın Xankəndi səfəri bu anlamda rəsmi Bakı üçün yaxşı fürsət oldu.

Ara Ayvazyan Ara Ayvazyan

Beynəlxalq hüquq baxımından Azərbaycan hökumətinin icazəsi olmadan Ayvazyanın Xankəndiyə səfəri qeyd-şərtsiz qanunsuzluqdur. Xankəndi və bütövlükdə Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri daxilində olduğu üçün Ayvazyan həm beynəlxalq hüququ, həm də Azərbaycan qanunlarını pozub. Qanun qarşısında hansısa dövlət sərhədini pozan qaçaqmalçı ilə Ayvazyan arasında ciddi fərq yoxdur.

Sanki rəsmi Bakı təmkinlə Ayvazyanın səfərinin baş tutmasını gözlədi və əvvəllər barış prosesini pozan tərəf kimi görünməmk üçün dilə gətirmədiyi sərt fikirləri ucadan demək fürsəti yaxaladı. Yəqin ki, bu hadisədən sonra Ayvazyan siyasətdə yaxşı bir dərs almış olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəyə münasibət bildirdi və "Ermənistan cəmiyyətinin ümidini qırdı" desək, yanılmarıq. Dövlət başçısı bu kontekstdə sülhməramlılara da iradını bildirdi, onların Fransa deputatlarını Azərbaycanla razılaşdırılmadan bölgəyə buraxmasını xatırlatdı və bundan sonra belə hallara yol verilməməsini tələb etdi. Ayvazyanın səfərinə gəlincə, İ.Əliyev Ermənistanda yaxşı tanınan yumruğunu bir daha göstərdi və 44 günlük rüsvayçılığı onların yadına saldı. Dəmir yumruğun öz yerində olduğunu vurğulayan dövlət başçısı belə təxribatların Ermənistanı yenidən 44 günlük qorxulu yuxuya qaytara biləcəyini xatırlatdı.

Dövlət başçısı aydın şəkildə dedi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri istisna olmaqla bütün xarici vətəndaşların, o cümlədən Ermənistan vətəndaşlarının Qarabağa səfərləri Azərbaycanla razılaşdırılmalıdır və bu məsələdə güzəşt olmayacaq. Hətta belə hal təkrarlanarsa, Azərbaycanın necə reaksiya verəcəyini də ifadə etdi. Bu dəfə sadəcə, Xarici İşlər Nazirliyinin açıqlaması ilə münasibət bildirdiyimizi deyən dövlət başçısı, gələn dəfə "başqa cür reaksiya" verəcəyimizi vurğuladı və Ermənistanın daha çox peşman olacağına vəd verdi.

Bu açıqlama Ermənistanda "Artsax"la bağlı asta-asta yaranmaqda olan eyforiyanı dağıtdı. Ermənistan mediasının reaksiyalarına baxsaq, Prezident Əliyevin "qurbağa gölünə daş atdığını" deyə bilərik.

Ermənistan mətbuatında ümid işartılarını artıq həyəcanlı başlıqlar əvəzləməyə başlayıb: "Əliyev yenə Ermənistanı hədələdi", "Əliyev yenə Ermənistana yumruq silkələdi", "Əliyev yenidən əməliyyatlara başlamaq üçün bəhanə axtarır", "Əliyev Artsaxa səfərləri qadağan etdi" və s. kimi başlıqlar əvvəlki eyforiyanın izini-tozunu da silib atıb.

Bəzi media orqanları məlum səbəbdən açıqlamanın "dəmir yumruq" hissəsini ixtisara salıb. Sanki cəmiyyətin qorxusunu proqnoz ediblər. Amma bu fikirlər Azərbaycanın rusdilli mediasında və Rusiyanın onlayn resurslarında da yayılıb. Bu açıqlamaların detallarını Ermənistan cəmiyyətindən gizlətmək mümkün olmayacaq.

Xankəndi Xankəndi şəhəri, Azərbaycan

Əminliklə deyə bilərik ki, Ayvazyanın diplomatik səhvi Ermənistana baha başa gəldi. "İlham Əliyev niyə Xankəndi barədə heç nə demir?" sualına da cavab gəldi və aydın şəkildə "Xankəndi də Azərbaycandır" mesajı verilmiş oldu. Məlum oldu ki, Xankəndiyə operativ qaydada olmasa da, nəzarəti məhz Azərbaycan həyata keçirir. Sadəcə, rəsmi Bakı bu vaxta qədər gərginlik yaradan tərəf kimi görünməmək üçün bəzi mövzularda təmkinlə davranırdı. Ayvazyan bu anlamda özü də bilmədən Azərbaycanın "dəyirmanına su tökdü" və Azərbaycan kimin kim olduğunu sərt formada vurğulamaq fürsəti qazandı.

Bizim proqnozumuza gəlincə, yəqin ki, bu açıqlamadan sonra bir neçə min sakin də Xankəndini tərk edib Ermənistana qayıdacaq. Onsuz da ora qaytarılan sakinlərin sayı barədə deyilənlər reallıqdan uzaq idi. Rusiya geri qayıdanlara pul və ərzaq yardımı edir. Gələn xəbərlərə görə bir çoxları Xankəndiyə gəlib pul və ərzağı alandan sonra yenidən Ermənistana qayıdırlar. Digərləri ev əşyalarını yığışdırıb aparmaq üçün qayıdır. Başqa bir hissəsi evini satmaq üçün gəlib. Bu arada Ermənistanın əmlak saytlarında Xankəndidən evlərin satışına dair elanlar artıb. Amma Xankəndidən Ermənistana qayıdanların statistikası açıqlanmır.

Yəqin ki, bu dəqiqələrdə Ayvazyan öz "diplomatik" gedişinin nəticələrini qiymətləndirməklə məşğuldur. "Gərək, siyasət elmini Emmanuel Makrondan öyrənməzdim" şəklində bir peşmançılığı da olmamış deyil.

M.Hüseynov | Bizimyol.info

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »