Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını və qaynanasını baltalayıb evi yandırdı, ardınca bir yığın problem qoydu
Balta ilə qətl

Bərdənin Kətəlparaq kəndində yaşayan Qarayevlər ailəsi böyük faciə ilə üzləşib. Cinayət nəticəsində həm əzizlərini itiriblər, həm də ev-eşiksiz qalıblar.

Bizimyol.info xəbər verir ki, həmin cinayət hadisəsi 2019-cu il martın 1-dən 2-nə keçən gecə baş verib. 27 yaşlı Nəvat Qurbanovanı həyat yoldaşı Elçin Qurbanov baltalayaraq öldürüb. Hadisə baş verəndə onlar bir ilə yaxındır ayrı yaşayırmışlar. Nəvat azyaşlı övladını da götürüb, İmişlidən Bərdəyə - anası və qardaşının yaşadığı evə gəlib.

Həyat yoldaşından ayrılmaq istəməyən 30 yaşlı Elçin Qurbanov gecə yarısı gəlib, Nəvatla yanaşı, onun anası Rəhilə Qarayevanı da baltalayıb. Daha sonra evi yandırıb və 6 yaşlı övladını götürüb gedib. Rəhilə Qarayeva xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Elçin Qurbanov uşağı aparıb İmişliyə qoyandan sonra gedib polisə təslim olub. O, Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə cəhd), 186-cı (özgənin əmlakını məhv etmə) maddələrilə təqsirli bilinib və 19 il azadlıqdan məhrum edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi bu işə baxarkən yanğın nəticəsində dəymiş maddi ziyanla bağlı məsələni də araşdırıb. Nəticədə evin yanmasına görə 7300, əşyalara görə isə 5400 manat maddi ziyan müəyyənləşdirilib.

Cinayət nəticəsində bacısını itirən 33 yaşlı Nicat Qarayev Bizimyol.info-ya deyib ki, ev yanıb kül olduğuna görə iki ilə yaxındır ayrı-ayrı qohumların evində yaşayırlar. Elçin Qurbanov həbsdə olduğuna görə məhkəmənin müəyyənləşdirdiyi maddi ziyan da ödənilməyib. Özlərinin də evi bərpa eləyib yaşamağa imkanları yoxdur.

Nicat Qarayevin sözlərinə görə, o, günəmuzd işləyir, fəhləliklə qazandığı pula ailəsinin yeməyini ancaq çatdıra bilir. Anasının həyatını xilas etmək mümkün olsa da, daim dərmanlar hesabına yaşayır. Üstəlik, həyat yoldaşı da xəstədir və iki azyaşlı övladı var: “Beş nəfərlik ailəyik, işləyən yeganə adam mənəm. Anam cəmi 130 manat pensiya alır, heç dərman puluna çatmır. Yoldaşım ağır xəstədir, müalicə etdirə bilmirik, ağrıkəsicilərlə birtəhər yola veririk. Dərman pulunu çatdıra bilmirəm. Uşaqlara paltar, dəftər-kitab alıb oxutdura bilmirəm. Qohum-qonşunun evində qalmaqdan utanırıq. Mən bu ailənin heç yeməyini çatdıra bilmirəmsə, evi neçə tikim? Qamışıq küçələrdə...”

Zahid Oruc Zahid Oruc

Nicat Qarayev deyir ki, Bərdə rayon İcra Hakimiyyətindən tutmuş, bu rayondan deputat olan Zahid Oruca qədər müxtəlif səlahiyyət sahiblərinə müraciət edib, evin bərpasına kömək istəyib. Amma müsbət cavab ala bilməyib:

“Mən villa istəmirəm ki, küçələrdə qalmamaq, ailənin bir yerə yığılması üçün iki otağın bərpasına kömək istəyirik. Onu da eləmirlər. Dövlət üçün bunu eləmək nə böyük problemdir ki?! Görünür, eləmək istəmirlər. Özümün bunu eləmək imkanım olsaydı, heç ağız açmazdım. Kasıblığın üzü qara olsun, adam ailəsinin də yanında xəcalət çəkir. Utanıram ki, bir evi düzəldib onları yığa bilmirəm. İcra başçısının, müavininin qəbuluna getmişəm. Anam da o vəziyyətilə gedib. Xeyri yoxdur”.

Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev isə Qarayevlərə göndərdiyi cavab məktubunda yazıb ki, “vətəndaşların fərdi yaşayış evlərinin təmiri, tikintisi və bərpasına köməklik göstərilməsi məqsədilə rayon icra hakimiyyətinə vəsait ayrılmır”.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »