Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağciyərinizdə heç bir şüşə, buz əmələ gəlmir, KT-yə tələsməyin” – Pulmonoloqdan çağırış
“Ağciyərinizdə heç bir şüşə, buz əmələ gəlmir, KT-yə tələsməyin” – Pulmonoloqdan çağırış

Azərbaycanda koronavirus sözü ilə yanaşı aktuallaşan, insanların qorxulu kabusuna çevrilən “buzlu şüşə” bu gün yüzlərlə xəstəni əsasən də KT olmaqla, lazımsız müayinələrə və müalicələrə məcbur edir.

Xəstələr elə bilir ki, virus ağciyərlərdə gerçək mənada şüşə və ya buz yaradır, müalicə almasa hətta bu şüşə bütün ağciyərləri tuta bilər. Bir çoxları isə el arasında “döyəcləmə” adlanan “postural drenaj” hərəkəti ilə ağciyərlərdəki buzun qırılacağını zənn edir.

Bunlar vaxtında düzgün aparılmayan maariflənmənin acı nəticələridir.

Medicina.az uzman pulmonoloq Həsən Həsənzadədən ağciyərlərdə buzlu şüşə termini barədə açıqlama alıb.

Həkim bildirir ki, bir çox ağciyər xəstəliyində, infeksiyon və ya qeyri-infeksiyon, buzlu şüşə görüntüsü ilə rastlaşa bilərik.

İnsanlar hələ koronavirus pandemiyasından öncə qrip və başqa tənəffüs yolu infeksiyalarında buzlu şüşə deyilən ağciyər dəyişikliklərinə məruz qalıblar. Sadəcə, həmin vaxt indiki qədər KT çəkilmədiyi üçün bunları görmür və bilmirdilər.

“Buzlu şüşə” sadəcə bir bənzətmədir, radioloji termindir. Kompyuter tomoqrafiya cihazı kəşf olunandan var və yeni bir kəşf deyil.

"Pasiyentlərin yol verdikləri əsas səhv də virus təsdiqlənən kimi, KT çəkdirib müalicədən həmən sonra ikinci, hətta üçüncü təkrari KT çəkdirmələridir.

Xəstələr həkim göstərişi olmadan KT-yə üz tuturlar. Mən soruşuram, niyə çəkdirirsən? Nə görmək istəyirsən? "Buzlu şüşə"? Var, görünəcək. O bu qədər qısa müddətə təmizlənməz, təmizlənənə qədər də müalicə almağınıza gərək yoxdur. Pnevmoniyadan sonra bəzən aylarla buzlu şüşə qalmış ola bilər.

İnsanlara tövsiyəm odur ki, "buzlu şüşə" axtarışından əl çəksinlər. KT göstərişi həkim tərəfindən olmalıdır.

Hansı hallarda xəstəni KT- yə göndəririk: Xəstə ciddi təngnəfəslik keçirtdikdə, oksigen saturasiyası 92 %-dən aşağı olduqda, ciddi öskürək, halsızlıq olduqda, müalicə gedişində sağalmanın gecikməsi və ya gözlənilməz ağırlaşmalar olduqda, şəkərli diabet, orqan transplantasiyası olunmuş şəxslər və.s

Çox hallarda xəstələr test sonucu pozitiv olunca dərhal KT çəkdirir, nəticədə normal və ya kiçik sahədə dəyişikliyin olacağı gözləniləndir. Xəstəliyin sonunda isə KT çəkdirməklə patoloji sahənin çox olduğunu görür və ağırlaşdığını düşünür. Halbuki, bu, xəstəliyin təbii gedişatı və seyridir.

Əksər hallarda xəstələrə KT gərək olmur, gərək olduğu halları isə ixtisaslı və ya bu sahə üzrə ixtisaslaşmış həkim təyin etməlidir. Xəstəlikdən sağaldıqdan sonra isə "buzlu şüşə" üçün nələrsə etməyə ehtiyac yoxdur, zamanla özü geriləyəcək və ortadan qalxacaq.

Aktiv şəkildə hərəkət edən, yataq rejimində olmayan xəstələrin üz üstə (pron) yatmasına gərək yoxdur. Bunlar davamlı yataq vəziyyətində olan, ağır pnevmoniyası olan əsasən reanimasyon xəstələr üçündür. Qalxa və gəzə bilən xəstələrin isə davamlı hərəkətdə olması çox önəmlidir”.

Təəssüf ki, KT diaqnozunda bu sözü başqa bir tibbi terminlə əvəz etmək artıq gecdir. Amma heç olmasa bundan sonra gənc, sağlam, normal insanların boşuna KT müayinə almasının qarşısı alınar.

Son xəbərlər
Bütün xəbərlər »