Ermənistan 90-cı illərdə ələ keçirdiyi ərazilərimizi sonradan öz torpaqları kimi rəsmiləşdirməyə çalışsa da, yaşayış məntəqələri bir-bir Azərbaycana qaytarılır.
Zəngəzur mahalının ərazisi sayılan Şurnuxunun bir hissəsi də bizə təhvil verilib.

Bizimyol.info xəbər verir ki, Ermənistan saytları hələ dekabrın sonlarında Azərbaycanın oradakı yerli icra orqanlarına yanvarın 5-nə qədər vaxt verdiyini yazırdı. Bu gün kənd icmasının rəhbəri kimi təqdim olunan Akop Arşakyan mətbuata açıqlamasında tələbi yerinə yetirməyə məcbur olduqlarını bildirib. O, kəndin Azərbaycana məxsus hissəsinin boşaldıldığını deyib.
“Artıq gəlmişik. Bizim sərhədçilər də buradadır. İndi aşağı düşürəm. Türk general gəldi, kəndi boşaltdıq. İndi harada dayanacaqlarını müəyyən edəcəklər ”.

Şurnuxuda cəmi 12 evin Azərbaycana təhvil veriləcəyi nəzərdə tutulub. Yerli sakinlər evlərin çoxunu yandırıb. Arşakyan onların daha çox Gorusa və Qafana köçdüyünü bildirib.
Şurnuxu haqda məlumatlara hələ çar Rusiyası dövründə rast gəlmək mümkündür. 1831-ci ildə kənddə cəmi 84 nəfər məskunlaşıbmış. Cümhuriyyət dönəminin sənədlərində bu yaşayış məntəqəsəində yalnız azərbaycanlıların yaşadığı qeyd olunub. Onda əhali sayı 150 nəfərə yaxınlaşıbmış.
Şurnuxu Gorus rayonunun mərkəzindən 27 kilometr cənubda, meşənin içində Qafan-Gorus magistral yolunun kənarında yerləşir. Yaxınlıqda Azərbaycanın tarixi torpaqlarından sayılan Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndləri var. Toponimlər Şurnuxunun qədim Albaniya ilə bağlılığını ortaya qoyur.

Yanvarın 4-də Ermənistan politoloqu Hrant Məlik-Şahnəzəryan Şurnuxunun ardınca daha bir kəndin Azərbaycana təhvil veriləcəyini açıqlamışdı. O, sosial şəbəkə hesabında vaxtilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisinə daxil olmuş Kərkinin geri qaytarılacağını yazmışdı. Məlik-Şahnəzəryan Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət-keçid məntəqələrinin yerləri ilə bağlı açıqlamasına diqqət çəkmişdi. Məntəqələr Rusiyanın qeyd etdiyi kimi, Arazdəyən kəndi yaxınlığında yerləşəcəksə, onda Kərki Azərbaycan tərəfdə qalır.

Qeyd edək ki, sərhədlərin dəqiqləşdirilməsi Ermənistanda etirazlarla müşayiət olunur. Baş nazir Nikol Paşinyan isə bu tədbirlərin məhz Ermənistan ərazilərinin təhlükəsizliyi üçün edildiyini demişdi. O, sərhədlər dəqiqləşdirilməyəcəyi halda Azərbaycan qüvvələrinin Gorusa girə biləcəyini demişdi. Baş nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təxminən 20 ərazi müzakirə mövzusudur.