Vladimir Putin dünya siyasətinin ən ziddiyyətli obrazlarından biridir.
Onun haqqında müxtəlif fikirlər eşitmək mümkündür. Putini tərifləyənlər də var, kəskin tənqid edənlər də. Amma Rusiya prezidentinin mətbuat katibinin onun haqda fikri xüsusi maraq doğurur.
Bizimyol.info xəbər verir ki, Dmitri Peskov jurnalist Vladimir Solovyovun “YouTube” kanalının qonağı olub. Putinin mətbuat katibi dövlət başçısı haqqında danışıb. Peskov prezident üçün sədaqətin çox vacib amil olduğunu deyib.

“Xəyanəti, oğurluğu götürsək, onda çox qəddar, amansız olur. Prezident üçün bunlar günah sayılır. Mənfi təzahürlərə qarşı daha barışmaz mövqe tutmağa başlayıb”.
Peskov Putinin xəyanəti bağışlamadığını, amma ümumilikdə çox ədalətli insan olduğunu deyib.
“Heç nə etmədən bağışlanmaz səhvlərə yol verə bilərsən. Amma işləmək istəyirsənsə və səhvə yol verirsənsə, belə şeylər olur, cinayət deyil”.
Peskov deyib ki, Putinin sərt tənqidlərindən sonra adam yaşamaq istəmir. Onun sözlərinə görə, dövlət başçısı həmişə qulaq asır, amma heç də bütün hallarda razılaşmır.
Dmitri Peskov 1967-ci ildə Moskvada doğulub. Moskva Dövlət Universitetini bitirib. Peskov 2008-ci ildən hökumətdə yer alır. O, 2012-ci ilin mayından Putinin mətbuat katibidir.