Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil zəncirinin qırılan halqalarını yamamaq mümkün olmayacaq
distant təhsil

Orta ümumtəhsil məktəblərində tədrisin bərpası vacibdir, yoxsa təhsil zəncirinin qırılan halqalarını heç bir cəhdlə yamamaq mümkün olmayacaq. Tədris ilinin ilk yarımilini tamamlasaq da, 2020-ci ilin mart ayından yaranan problemlər hələ də öz həllini tapa bilmədi. Niyə tapa bilmədi, çünki özümüz deyib özümüz eşitdik.

Təhsil qanunvericiliyində hüquqi bazası olmayıb sadəcə adı olan distant təhsili səriştəsiz şəkildə tətbiq etməklə, həm distant təhsili, həm də təhsilin özünü gözdən saldılar. Mütləq şəkildə qeyd olunmalıdır ki, hal-hazırda təşkil olunan təhsil distant təhsil deyil, sadəcə ənənəvi təhsilin “online” formada tətbiqidir. Necə iddia etmək olar ki, heç bir hüquqi bazası olmayan təhsil növünü təşkil edirik. Distant təhsilin öz planı, öz proqramı, öz müqaviləsi, öz nizamnaməsi olmalı idi. İstər tələbə sayı, istər metodiki vəsaitlər, istər dərs saatı, istərsə də imtahan müddəti – hal-hazırda bunlar hamısı ənənəvi formada təhsil üçün nəzərdə tutulmuş nizamnaməyə əsasən tətbiq olunur. Ən əsası isə onu vurğulamaq lazımdır ki, Təhsil Nazirliyi distant yolla təhsil alan tələbənin diplomunu tanımır. Buna görə də, tam əmin olun ki, indiki təhsil nə distant təhsildir, nə də normal ənənəvi təhsil. Sadəcə olaraq vəziyyətdən çıxmaq üçün sistemli iş aparmaq, nizamnamə hazırlamaq, faydalı təklifləri dəyərləndirmək əvəzinə, gözdən pərdə asmağın bir yoludur.

Pandemiyanın mahiyyətini və mövcud vəziyyətin çətinliyini anlayırıq, pandemiyadan vaksinlə qorunma ehtimalı varsa da, təhsilə vurulmuş zərbənin əks-sədası isə hələ uzun illərlə davam edəcək. Online təhsilin təşkili zamanı meydana çıxan problemlər sadalandı, çətinliklər müzakirə olundu, təkliflər verildi. Bəs nəticə? Nə dəyişdi? Sürətli internet qıtlığı, megabaytlara sərf edilməsi müşkül olan məbləğlər, online platformalarda iştirak etmə bacarığı, müəllimlərin təkmilləşdirilməsi, tələbə və şagirlərə rəqəmsal traininglər – bunların hansı təşkil olundu? Qınamaq rahatdır, “filan müəllim online platformada bacarıqsızdır” demək, “filan tələbə qeydiyyatdan keçə bilmir deyib” qınamaq rahatdır. Axı onlara nə öyrədildi ki, nə tələb olunsun? Bəyəm müəllim “mən əmək müqaviləsini imzalayanda online təhsil tədris etməklə bağlı heç bir nüans yox idi” deyib etiraz edə bilməzki?

Yaxud da hər hansı bir tələbə “mən müqaviləni online təhsil növü üçün deyil, ənənəvi təhsil üçün imzalamışam” deyib kompensasiya tələb edə bilməz ki? Əlbəttə mümkündür! “Yaşlı müəllim” deyib qaralayıb, “cavan müəllim” deyib göylərə qaldırıb, yersiz kateqoriyalara ayırmaqdansa, bacarıqlı və bacarıqsız müəllim deyin. O qədər cavan, savadsız, qabiliyyətsiz, lakin kiminsə adamı olduğu üçün “baş tacına” çevrilən müəllimlər də varki. Lakin mövcud vəziyyəti anlayaraq aşağılar yuxarıları yola verirsə, yuxarılar da aşağıları təhqir edib danlamaq əvəzinə, tələblər, sifarişlər vermək əvəzinə 2020-ci ilin mart ayından 2021-ci ilə qədər həm online dərslər üçün vəsaitlər, həm plan, həm proqram, həm dərs saatı, həm də imtahan təşkili ilə bağlı yeni qaydalar işləyib tətbiq etməliydilər. Online təhsil növü orta ümumtəhsil məktəblərində tam effektsizdir. İstər şəhər məktəblərində, istərsə də rayon məktəblərində vəziyyət acınacaqlıdır. Şagirdlərin yaş kateqoriyaları nəzərə alınmaqla, mütləq şəkildə bu məsələyə nəzər yetirilməlidir. Avropa ölkələrinə, Rusiyaya, hətta Naxşıvan MR-na baxaq, tədris prosesi bərpa olunub. Pandemiya səbəbi ilə paytaxt və rayon mərkəzlərində böyük sıxlıq yaratmaqdan ehtiyat edilirsə, mövcud vəziyyətə uyğun universitetlər qismən də olsa, online təhsillə davam edə bilər. Lakin orta ümumtəhsil məktəblərində tədrisin bərpası tədricən mümkündür və vacibdir. Ehtiyat tədbirlərini gücləndirməklə, müxtəlif qrafiklər əsasında orta təhsili mütləq ənənəvi qaydada təşkil etmək lazımdır. Yoxsa təhsil zəngirinin qırılan halqalarını heç bir cəhdlə yamamaq mümkün olmayacaq.

Vüsalə Ağabəyli Vüsalə Ağabəyli, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »