Xəbər verildiyi kimi yanvarın 4-də Tarif Şurası benzinin və dizel yanacağının qiymətlərini artırıb.
Açıqlamada bildirilib ki, iclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Bizimyol.info xəbər verir ki, dizelin qiymətinin 33%, benzinin qiymətinin isə 11% bahalaşması çix ciddi narahatlığa səbəb olub və bununla bağı müzakirə və etirazlar davam edir.
Ölkə iqtisadiyyatında təbii qiyməti formalaşdıran bir çox sektorlar və xidmətlər var ki, bu qiymətə artımı onlara təsir edir.
Məsələn, Aİ 92 və dizel yanacağının qiymət artması daşımaçılıq (logistika xidməti), ölkədə idxal və dağıtım fəaliyyəti ilə məşğul iri şirkətlərin maya xərclərinə təsir edəcək.
Hansı ki, bu şirkətlərin xidmətləri nəticəsində bazar qiymətinə birbaşa və bilavasitə təsir edən idxalçı və dağıtım şirkətləri ya gəlirini azaltmalıdır, ya da tədricən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətini artırmalıdır. Adətən ikincinin baş vermə ehtimalı daha realdır və bu da təbiidir.
Məhz dizel yanacağının nə az, nə çox 33,3% qiymət artımı ölkənin qiymət siyasətinə təsirsiz ötüşməyəcək. Belə ki elektrik enerjisinin, ərzaq və kənd təsərrüfatı məhsullarının, eləcə də ictimai nəqliyyatda qiymətin artacağı gözlənilir. Həmçinin, devalvasiyanın olacağı ehtimalı reallaşmağa doğru gedəcək.

Tarif Şurasının qiymət artımının yanacağın keyfiyyətinə müsbət təsir edəcəyi barədə açıqlamasına münasibət bildirən iqtisadçı-ekspert Zahid Məmmədov qeyd edib ki, keyfiyyət göstəricilərini yüksəltmək qiymət artımı hesabına deyil, gərəksiz, verimsiz, şirkət daxili istehlak xərclərinin azaldılması hesabına təmin olunur.
Xatırladaq ki Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını artırarkən xidmət səviyyəsinin yüksəldiləcəyini bildirmişdi. Amma nə müntəzəm marşrut avtobuslarında, nə də metroda xidmək səviyyəsi dəyişmədi. Hələ də avtobusların və metro qatarlarının çoxunda kondisioner yoxdur, internet yoxdur. Dövrünü başa vurmuş nəqliyyat vasitələri hələ də dövriyyədədir.
Vurğulayaq ki Tarif Şurası bu qərarını açıqlayarkən qanunu da nəzərə almayıb. Belə ki “İnformasiya əldə etmək haqqında” qanuna görə (29.1.25. ) qiymətlərdə dəyişikliklərə aid informasiyalar ən azı 30 gün əvvəl açıqlanmalıdır.
Ramid İbrahimov