Ermənistanda əsl xaos yaşanır. Məğlubiyyət cəmiyyəti parçalayıb.
Baş nazir Nikol Paşinyanın əleyhdarları daha kəskin danışmağa başlayıb. Hökumət rəhbəri özünü müdafiə etməyə çalışır. Amma həm böyük itkilər, həm də sərhədlərin yenidən müəyyənləşdirilməsinə görə Azərbaycana torpaqların qaytarılması onun vəziyyətini bir az da ağırlaşdırır.

Bizimyol.info xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan xələfinin ünvanına kəskin ifadələr işlədib. O, mətbuat konfransı keçirərək torpaqların təhvil verilməsini faciə adlandırıb.
“Tələb irəli sürərək bir neçə gün vaxt veriblər. Tiqranaşen (Kərki – red.) təhvil veriləndən sonra biz Sünikə (Zəngəzur – red.) gedə bilməyəcəyik. Ermənistan respublikası Ararat vilayəti ilə bitir”.

Baqratyan Paşinyanın böyük qorxu içində olduğunu bildirib. Keçmiş baş nazir indiki hökumət rəhbərinin konkret Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qorxduğunu ifadə edib: “Paşinyan özünü qorxaq qadın kimi aparır”.
Baqratyanın proqnozuna görə, qarşıdakı aylarda Ermənistanı böyük iqtisadi böhran gözləyir. Keçmiş baş nazir ölkəni yaxşı günlərin gözləmədiyini deyib.
Nikol Paşinyan 20-yə qədər yaşayış məntəqəsinin Azərbaycana qaytarılacağını demişdi. Bu açıqlamadan sonra Ermənistanda onun ünvanına kəskin tənqidlərin sayı xeyli artıb. Ayrı-ayrı siyasətçilər açıq mətnlə Paşinyanı satqın adlandırır. Elmi fəaliyyəti ilə tanınan Baqratyanın da bu ritorikadan istifadə etməsi maraq doğurur.

Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. Bundan sonra bir il Beynəlxalq Valyuta Fondunda məsləhətçi vəzifəsini tutub. Baqratyan 2012-2017-ci illərdə Ermənistan parlamentinin üzvü olub. O, Ermənistanın müstəqilliyi dövründə baş nazir vəzifəsini tutan üçüncü şəxsdir.